“Nikol Paşinyan erməni xalqını qalibdən sülh dilənçisinə, indi də blokadadan çıxarmağa müvəffəq oldu”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb.
“Bəziləri üçün bu, təbii haldır. Biz əfv diləmə və dilənçilik paradının şahidi oluruq.
1993-cü ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə çətin vəziyyətə düşdü. O vaxt Ağdama, Kəlbəcərə və Araza yaxın ərazilərə nəzarət edirdik.
BMT bizi bu əraziləri Azərbaycana qaytarmağa çağırdı, amma 27 il bizim oldu.
Bu ərazilər 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə deyil, aparılan siyasət və Ermənistanın məğlubiyyəti nəticəsində düşmənə təslim olub.
Bu siyasət 9 noyabr 2020-ci ildən sonra da davam edir və buna görə də Qarabağ indi blokadadadır.
İndi Ermənistan BMT Təhlükəsizlik Şurasından qətnamə istəyir. “Kağız çömçə” həvəskarları vəcdə gəlirlər, çünki dilənçilik onların təbii halıdır.
Bütün bunların bilavasitə səbəblərini öz içimizdə axtarmaq lazımdır. Azərbaycan düşməndir, bunu başa düşmək olar.
Lakin daxildən aparılan düşmənçilik siyasəti bizim üçün anlaşılmazdır. Paşinyanın təmsil olunduğu rəsmi İrəvan Qarabağı Azərbaycanın hesab edir. Biz kimdən nə tələb edirik?”, – deyə Tevanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az