Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsullarının geri qaytarılması diqqət çəkib. Rəsmi səbəb məhsulların fitosanitar normalara uyğun olmaması göstərilsə də, bu addımın siyasi məna daşıdığı ehtimal olunur. Maraqlıdır, Moskvanın bu addımı Ermənistan hakimiyyətinə siyasi mesajdırmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Moskva ilə İrəvan arasında münasibətlər müxtəlif dövrlərdə gərginləşir və Kreml bu gərginlik fonunda Ermənistana təsir göstərmək üçün əsasən iqtisadi rıçaqlardan istifadə edir:
“Rusiya diplomatik təzyiq üsullarından çox, iqtisadi təsir mexanizmlərinə üstünlük verir. Ermənistana qarşı da dəfələrlə bu üsullardan istifadə edildiyinin şahidi olmuşuq. Məhsulların geri qaytarılması da həm real səbəblərə söykənə bilər, həm də siyasi mesaj kimi dəyərləndirilər”.
Politoloqun sözlərinə görə, Moskvanın əsas hədəfi Ermənistanda yaxınlaşan seçkilər öncəsi Baş nazir Nikol Paşinyana təzyiq göstərməkdir:
“Seçkilər öncəsi Rusiya müxtəlif formalarda Paşinyana təsir imkanlarını artırmağa çalışır. Bu, yeni bir hal deyil. Bundan əvvəl də İrəvanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı Moskva Paşinyanın rəqiblərinə dəstəyi gücləndirmək üçün oxşar iqtisadi addımlardan istifadə etmişdi”.
Ekspert hesab edir ki, seçkilər yaxınlaşdıqca Kreml Ermənistan hakimiyyətinə qarşı bu tipli təzyiq mexanizmlərini daha da gücləndirəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az