“Qərb ölkələri Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində iştirakını məhdudlaşdırmağa çalışır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyir.
“Qərb Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən çıxarmağa çalışır. Bu, tərəfləri tələsik sülh sazişi bağlamağa vadar edir”, – Masyuk iddia edir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi hesab edir ki, özünü vasitəçi adlandıranların bu cür birtərəfli və səthi yanaşması işlərə köməklik göstərmir.
“Biz Bakı və İrəvanın 2020 və 2022-ci illərdə ən yüksək səviyyədə ikitərəfli sazişlər toplusu əsasında münasibətlərin tamhüquqlu hərtərəfli normallaşmasına yönəlmiş səylərini ardıcıl olaraq dəstəkləyirik. İki ölkə arasında barışıq üçün optimal yol xəritəsi məhz bu formatda hazırlanıb”, – Masyuk əmin edir.
Diplomat vurğulayır ki, Rusiya tərəfi sülh müqaviləsi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır və bu tarixi sənədin imzalanması üçün öz platformasını təklif edir.
Müşviq Tofiqoğlu
KONKRET.az