“Müxalifət yığıncaqlarını keçirmək üçün niyə yer tapa bilmir?”backend

"Müxalifət yığıncaqlarını keçirmək üçün niyə yer tapa bilmir?"

Müsavat Partiyasının üzvləri oktyabrın 12-də keçiriləcək qurultaya hazırlıq ərəfəsində ayrı-ayrı rayon təşkilatlarının toplantılarını keçirərkən “polisin maneələri ilə üzləşiblər”.

KONKRET.az xəbər verir ki, bu barədə BBC News Azərbaycancaya Müsavat partiyası başqanının köməkçisi Gülağa Aslanlı məlumat verib.

“Polisin toplantılara müdaxiləsinin birbaşa Daxili İşlər Nazirliyindən (DİN) gəldiyini” iddia edən Gülağa Aslanlı indiyə kimi qurultaya hazırlıq prosesini həyata keçirmək üçün “yalnız 5-6 rayonda keçirilmiş yığıncağa heç bir müdaxilənin olmadığını”,-deyə o bildirib.

Partiya təmsilçisinin bu iddiası ilə bağlı Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb. Lakin Müsavat partiyasının sentyabr ayında Lənkəranda, partiya funksioneri Yadigar Sadiqlinin evində keçirdiyi yığıncaq zamanı toplantıya polis müdaxilə etmiş, gələnlənləri evə buraxmamışdı.

“Polisin müdaxiləsində zorakılığa məruz qaldığını iddia edən Gülağa Aslanlının iddialarını DİN “istisna etmişdi”.

BŞİH “Müsavat”ın yer tələbinə cavab vermir?

Müsavat Partiyasından BBC News Azərbaycancaya hələ də qurultayın keçiriləcəyi yerin bəlli olmadığını bildiriblər.

Partiya başqanın müavini Gülağa Aslanlı deyir ki, yer üçün müraciət bir həftə öncə olunub, lakin hələ cavab yoxdur.

“Biz bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət edərək qurultay üçün paytaxtda ya Rəşid Behbudov adına Mahnı Teatrını, ya da Şərifzadə adına Mədəniyyət evinin bir neçə saatlıq partiyaya verilməsinin münasib ola biləcəyini qurumun nəzərinə çatdırdıq. Laskin hələ də cavab ala bilməmişik”, – cənab Aslanlı deyib.

Məsələ ilə Bağlı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

“Polis nəzarətində və ya gizli keçirilən toplantılar”

Gülağa Aslanlı deyir ki, “partiyaya yer verilməməsi bir tərəfə, özlərinin tapıb tədbirlərini keçirdikləri yerlərə də polis müdaxilə edir”.

O, müxtəlif rayonlarda ayrı-ayrı vaxtlarda “Müsavat Partiyasının qurultayına hazırlıq toplantılarına polis müdaxilələrini bir-bir sayır”.

“Neftçala rayonunda bir mənzildə baş tutmuş yığıncağa polis maneəsi olmayıb. Lakin elə sonuncu dəfə Lənkəranda Yadigar Sadıqlının evində qurultaya hazırlıq üçün yığıncağı keçirməyə imkan vermədilər. Nəinki imkan vermədilər, üstəlik mənə qarşı zorakılıq da tətbiq etdilər. Ondan əvvəl Astarada toplantı keçirsək də, sonradan bizə rayon ərazisində yemək yeməyə imkan vermədilər, gəlib restoranın işçilərini qovdular”.

Partiya təmsilçisi may ayında Zaqatalada Müsavat başqanı Arif Hacılının qardaşının evində keçirilməli olan yığıncağın da polis tərəfindən dağıdıldığı üçün sonradan həmin toplantını “gizli keçirdiklərini” xatırladır.

O vurğulayır ki, Cəlilabad, Biləsuvarda yığıncaq keçirərkən, “polis müdaxilə etməsə də, toplantı davamlı polis nəzarətində keçib”.

“Mingəçevir, Hacıqabul rayon təşkilatları isə yer verilmədiyi və maneələr yaradıldığı üçün tədbirlərini başqa şəhərlərdə keçirməyə məcbur olub. Bütün yığıncaqlarda polis, polis maşını, mülki geyimli şəxslərin çox yaxınlıqda olduğunu, bizi nəzarətdə saxladıqlarının şahidi olmuşuq, bu isə ölkə qanunlarına ziddir”.

