Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA — “Təqsirləri sübut edilib, amma həbs olunmurlar” (VİDEO)backend

Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA — “Təqsirləri sübut edilib, amma həbs olunmurlar” (VİDEO)

Xəbər verildiyi kimi bu il aprelin 30-da Bakıdakı “MedAura” klinikasında burun əməliyyatı keçirən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb.

Zərərçəkənin ailəsi hadisədə əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir.

“Həkimlərin təqsiri sübuta yetirilib, amma cinayət məsuliyyətinə cəlb olunmurlar”

KONKRET.az xəbər verir ki, Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli Bizim.Media-ya açıqlamasında bildirib ki, iş məhkəmədədir və ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib:

“Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva olub.

Nigar 6 aydan artıqdır ki, koma vəziyyətindədir. Biz bununla bağlı Nəsimi Rayon Prokurorluğuna müraciət etdik. 6 aydan artıq müddət keçməsinə, cinayət işi başlanmasına baxmayaraq həmin həkimlər cinayət məsuliyyətinə cəlb edilməyib. Halbuki bu iş üzrə ekspert rəyi var. Ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib”.

Vəkil bu hadisənin həkimlərinin ilk səhlənkarlığı olmadığını deyib:

“Həkimlər bir neçə dəfə bu cür hallara yol verdikləri üçün hazırda həmin klinikada çalışmırlar.

Onlar hazırda başqa xəstəxanada həkimlik fəaliyyətini davam etdirirlər. Bizim ilk tələbimiz şəxslərin yol verdiyi səhlənkarlıqla bağlıdır. İstəyirik ki, şəxslər qanunvericiliyin tələbləri əsasında cinayət məsuliyyətinə cəlb olunsun. Çünki Nigarın bu vəziyyətə düşməsinə səbəb lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevadır.

Qida qəbul edə bilmir…

Vəkilin sözlərinə görə, hazırda Nigarın müalicəsi ev şəraitində davam etsə də, durumu yaxşı deyil:

“Nigarın vəziyyətində hər hansı bir irəliləyiş yoxdur, o, özündə deyil, qida belə qəbul edə bilmir. Onun müxtəlif qida əvəzediciləri qəbul etməsi həyata keçirilir.

Kritik durum davam edir. Xəstəni yaxınları “MedAura” klinikasından sonra “Appro” hospitala, daha sonra isə “Məlhəm” klinikasına aparıblar. Xeyli xərc çəkdikləri və maddi imkanları əl vermədiyi üçün ev şəraitində ambulator qaydada müalicəsini davam etdirirlər.

Bunun üçün də Bakıda kirayə ev tutublar. Qarşı tərəf bu məsuliyyəti dərk edib yaxın dursa, mülki iddia qaydasında vurulan ziyan ödənilər və bununla da  müalicəsini tibbi yolla davam etdirmək mümkünləşər”.

Beyninə oksigen getməyib…

Məsələ ilə bağlı Yaqub Əsədi ilə əlaqə yaratmağa çalışdıq.

Yaqub Əsədinin marketinq işləri ilə məşğul olduğunu bildirən Rəna adlı xanım saytımıza açıqlamasında deyib ki, hadisə əməliyyat zamanı deyil, əməliyyatdan öncə baş verib:

“Yaqub həkim anasının vəziyyəti ilə bağlı irandadır. Qaldı o məsələyə, əməliyyat başlamamış hadisə olub. Bu dönəm ərzində həkim əlindən gələni edib. Onun işi əməliyyat etməkdir.

Əgər beyninə oksigen getməyibsə, burada artıq anestezioloq məsuliyyət daşıyır.

Deyilənə görə anestezioloq diqqət etməyib və xəstənin beyninə oksigen getməyib.

Buna görə də həkim məsuliyyət daşıya bilməz. Yaqub həkimin 22 ilik təcrübəsi var.

Bu günə qədər 100 əməliyyatdan 3-4 dənəsində problem yaranıb. Tibbdə 100 % heç nə yoxdur. Hansısa xəstədə mənfi reaksiyalar ola bilər.

Bunu xəstə özü bilərək əməliyyata girir, amma heç bir həkim də istəməz ki belə hal olsun”.

Anestezioloq Cəmilə Əliyeva ilə isə əlaqə yaratmaq mümkün olmayıb.

“Mən gələndə həkimlər göndərilmişdi”

“MedAura”nın baş həkimi Mirəzim Zaidov da məsələ ilə bağlı Bizim.Media-ya danışıb.

O, həmin həkimlərin artıq klinikada çalışmadıqlarını deyib:

“Mən bu klinikaya bir neçə aydır təyin olunmuşam. Bu həkimlərlə inanın ki salam-əleykim yoxdur. Mən gələndə bu həkimlər artıq göndərilmişdi.

Hazırda onlar burda çalışmır. Bu iş isə məhkəmədədir”, – deyə baş həkim qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*