Nəhəng fillər nədən qorxur?backend

Nəhəng fillər nədən qorxur?

Dünyanın ən iri canlısı hesab edilən fillər haqqında bilmədiklərimiz çoxlu məqamlar var. Ümumiyyətlə fillər haqqında bəzi miflər mövcuddur. Onların çoxu real faktlara söykənir. Məsələn, fillərin siçanlardan qorxması barədə fikirlər var. Bu barədə Roma filosofu Yaşlı Pliniy özünün “Təbiət tarixi” əsərində fillərlə siçanlar arasındakı qəribə münasibətdən bəhs edir. Zaman keçdikcə insanlar fillərin siçanlardan qorxması ilə maraqlanmağa başlayıblar. Fil və siçan obrazı nağıllarda və cizgi filmlərində daha çox təsvir edilib.

Fillər siçanlardan niyə qorxur?

Bəziləri hesab edir ki, siçan filin burnuna girərək onun nəfəs almasını çətinləşdirir. Belə bir versiya da var ki, fil yatan zaman siçan onun dabanını gəmirir. Buna görə də nəhəng fillər həmişə ayaq üstə yatmağa məcbur olur. Nəhayət, fillərin siçanların çıxardığı xışıltı səsindən də qorxduğuna dair bir fərziyyələr var. Elm adamları fillərin siçanlardan niyə qorxduğunu araşdırmağa çalışıblar. Onların tədqiqatları göstərib ki, fillərin siçanlardan qorxması sadəcə uydurmadır və bununla bağlı heç bir sübut yoxdur. Tayland Milli Fil İnstitutundan tədqiqatçı Riçard Lair əmindir ki, siçan filin burnuna girsə nəhəng heyvan onu asanlıqla çölə atar. Fillər həmişə ayaq üstə yatmırlar. 2017-ci ildə Cənubi Afrikanın Vitvatersrand Universitetinin tədqiqatçıları onların təbiətdə yuxu müddətinin nə qədər davam etdiyini öyrənmək qərarına gəliblər. Məlum olub ki, fillərə normal işləmələri üçün təxminən iki saat dincəlmək kifayətdir. Onlar nadir hallarda, təxminən üç-dörd gündə bir dəfə yerə uzanırlar. Bu vəziyyətdə isə təxminən bir saat vaxt keçirirlər. Üstəlik, yaxınlıqda səs-küy eşidəndə sakit bir yerə çəkilməyi və oyaq qalmağı üstün tuturlar. Kembric Universitetinin tədqiqatçısı Joshua Plotnick də fillərin səs-küyü sevmədiyi qənaətindədir. Buna görə də onları xəbərdar edən və əsəbiləşdirən təkcə siçan deyil.

Qaçan fillər

Fillər bəs nədən qorxurlar?

2010-cu ildə Florida Universitetinin alimləri Keniyaya səfəri zamanı Afrika fillərinin qarışqaların məskunlaşdığı ağaclardan qaçmağa çalışdıqlarını müşahidə ediblər. 2018-ci ildə Cənubi Afrikadakı Kruger Milli Parkının bioloqları aşkar ediblər ki, fillər qəzəbli həşəratların buraxdığı feromonları hiss edirlər. Fillərin bu cür qoxuyla heç araları yoxdur və buna görə də qarışqalarla təmasdan qaçmağa çalışırlar. Alimlər xüsusi qablara feromonların qarışığını yerləşdirib və fillərin yolunun üstünə qoyblar. Bunun qoxusunu alan kimi fillər oradan uzaqlaşmağa çalışıblar. Bioloqlar belə hesab edirlər ki, fillər qarışqaların dişləməsindən ehtiyat edərək onların iyi gələn tərəfə getmir. Bəzi afrikalı fermerlər fillərdən qorunmaq üçün təsərrüfatlarının yaxınlığında arı pətəkləri saxlayır. Bununla belə, alimlər hesab edirlər ki, filləri bu cür dəf etmək daha ucuz başa gəlir. Araşdırmalar sübut edib ki, fillərin siçanlardan qorxması əfsanədir, Amma bütün hallarda nəhəng heyvanların da qorxuları var.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*