Niyə QAN AĞLAYIRIQ? – Ürəyi zəif olanlar oxumasın!backend

Niyə QAN AĞLAYIRIQ? - Ürəyi zəif olanlar oxumasın!

Eldar Sabiroğlu

Xəyali olaraq Şuşada İsa Bulağını ziyarət edirdim… Yaxşı ki, xəyallar var yenə. Hərdən itirdiyimiz torpaqları, həsrətini çəkdiyimiz doğma yurdları görürük. Yaşlandıqca uşaqlıq illərinin şirin xatirələri məni o yerlərə, həm də doğma yurduma – İrəvan mahalına tez-tez aparır və bundan ruhən təsəlli tapırdım. Ancaq son illər nədənsə “görüşümüz” az-az baş tutur. Deyəsən, küsüb kəndim məndən. Danışmaq belə istəmir.

Bircə dəfə İsa Bulağında olmuşam. M.P.Vaqifin yubiley günlərinə təsadüf edirdi. İrəvan Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin müəllim və tələbə heyəti qədim Şuşamıza gəlmişdi. Atam Sabir məni də özüylə götürmüşdü. 12 yaşında idim. Ancaq sonralar dünyanın 50-yə yaxın ölkəsində oldum. Heç birində belə bənzərsiz gözəlliyi görmədim. İndi ürəyim həm də Şuşa üçün, anama dağlardan yığıb gətirdiyim gül-çiçəklər üçün qan ağlayır.

…Köksümdə çırpınan fəryad səsi bu dəfəki xəyali səfərimdən də ayırır məni. Baxıram ki, nə Şuşa, nə də İsa bulağı var. Yanımda özüm kimi bir torpaqsızı görürəm. İlk sualı ilə sinəmə çalın-çarpaz dağ çəkir:

– Deyəsən, sən də mənim kimi yurdsuzsan? Bəs sənin doğulduğun torpaq haralardadır?!

– Harda olacaq, yağı əlində!!! Atalarımın-babalarımın yurdu bizdən üzr döndərib. Keşiyində dayana bilmədik. Əvvəllər yuxuma tez-tez gələrdi evimiz, kənd-kəsəyimiz. Zənginin sahilləri. İrəvan körpüsündən aşağı baxanda adam lərzəyə gəlirdi. Çayın gurultusu az qala şəhərin o başında eşidilirdi. Dup-duru, bulaq suyu kimi təmiz idi. Sonra şəhərin kanalizasiyasını gətirib birləşdirdilər çayın bizim kənddən keçən baş tərəfinə. Qəsdən etdilər. Beləliklə, sahilboyu Azərbaycan kəndlərini balıqsız qoydular. Zəngi mənbəyini Göyçə gölündən götürürdü. 1941-45 ci illər müharibəsində əhalini aclıq və səfalətdən Zənginin balıqları qurtardı. İndi gündüzləri o yerlərin xəyalı ilə yaşayıram ki, gecələr bəlkə yuxumda gördüm. Yox. Üzünü döndərib doğma yurd yerim.

Torpaq da bezib. Daha nə yuxularımızda, nə də xəyallarımızda dolaşmaq istəmir. Dönüklüyümüzün, vəfasızlığımızın cavabı belə də olmalıydı. Çünki məndən-səndən gördüyü etinasızlıqları neçə dəfə bağışlaya bilərdi!? İnanmır artıq. Bu biganəlik 250 ildi içimizə girib, çıxarmaq da istəmirik. Düşmən pık deyincə yollara səpələndik. Odur ki, qorxaq və cəsarətsiz övladından torpaq imdad gözləmir!!!

Qoyub gəldik buralara. Adımıza adlar qoydular. Bizsə yurda sevgi-məhəbbətimizi canavar kimi ağız-ağıza yatışan müxtəlif adlarda təşkilatlar yaratmaqda gördük. Bakıda, Şəkidə, Şirvanda haray qoparmaqla o yerlərə təzədən qayıda biləcəyikmi?

Azərbaycanın ürəyinin tac damarı Qarabağı gəlin qaytaraq, sonra gedib İrəvanı, Zəngəzuru, Göyçəni təzədən alıb qatarıq Azərbaycanın xəritəsinə. Vallahi, ermənipərəst deyiləm. Mən də sizlərdən biriyəm. Yazaq, pozaq, tariximizi yaşadaq. Ancaq öncə düşmənlə silahla savaşmağı bacaraq. Yoxsa 100 cildlik kitab nüsxələtdirək, bununla nə Qərbi Azərbaycana qayıdış arzularımızı gerçəkləşdirə, nə də Qarabağı düşmən tapdağından xilas edə biləcəyik. Erməni söz anlamır, ta başını daşla əzməyincə özünə gəlməz. 4 nədir, BMT-nin 6 qətnaməsi olsun, xeyri yoxdur…

Qarabağın qışı-soyuğu get-gedə sərtləşir. Xətir-hörmətlərini uca tutduğum insanlardan az istəmirəm gözəl Qarabağı. İsa Bulağını xəyali xatırlayarkən bayaqkı dərdli qarabağlı qardaşımın sinəsinə sıxdığı Xarı Bülbülün gözündən axan yaşı gördüm. Boynunu heç vaxt əyməzdi. Qamətini dim-dik tutardı. Bükülmüşdü bu dəfə.12 yaşında atamın mənə hədiyyə etdiyi sanki Xarı Bülbül deyildi. Bir də hansı gününə desin-gülsün, sevinsin?! Torpağı özümüzdən küsdürəndə bu çiçəyin taleyini duymalıydıq. Küsən torpaqdan həmən Xarı Bülbülü istəmək günahdı…Çox günah!!!

Heyf səndən Xarı Bülbül, heyf səndən İsa Bulağı!!! Heyf səndən Şuşa Qalası!!!

Heyf səndən İrəvan Qalası, heyf səndən Zəngi çayı!!! Heyflər səndən Dəlmə Bağları!!!

Kimlərə qaldı, kimlərə? Yox! Yox! Kimlərə buraxdıq, kimlərə!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*