Məşhurların obrazını qrimlə yaradır: “Ən çətini Kamal  Sunal və Siyavuş Aslan olub” – FOTO+VİDEObackend

Məşhurların obrazını qrimlə yaradır: “Ən çətini Kamal Sunal və Siyavuş Aslan olub” - FOTO

“Mən əslində aktrisa olmaq istəyirdim, amma valideynlərim bu sənəti seçməyimə razı olmadılar. Qrim təhsili almamışam, amma rənglərin ahəngini bilirəm. Həm də rəssamlıq qabiliyyətim var, qrim sənətinə yaxın bir sənətdir rəssamlıq. Təbii ki, təhsil alsaydım daha peşəkar səviyyədə edərdim bunları. Məsələn qrim sənətinin digər sahələri var ki, onlarla peşəkar səviyyədə məşğul olmaq istərdim. Əslində bu qrimləri 3-4 il əvvəl özüm üçün edirdim, paylaşmırdım. Gördüm ki, sonradan maraq böyükdür və paylaşmağa başladım. Hətta elə obrazlarım olub ki, atama göstərmişəm, inanmayıb ki, o  mənəm. Ən böyük istəyim və arzum aktyor sənəti ilə məşğul olub, filmlərə çəkilməkdir. Mən bilirəm ki, ona doğru gedirəm. Artıq valideynlərim də mənə inanırlar”

KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında qrim vasitəsilə bir çox obrazları yaradan Xədicə Muxtarova deyib. Xədicə deyir ki, bir çox məşhurların obrazlarını qrimin köməkliyi ilə yarada bilir.

“Pandemiya vaxtı hamı evdə idi, işsiz qalmışdı. Pandemiya bir növ bu obrazları daha geniş şəkildə üzə çıxarmağıma vəsilə oldu. Təbii ki, heç bir yer işləmirdi, əlimdə olan boyalarla, geyimlərlə bu obrazları ərsəyə gətirdim. Mən əsla sənətçilərimizin fərqli obrazlarını yaratmıram, sırf öz üz cizgilərini, obrazlarını yaradıram. Məqsədim sənətçilərimizin xatirəsini daim yaşadıb, onları yad etməkdir. Mən filmlərimizi çox sevirəm, onların yeri mənim üçün ayrıdır. Amma elə bilməyin ki, yaratdığım bütün obrazlar ürəyimcə olub. Hətta hamı bəyənib, çox tərifləyiblər, amma öz xoşuma gəlməyib. Çünki mən bilirəm ki, bu performansın daha yaxşısını göstərə bilərəm. Bəzən isti olub, qrim axıb, istədiyim kimi alınmayıb, bəzən isə obrazın ya burnu, ya da üz cizgiləri kobud alınıb. Narazı qaldığım məqamlar çox olub, həmişə özümdən razı qalmamışam” deyə Xədicə bildirib.

Bəs ən çətin obraz hansı sənətkarımızın qrimi olub? – sualına isə müsahibimiz belə cavab verib.

“Şaban obrazının ifaçısı, aktyor Kamal Sunalın qrimini etmək çox çətin idi. Çünki onun ağız hissəsinin özünəməxsus bir forması var, onu etmək mənim vaxtımı aldı. Bizim sənətçilərdən isə ən çətini Siyavuş Aslanın obrazını yaratmaqdır. Onun üzündəki qabaritləri, çıxıntıları etmək üçün həqiqətən də qrim sənəti ilə peşəkar səviyyədə məşğul olmalısan. İki dəfə etmişəm, alınmayıb. Amma bilirəm ki, üstünə düşsəm, vaxt ayırsam alınacaq. Bir də Robert Pattinsonun obrazı alınmayıb” deyə müsahibimiz bildirib.

Xədicə Muxtarova yaratdığı obrazları həmin aktyorların filmlərindəki səsi ilə dublyaj edib, sosial şəbəkə profillərində paylaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*