Millət vəkili “Azəristilik”, AMEA, Təhsil və Səhiyyə sektorunu tənqid etdi: AMEA elmin inkişafına nə verir?backend

Millət vəkili “Azəristilik”, AMEA, Təhsil və Səhiyyə sektorunu tənqid etdi: AMEA elmin inkişafına nə verir?

“2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsindən aydın olur ki, rayon və şəhərlərin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait alan rayon və şəhərlərin sayı son dərəcə azalıb. Qalan rayon və şəhərlər əsasən işğaldan azad edilmiş ərazilərdə olanlardır. Əlbəttə ki, bunu alqışlayırıq. Eyni zamanda, rayon və şəhərlərin yerli gəlirləri və həmin gəlirlər hesabına maliyyələşdirilən xərcləri barədə daha detallı məlumatların büdcə zərfinə daxil edilməsi məqsədəuyğun olardı”.

KONKRET.az xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev Milli Məclisdə “Azərbaycan Respublikasının 2022 –ci  ilin Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı etdiyi çıxışında səsləndirib. Onun sözlərinə görə, bu, bir tərəfdən, yerli gəlir və xərclərdə şəffaflıq və hesabatlılığı artırmaqla müvafiq icra qurumlarının məsuliyyətliliyinin artmasına,  digər tərəfdən, həmin rayon və şəhərlərdən seçilmiş deputatlara həmin vəsaitlərin nə qədər səmərəli istifadə olunması barədə məlumatlar əldə etməyə imkan verə bilər: “Nazirliklər öz sahələrinə əhəmiyyəti olmayan, primitiv mövzularda müsabiqə mövzusu təyin edirlər, qaliblərin seçimi də şəxsi mənafeyə xidmət edir. Əslində isə layihələr ciddi problemlərin həllinə yönəlməli, təşəbbüskarlığın inkişafına dəstək olmalı, ictimai mənafe və peşəkarlığa xidmət göstərməlidir. Nazirliklərin saytında qrantlara dair xüsusi səhifə olmalı, burada illər üzrə qrantvermə xronologiyası əks edilməli, hansı layihələrə, nə vaxt, nə qədər maliyyə ayrılması, icraçıların kimliyi, layihələrin nəticələri və problemin həllinə verdiyi dəstək şəffaf şəkildə ictimaiyyətə göstərilməlidir. Bəzi Nazirliklərin nəzdində verəcəkləri qrantları “saxta yollarla icra edən”, məqsədi ayrılan maliyyəni mənimsəmək olan “layihə qrupları” formalaşıb. Və Maliyyə nazirliyi də buna səxavətini əsirgəmir”.

Etibar Əliyev deyib ki, bu gün əhalinin büdcəsini dağıdan iki xidmət sahəsi var: Təhsil və səhiyyə. Təhsilə ayrılan vəsait 3,8 milyard manatdır. Bunun ən böyük payı, yəni 2,1 milyard manatı Orta təhsilin payına düşür: “Belə çıxır ki, cəmi bircə ilə xərclənən 200 milyon manatın nəticəsi daha effektlidir? Ali məktəblərə daxil olan abituriyentlərin demək olar ki, hamısı məktəbdən kənarda hazırlıq keçirlər. Nəticə əsaslı büdcə mexanizminə keçiddən danışırıq. Ancaq buna nail ola bilmirik. Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “digər müəssisə və tədbirlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə nazirliyindən xahiş edirəm ki, bunun açılışını bizə təqdim etsin. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxildir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-nin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat birliyinə 34,3 milyon manat borcu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantorunun o biri əminizin kantoruna borcu olduğuna görə üşüyürsünüz?. “Azərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir. 2022-ci ilin Dövlət büdcəsindən bu quruma 41,1 milyon subsidiya ayrılması nəzərdə tutulur. “Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin  16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil. Çünki 2017-ci ildən maliyyə hesabatlarını cəmiyyətə açıqlamırlar. Deyəsən əsl nəticəəsaslı büdcə budur”.

Etibar Əliyevə dəstək – Novator.az

Millət vəkili əlavə edib ki, hər il dövlət büdcəsi layihəsinin müzakirələri zamanı geniş diqqət çəkən məsələlərdən biri də elm xərclərinin məbləği ilə bağlı olur, dövlət büdcəsindən elmə ayrılan vəsaitin azlığı xüsusi narahatlıqla vurğulanır, dövlətin elmə qayğısı ilə bağlı müxtəlif ölkələrdən nümunələr gətirilir: “2022-ci ildə dövlət büdcəsindən elm xərclərinə 202.8 milyon manat ayrılır ki, bunun da büdcə xərclərində payı 0.7 faizdir (ÜDM-in 0.2 faizi qədər). Əslində indiki dövrdə bu vəsaitin çox və az olmasından daha çox, həmin vəsaitin necə istifadə olunması müzakirə edilməlidir. Məlumdur ki, bu vəsaitin böyük hissəsi (133.9 milyon manatı) Azərbaycan Milli Elmlər Akademiyasına ayrılır. Heç kəsə sirr deyil ki, bu vəsait AMEA-nın elə indiki kimi saxlanmasına sərf olunur. Elə sual da budur ki, AMEA-nın belə qalması bizə lazımdırmı? Bu gün AMEA ölkə elminin inkişafına nə verir? AMEA-da islahatlar olacaqmı? Nəticə əsaslı büdcə mexanizmlərinə keçid tələb edir ki, elmə ayrılan vəsaitlər də konkret hədəflənmiş olsun. Buna görə də Azərbaycan elminin islahatı və inkişafı sahəsində strategiyanın hazırlanmasına və məhz həmin strategiyaya uyğun elmin maliyyələşdirilməsinə ehtiyac vardır. Təklif edirəm ki, “Elm” sahəsi də, “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” ilə yanaşı nəticəəsaslı pilot layihəsinə daxil edilsin. Yaxud, heç bir perspektivi olmayan Ali Attestasiya Komissiyasının saxlanması üçün Büdcənin Ümumi Dövlət xidmətləri bölməsində 2 milyon 452.8 min manatın ayrılması nəzərdə tutulub. Dünyada belə bir qurumun analoqu yoxdur. Və bu qurumun ləğv olunması günün tələbidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*