Azərbaycan şou-biznesində son günlər ciddi gərginlik yaşanır. Tanınmış müğənni Nura Suriyə qarşı aparıldığı iddia olunan qara-piar kampaniyaları, sənətçilərə təzyiq iddiaları və Mədəniyyət Nazirliyinin adı hallanan proseslər gündəmin əsas müzakirə mövzusuna çevrilib. İctimaiyyət arasında geniş rezonans doğuran məsələ ilə bağlı həm sənət nümayəndələri, həm sosial şəbəkə istifadəçiləri, həm də müvafiq qurumlar diqqət mərkəzindədir.
Müğənni bir sıra iddialarla çıxış edərək, həm şəxsi təhlükəsizliyi, həm də sənət aləmində baş verənlərin kökləri barədə ciddi suallar ortaya qoyub.
KONKRET.az olaraq qalmaqalın detalları və müğənninin mövqeyi ilə bağlı Nura Surinin fikirlərini öyrəndik.
Özünəməxsus səsi və xarakteri ilə tanınan sənətçi bildirib ki, yayılan dezinformasiyalar onu susdura bilməyəcək və bütün proseslərin arxasında dayanan şəxslərin adı açıqlanmalıdır.
Müğənni qeyd edib ki, sosial şəbəkələrdə və media platformalarında onun haqqında yazılan həm mənfi, həm də müsbət fikirlərə Mədəniyyət Nazirliyi adından müdaxilə edildiyi iddiaları var:
“Qara-piar kampaniyaları gedir. Hətta haqqımda xoş söz yazanlara belə mədəniyyət nazirliyi adından zəng edib deyirlər ki, bu yazıları verməyin. Bunları yönləndirən insanlar var. Bu məsələlərin arxasında kimlərsə durur.”
Nura Suri adının hallandığı şəxslərlə heç bir əlaqəsinin olmadığını vurğulayıb:
“Vüqar Əhmədlə həyatımda bir dəfə də olsun üz-üzə gəlməmişəm. Almaxanımla da bu məsələ fonunda görüşüb video çəkmək qərarına gəlmişik. Əvvəl heç bir münasibətimiz olmayıb. Bizi heç vaxt bir yerdə görə bilməzsiniz.”
Onun sözlərinə görə, Vüqar Əhmədin adının bu proseslərdə çəkilməsi də məqsədyönlüdür:
“Bir valideyn övladının haqqını tələb edirsə, bu, alqışlanmalıdır. Vüqar Əhmədin mədəniyyət nazirliyi ilə heç bir ədavəti və asılılığı yoxdur. O sadəcə övladını müdafiə edir. Necə ki, mənim anam gündə 20-30 dəfə zəng edib “özündən müğayət ol”deyir.”
Müğənni qara-piar kampaniyalarının özünə zərər deyil, əksinə, əlavə dəstək gətirdiyini də vurğulayıb:
“Onlar mənim əleyhimə addım atdıqca haqlı olduğumu sübut edirlər. Tanımadığım insanlar belə müdafiəmə qalxdılar. Onların qara-piyarı mənim reklamıma çevrildi.”
Nura Suri ən sərt ittihamını isə Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı səsləndirib:
“Buradan açıq şəkildə bildirirəm: mənim və ya yaxınlarımın başına nəsə gəlsə, bunun günahkarı Mənzər Nurəliyevadır. Mən videomda da yazmışdım ki, baş verə biləcək problemləri indidən görürəm.”
Sənətçi bildirir ki, bu problemdən şikayətçi olan tək o, deyil:
“Videoda görünməyən, amma şikayət edən kifayət qədər müğənni var. Əgər araşdırma aparılacaqsa, hər birimiz ifadə verməyə hazırıq və dövlət qurumlarına köməyimizi təklif edirik.”
Nura Suri sonda dövlətə və ölkə rəhbərliyinə dəstəyini ifadə edib:
“Biz dövlətimizi və prezidentimizi dəstəkləyən insanlarıq. Məqsədimiz aydındır: vəzifəsindən sui-istifadə edərək digər müğənnilərə maneələr yaradan, korrupsiya hallarına yol verən bir şəxs barəsində şikayətimizi çatdırırıq.”
Aynurə İsmayıl
KONKRET.az
