“İran-İsrail müharibəsində atəşkəs əldə olundu. Müharibənin iki tərəfdən birinin geri çəkilməsi halında bitməsi mümkün görünürdü. Bu razılaşmada hər iki tərəf özünü “qalib” hesab edir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
Asif Nərimanlı
O bildirib ki, qısamüddətli müharibədə tərəflər qalib olduqlarına dair fərqli arqumentlər gətirirlər:
– Vaşinqton və Təl-Əviv məqsədlərinə nail olduqlarını, İranın nüvə proqramını məhv etdiklərini deyir;
– İran ABŞ və İsrail qarşısında dirəniş göstərdiyini, təslim olmadığını bildirir;
“Əslində hər iki tərəf qazandığı kimi, həm də itirdi. İranın zəifliyi ortaya çıxdı , “toxunulmazlıq” iddiaları alt-üst oldu. Bu zəiflik təkcə daxildə yox, bölgədə İran rejiminin mövqelərinə ciddi təsir göstərəcək. Lakin ABŞ-İsrail cəbhəsinin İran rejimini tam təslimə məcbur edə bilmədiyi də ortadadır. Nüvə potensialını tam məhv etdikləri hələ də mübahisəlidir. Rejimi dəyişdirmək iddiaları reallaşmadı. ABŞ-ın da qısa müddətli olsa belə qoşulduğu müharibədə təslim olmayan İran rejiminin dayanacağını demək çətindir, əksinə bundan geniş təbliğatda istifadə edəcəyi, xüsusilə “müqavimət oxu” adlandırdığı coğrafiyada mövqelərini bərpa etməyə çalışacağı istisna edilməməlidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az