Müasir dövrün ağır cəzaları: Kimi edam edilir, kimi ömürlük məhkum olur – ARAŞDIRMAbackend

Müasir dövrün ağır cəzaları: Kimi edam edilir, kimi ömürlük məhkum olur - ARAŞDIRMA

Demək olar ki, tarixin bütün dövrlərində oğurluq, insan sağlamlığına zərər yetirmək, yaralamaq kimi qeyri insani davranışların müəyyən cəzalarla qarşısı alınıb. Qədim zamanlarda oğurluq edənlərin qolu kəsilir, daş-qalaq edilir, cinayət əməli törətmiş şəxslər edam edilirdi. Hazırda isə bu cəzalar da demək olar ki, günümüzə uyğun müəyyənləşdirilir. Bir çox ölkələr artıq edam, ölüm hökmünü ləğv edərək ömürlük həbs cəzası ilə əvəzləyib. Lakin təəssüf ki, qanun və cəzalar təkmilləşsə də, insanların pis əməllərdən uzaq durmağı üçün fürsət yaradılsa da, günümüzdə hələ də ağır cinayət əməlləri törədənlər, birdən çox insanın ölümünə səbəb olan şəxslər də az deyil.

Maraqlıdır, ölüm hökmünün ləğv edildiyi ölkələrdə qatillərə hansı cəzalar verilir? Edam cəzasının hələ də tətbiq edildiyi ölkələr də var dedik, bəs onlar bu cəzanı kimlərə verir?

KONKRET.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Avropanın sonuncu diktatura ölkəsi adlandırılan Belarus istisna olmaqla, bütün Avropa İttifaqı ölkələrində ölüm hökmü ləğv edilib. Dünyada ümumilikdə 53 ölkə ölüm cəzasını tətbiq etdiyi halda, Avropa Birliyi bu praktikanın tamamilə ləğv edilməsini istəyir. Ümumilikdə dünyada ölüm hökmünə nəzər saldıqda bu cəzanın 53 ölkənin konstitusiyasında yer aldığını, lakin onun 32-də ölüm hökmünün tətbiq olunmadığını görürük.

Ölüm cəzası necə müəyyənləşdirilir və kimlərə verilir?

Ölüm və edam cəzasının ləğv edildiyi ölkələr çox ağır cinayətlər işləmiş şəxslərə ömürlük həbs cəzası tətbiq edirlər. ABŞ, İran, İraq, Pakistan, Səudiyyə Ərəbistanı, Belarus, Hindistan, Yaponiya, Şri-Lanka kimi ölkələrdə ölüm cəzası hələ də tətbiq edilir. Çin isə ölüm cəzasını tətbiq edən və bunu gizlədən ölkələrdəndir.

Ölüm cəzasının bir neçə növü var. Bir sıra ölkələrdə aktual ölüm cəzası zəhərli iynə, elektrik stulundan istifadədir. Səudiyyə Ərəbistanında isə ən aktual cəza növü günahkarı şallaqlar, daş-qalaqlar vasitəsilə cəzalandırmaqdan ibarətdir. Şallaqların sayı isə günahın növünə görə təyin edilir. Dünyanın ən dəhşətli edam cəzası isə 2012-ci ildə Cənubi Koreyada icra edilib. Belə ki, matəm günü saymazlıq edən zabitlərdən birinə dünyada analoqu olmayan ölüm hökmü verilib. Onu yüksək bir nöqtəyə qoyaraq üzərinə top mərmisi atıblar. Məqsəd isə ölüsünün belə tapıla bilməməsi olub.

Bəzi ölkələr var ki, orada bəsit səhvlərə görə belə, rahatlıqla edam cəzası verilə bilər. Bu ölkələrdən biri də Sudandır. Burada İslam dinindən imtina edənlər ya həbs edilir, ya da ölüm cəzası ilə cəzalandırılırlar. Bu ölkədə həm də homoseksuallara qarşı da fərqli edam növündən istifadə edilir. Bu cür cütlüklərin sayının azalması məqsədilə təyin olunan edam növündə cütlüklərdən biri qarşı tərəfin gözləri qarşısında ağır işgəncələr ilə öldürüldükdən sonra o biri edam edilir.

Xatırladaq ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. 21 fevral 1998-ci ildə “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” AR qanunu qüvvəyə minib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzası ömürlük həbslə əvəz edilib.

Ölüm hökmü ləğv edilən ölkələrdə ən ağır cəzalar…

Cinayətkarın normal insan həyatından çox uzun çəkən ağır cəzalara məhkum edilməsi onların törətdikləri cinayətlərə görə tənzimlənir. Məsələn, əgər cinayət ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılırsa və məhkumun faktiki olaraq sübut olunmuş müxtəlif cinayətləri də varsa, hər bir cinayət üçün cəza formal olaraq həyata keçirilir və həbs cəzası bəzən 1000 ildən çox olur.

*Ariel Kastro, ömürlük həbs – 1000 il

Əslində məktəb avtobusunun sürücüsü işləyən və ailə başçısı olan Kastronun başqa bir siması da var idi. O eyni anda 3 gənc qızı öz evində həbsdə saxlayıb. Əsir saxladığı gənclərdən biri evdən qaçmağı bacarıb. Bu hadisənin şahidi olan başqa bir şəxs vəziyyəti polisə xəbər verib və cinayətkar yaxalanıb. Gəncləri illərdir qapalı saxladığını etiraf edən Kastro ağır cəzadan sonra özünü kamerada asaraq intihar edib.

*Bobby Joe-Long, 28 dəfə ağırlaşdırılmış ömürlük həbs – 99 il

Həqiqətən dəhşətli qətllər törədən bu şəxsin qadınlarla ciddi problemləri var idi. O, 1984-cü ildə Floridada 10 qadını qətlə yetirib. Adətən gecə klublarında işləyən və işdən sonra tək qalan qadınları izləyir, daha sonra isə onları öldürürdü. Yaxalanarkən 10 qadını vəhşicəsinə qətlə yetirdiyini asanlıqla etiraf etməsi onun cəzasını yüngülləşdirməyib.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*