Niyə uşaqlar ömürlərinin çiçək vaxtında intihar edir? – Səbəb cəmiyyətdədir, yoxsa ailədə?backend

Niyə uşaqlar ömürlərinin çiçək vaxtında intihar edir? - Səbəb cəmiyyətdədir, yoxsa ailədə?

“İnsan üçün 3 böhran yaş dövrü var: 3 yaş, 6-7 yaş, bir də yeniyetməlik yaşı, hansı ki intihara cəhd edilən dövrdü. 3 və 6 yaşda ailə münasibətlərində alınan travmalar özünü yeniyetməlik dövründə göstərir. Bunlar hansılardır? Ailənin uşağa ayıra bilmədiyi düzgün olmayan zaman, bir də ailənin uşağa əsassız davranışıdır. Baxın eqosentrizim dövründən başlayaraq, həm ailə olaraq qayda-qanunlar qoyulmalıdır, həm də eyni zamanda uşaq öz məsuliyyətinin fərqində olmalıdır”.

Bu fikirləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin psixoloqu Nigar Məmmədova TurpKimi.com-a açıqlaması zamanı səsləndirib. Yeniyetmələrin intiharı ilə bağlı saytımıza açıqlama verən psixoloq son zamanlar ən çox danışılan Elinanın intiharına da toxunub:

“Bu yaxınlarda baş verən intihar hadisəsinə nəzər salsaq, görərik ki, orda daim diqqət çəkmək, daim sevilmək istəyi var. Ümumiyyətlə, uşaqlar ölümün nə olduğunun fərqində deyillər. Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə, saytlarda kimsə öləndən sonra o qədər qabardılır ki, gənc və yeniyetmələr düşünür bəlkə nəsə olsa, ölsə hər kəs onun haqqında danışacaq, hər kəs onu dinləyəcək. Amma o fərqində olmur ki, ölümlə həyat bitir. Əslində elə düşündüyü kimi də oldu, amma Elina bunları görmədi. Nəinki Elina, o qədər bizim xəbərimiz olmadan istismar olunan uşaqlar var.

Biz hər zaman hadisələrə kənardan baxıb dəyələndirməyi sevirik və cəmiyyət olaraq da ən gözəl bacardığımız şey qınamaqdır. Amma qınamaqla biz heç nəyi dəyişə, düzəldə bilmərik. Günahkar axtarmaq əvəzinə, bir işi kökündən çözməyə çalışmalıyıq. Bu günləri hər hansı bir gülü əkmişiksə, bu gülün digərləri kimi normal yetişmədiyini görürük. Demək, həmin gül kökündən problemlidir. Ya torpağında problem var, ya da suyunu vaxtında və düzgün verməmişik. Lakin gül artıq yetişəndən sonra mən ona su töksəm də, torpağını təzələsəm də, o düzəlmir. Çünki o artıq elə formalaşıb. Ona görə də ilk olaraq ailələr uşaqları ancaq və ancaq dinləməlidir. Uşağa hirslənmək, yüngül formada irad bildirmək olar, amma qışqırıb bağıraraq yox”.

YENİYETMƏLƏRDƏ İNTİHARIN KÖKÜNDƏ DURAN SƏBƏBLƏR

Uşağın ağlamağını gözləmək lazımdır. Uşaq ağlayan zaman “sən ağlama, qışqırma, bunu eləmə” demək düzgün deyil, bu zaman uşaqda basdırılmış hisslər yaranır. Bununla biz uşağa “sən hisslərini biruzə vermə” deyirik. Amma o hisslərini biruzə verməlidir. Məsələn; ağlamağın gəlirsə ağla, səni dinləyirəm, yəni sən ağlaya bilərsən, sənin  nə hiss keçirdiyini mən başa düşürəm, səni anlayıram, sən içindəki hissini ağlamaqla biruzə ver. Uşaq sakitləşəndən sonra artıq valideyn onunla danışmalıdır: mənim sənin ağlamağımda olan səbəb nədir, sən məndən niyə incidin, mən sənə onu niyə izin vermədim, izin versəydim sənin üçün hansı ziyanlı şeylər ola bilərdi?

