Aleksey Navalnının tərəfdarları araşdırma yayıblar. Araşdırmaya görə, işğal olunmuş Krımın Aya burnunda Rusiya Prezidenti Vladimir Putinə məxsus, təxminən 10 milyard rubl dəyərində yeni saray tikilib.
KONKRET.az xəbər verir ki, Krım işğal olunmamışdan əvvəl bu obyekt “Yanukoviçin bağ evi” adlanırdı.
2007-ci ildə bu ərazi keçmiş sovet istirahət bazası kimi Viktor Yanukoviçin ailəsinə satılıb. 2014-cü ildən sonra isə saray Putinin yaxın ətrafı ilə əlaqəli strukturların, o cümlədən Yuri və Boris Kovalçukların nəzarətinə keçib.
Araşdırmada bildirilir ki, saray “Bereg” şirkətinə məxsusdur və bu şirkət daha əvvəl Gələnjikdə inşa edilmiş “Putinin sarayı” layihəsində adı hallanan firmalarla əlaqəlidir. Layihə sənədlərində Federal Təhlükəsizlik Xidmətinin (FSO) tələbləri əks olunub. Tikinti işlərini “Kredo” şirkəti həyata keçirib, bu şirkət əvvəllər Putinin iqamətgahları ilə əməkdaşlıq edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