“Bəhanəni “kəsmək” üçün müraciət”

Gülağa Aslanlı deyir ki, Müsavat Partiyası öz yığıncağını keçirmək üçün “heç bir dövlət qurumuna müraciət etməli deyil”.

“Ancaq qanuni olmasa belə, bəhanələri kəsmək üçün Biləsuvar rayon təşkilatımız xüsusi olaraq İcra Hakimiyyətinə rəsmi müraciət etmişdi. Onlar isə yer verməkdən imtina etmişdilər”.

Partiyanın Biləsuvar rayon təşkilatının sədr müavini Yusif Mehdi də BBC News Azərbaycancaya təşkilatın Biləsuvar İcra Hakimiyyətinə rəsmi müraciət etdiyini deyib.

Avqust ayının 6-7-də Biləsuvar Rayon icra Hakimiyyətinə 40-50 nəfərlik yer verilməsi üçün müraciət etsək də, bizə həm yazılı, həm də şifahi olaraq, yer verilməyəcəyinə dair rəsmi cavab veriblər.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov BBC News Azərbaycancaya deyib ki, Müsavat partiyasının Biləsuvar rayonunda qərargahı var.

“Müsavat Partiyasının Biləsuvar Rayon təşkilatından bizə partiyaya yer verilməsi üçün rəsmi tələb daxil olmayıb”, – cənab Məmmədov əlavə edib.

“Evdə yığıncaq keçirmək çox narahatdır”

Gülağa Aslanlı yığıncaqları evdə keçirərəkən yaşadıqları çətinliklərdən gileylənir.

“Evdə yığıncaq keçirmək çox narahatdır. Sadəcə heç bir rayonda bizə şərait yaradılmaması, rayonlarda olan ofislərimiz əlimizdən alındığı üçün biz məcbur oluruq evlərdə yığıncaq keçirək”.

Gülağa Aslanlı deyir ki, hakim Yeni Azərbaycan Partiyası “onların çəkdiyi çətinliklərlə üzləşmir”. O hesab edir ki, maneələr “yalnız müxalif partiyalar üçündür”.

“Hakim partiyanın istənilən təhsil müəssisəsində belə tədbir keçirmək imkanı var, çünki YAP üçün qanunlar işləmir”.

“Bizə də doğma münasibət yoxdur”

“Yeni Azərbaycan Partiyası dövlət qurumlarına hər hansı tədbirinin keçirilməsilə bağlı müraciət etmir”, – bunu YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyir.

O, hansısa siyasi partiyanın qanun çərçivəsində keçirdiyi toplantıya hər hansı hüquq-mühafizə orqanının maneə yaratmasına inanmadığını deyir.

“Hər bir rəsmi partiya tədbir keçirmək istəyirsə, Azərbaycan hökuməti buna zamin durur. Hər hansı siyasi partiyanın normal fəaliyyəti üçün ölkədə heç bir məhdudiyyət yoxdur, bütün partiyaların siyasi fəaliyyəti üçün ölkədə şərait yaradılıb. Deyilənlər iddiadan başqa bir şey deyil”.

Hüseyn Paşayevin sözlərinə görə, Azərbaycan hökuməti müxtəlif, müxalif baxışlara sahib partiyaların olmasında maraqlıdır.

“Özünün müxalif elan etmiş siyasi partiyalar öz ətraflarına sosial baza toplaya bilmədikləri üçün fəaliyyət həyata keçirə bilmirlər. Buna görə də bütün günahları hökumətin ayağına yazmaq istəyirlər. YAP da qanunlar çərçivəsində fəaliyyət göstərir və bizə də doğma münasibət yoxdur”.

“Müstəqil Azərbaycan naminə”, “işğaldakı Azərbaycan torpaqlarının azad olunması naminə” YAP-ın hər zaman dialoqa açıq olduğunu deyən Hüseyn Paşayev təmsil etdiyi partiyanın öz qərargahını Müsavat partiyasına qurultay keçirməyə verə bilib-bilməyəcəyinə gəlincə, o deyir:

“Müsavat partiyası YAP-a müraciət edərsə, partiya bunu YAP-da kollegial müzakirə edib, münasibət bildirəcək. Buyurub müraciət etsinlər”, – partiya təmsilçisi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*