Nəyə görə xarici məhsullara bu qədər aludəyik? – İLGİNC SƏBƏBLƏRbackend

Nəyə görə xarici məhsullara bu qədər aludəyik? - İLGİNC SƏBƏBLƏR

Bəlkə də dünyanın nadir xalqlarındanıq ki, sözümüzlə əməlimiz düz gəlmir. Yerindən duran ölkəmiz haqqında şeir, poema, mahnı yazır. Buna gücü çatmayansa bar-bar bağırı ki, “Azərbaycan cənnətdir, hər bir neməti dünyada əvəzsizdir” və ilaxır və s. Sözdən əmələ gələndə isə heç kim Azərbaycanda istirahət etmək istəmir, heç kim Azərbaycan avtomobilində gəzmək istəmir, heç kim Azərbaycan ərzaqlarını həvəslə almaq istəmir. Hələ geydiyimizi, taxdıqlarımızı demirəm…

Doğrudan niyə biz beləyik?!

Bu yazımda ərzaq məhsulları ilə bağlı xırda bir gəzişmə edəcəm. Heç kimə sirr deyil ki, ölkənin cənubuna gedirsən, əksər ticarət obyektlərində İran mallarıdır. Yevlaxdan o tərəfə keçirsən, Gürcüstan məhsulları gözə girir. Şimal zonasına gedirsən, Rusiya məhsulları bazarı tutub. Soruşanda da deyirlər ki, “bu məhsullar keyfiyyətlidir”. Ən maraqlısı da odur ki, ixrac olunan məhsullar yerli məhsullarla müqayisədə xeyli bahadır. Di gəl ki, alıcı qıtlığı yoxdur.

Heç uzağa getməyək. Bakıda od qiymətinə Ukrayna şirniyyatı, Rusiya kolbasa məmulatları və mineral suları satan “N” qədər mağaza var. Bərk gedən bütün şadlıq saraylarında və restoranlarda bir qayda olaraq “rossiyski vodka”lar və mineral suları at oynadır.

Məsələn, bizim “Badamlı”, “Sirab” və digər mineral suları rəqabətdə Rusiya və Gürcüstan sularına biabırçı şəkildə uduzur. Mən dequstator deyiləm. Dəqiq söz deyə bilmirəm. Amma kimdən soruşmuşamsa, mənə eyni söz deyiblər: ”Bizim “mineral su”ların hamısı Bakının zirzəmilərində doldurulur”. Bilmirəm, bu deyilənlər nə qədər həqiqətdir. Lakin vəziyyət heç də ürəkaçan deyil.

Məsələn, bu yaxınlarda ABŞ-dan bir qonağım gəlmişdi. Marketə girəndə ilk soruşduğu məhsul “Barjomi” oldu. Utandım… Dözməyib “Badamlı”nı, “Sirab”ı təklif etdim. Aldı… Amma sonrakı günlər gördüm ki, qonağım ancaq “Barjomi” içir. Və bu sətirləri yazarkən həmin qonağım “Barjomi”-nin gözündən su içmək üçün Gürcüstanda idi.

Bu azmış kimi Azərbaycanda fəaliyyət göstərən əcnəbi şirkətlərin öz tədbirlərində stollara daha çox Rusiya, Gürcüstan və hətta Avropa istehsalı olan mineral suların düzdüyünü görmüşəm.

Deməli, biz nəyisə düz eləmirik. Ya doğrudan da bizim yerli məhsullarımız aşağı keyfiyyətdədir, ya da ki, bazarlamanı bilmirik. Belə olmasa idi, özümüz də, özgələr də Rusiya, Gürcüstan və hətta İran məhsullarını bəh-bəhlə almazdıq.

İndi də gələk məsələnin rəsmi tərəfinə. Əvvələr qida məhsullarının istehsalına və istehlak bazarına bir neçə dövlət qurumu nəzarət edirdi. Amma 5 il qabaq ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Ümid etmək olardı ki, bütün nəzarət mexanizmi vahid əldə cəmləşdikdən sonra vəziyyət düzələr. Çox təəssüf ki, ötən müddətdə yaxşılığa doğru heç nə dəyişməyib. Yenə də xarici məhsullar yerli bazarda əsas paya sahibdir. Bu gün AQTA-nın nə işlə məşğul olduğunu mən bilmirəm. Bildiyimsə odur ki, bu qurum ölkə daxilindəki qida təhlükəsizliyindən daha çox xarici ölkələrdəki istehlakçıların qayğısına qalır. Hazırda AQTA kənd təsərrüfatı məhsullarının ixracında son söz yisəsidir. Onların “xeyir-duası” olmadan ixtiyari fermer bir kiloqram da olsun xaricə məhsul çıxara bilməz.

Di gəl ki, ölkə əhalisinə təklif olunan keyfiyyətsiz yerli məhsullara qarşı AQTA heç bir qətiyyət göstərmir. Belə olmasa idi, yerindən duran Gürcüstan limonadını, mineral sularını, Rusiya arağını, kolbasa məmulatlarını, İranın ədviyyatını və çərəzlərini tərifləməzdi.

Yenə qayıdıram yazının əvvəlindəki fikrimə. Bizim dediyimizlə əməlimiz qətiyyən uyğun gəlmir. Hansı dövlət qurumunun əməkdaşını dindirirsən, deyir ki, “daxili bazarı belə qoruyuruq”, “iqtisadiyyatın dayanıqlılığını belə təmin edirik”, “qida təhlükəsizliyini belə qoruyuruq”, “istehsalçılara belə dəstək veririk” filan… Di gəl ki, reallıq deyilənlərin tam əksini göstərir. Dil-boğaza qoymayan həmin məmurların heç biri evinə yerli kolbasa məmulatı, şirniyyat məhsulları, mineral sular və digər qida məhsulları almır. Çoxları kimi onlar da “import” məhsula üstünlük verir.

Görəsən, bizim axırımız necə olacaq?!..

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*