“Xocalıda mina partlayışı o deməkdir ki, erməni separatçıları Azərbaycan ordusunun anti-terror əməliyyatı zamanı təcili bölgəni tərk edərkən çıxdıqları ərazilərdə minalar basdırıblar. Xocalı işğal dövründə təmas xəttində yerləşməyib, həmin ərazidən özləri də istifadə etdiyindən minaları Azərbaycan ordusu ilə ayırıcı ərazilərdə basdırmışdılar”.
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
“Digər tərəfdən 9 noyabr 2020-ci il bəyanatına görə rusiyalı sülhməramlılar bölgədə Xocalıda yerləşmişdilər. Rus hərbçilərinin orada olduğu müddətdə Xocalıda mina partlayışı qeydə alınmamışdı. Deməli, minalar rus hərbçiləri bölgəni tərk etdikdən sonra Xocalı ətrafında basdırılıb. Ümumiyyətlə separatçılar İkinci Qarabağ Müharibəsindən sonra da Qarabağın müxtəlif istiqamətlərində minalar yerləşdiriblər. Rusiyalı hərbçilər minaların Ermənistandan Qarabağa daşınmasında separatçılara yardım ediblər. Bunun nəticəsidir ki, 2020-ci il müharibəsinin sonundan bu yana qurbanlarımızın sayı 383 nəfərə çatıb. Ona görə də, “ANAMA”nın işi çoxdur”.
Müşviq Tofiqoğlu
KONKRET.az