Qısacası, bu gün baş verən bütün ailə, uşaq, məktəb problemlərin kökündə ünsiyyətsizlik durur. Evin içində hamı bir-biriylə votsaplaşır, heç kim bir-biriylə üz-üzə söhbət etmir, əksəriyyət zombi kimi telefonun içindədir. Ata, ana telefona baxır, uşaq da həmçinin. İnandırım sizi, biz telefonu deyil, telefon bizi alır, bizi özünə əsir edir. Buna görə də bizim münasibətlərimiz itir. Biz buna görə həyəcan, stress yaşamalıyıq, çünki uşaqla danışmır, “sus, kəs, sus, kəs” deməklə uşağı susdururuq, o isə susur və kəsir. Amma zamanı gələndə uşaq içinə atdığı “sus”maqları, “kəs”məkləri, ağlamaqları, qışqırmaqları davranışlarında biruzə verməyə başlayır. Bu gün ortaya çıxan hər bir qarşıgəlmə, narahat hal vaxtında basdırılmış duyğulardır. O, ailənin sus, kəs, danışma, dinmə, ağlama, ya da qışqırma deməyindən qaynaqlanır. O vaxtında qışqırmalı, sonra həmin qışqırığının izahı verilməli və sakitləşməli idi. Onun içinə atılmış, basdırılmış duyğuları gələcəkdə stressə gətirib çıxarır və bütün orqanları, eyni zamanda hissləri və düşüncələri məhv edir. Cəmiyyətə qarşı inamsızlıq, aqressiya yaranır.

Uşaq hirslənməyi də bilməlidir, ağlamağı da. Bunlar bizim duyğularımızdır, bunları yaşamasaq, biz cəmiyyət içində insan ola, formalaşa, bişə bilmərik. Ona görə də istər uşaq, istər böyük olsun, onların hər bir kəslə ünsiyyət qurmaq, bir-birini dinləmək, anlamaq, hiss və duyğularını rahat formada yaşamasına izin vermək lazımdır. Vaxtında ağlasın ki, gələcəkdə ağlamağın əvəzinə intihara cəhd etməsin.

İNTİHAR EDƏN UŞAQLAR HANSI MESAJI VERİR?

İntihara cəhdlər əslində “məni eşit, məni dinlə, mənə zaman ayır, mənim hisslərimin fərqinə var, mən də varam” deməkdir.  Yuxarıda qeyd etdiyim kimi, nə qədər ki, basdırılmış, daxilə atılmış duyğuları uşaqda çoxaldaraq, zaman keçdikcə biz həmin diqqəti cəmiyyətdən istəməsi üçün uşağa şərait yaratmış oluruq. Bu gün səhv addım atan, gənc yaşında yaşlı adamla qaçan kəslərin çoxu evdə zaman ayrılmayan, diqqət və sevgi görməyən qızlardır. Həmin insanlar xoş sözə acdırlar və emossional boşluqda qarşılarına çıxan şəxsdən xoş sözlər eşidir və onun üçün dəhşət arzuolunan və təkrarsız bir simaya çevrilir. Bəzən insanlardan eşidirik, deyirlər bu qız özünə aid olmayan belə bir insanı necə seçib? Yəni seçdiyi insan heç də yaxşı biri deyil, kriteriyalar uyğunlaşmır, amma onunla birlikdədir, çünki kökündə yuxarıda sadaladığımız səbəblər durur. Alınmayan sevgi başqa bir obraza köçürülür. Məsələn, atadan alınmayan sevgi hansısa bir oğlanın üzərinə köçürülür. Atadan gözlədiyi sevgini oğlandan istəyir, təbii ki, o da qızın atası ola bilməz. Odur ki, oğlan bir az qayğıkeş davranmadıqda, diqqət göstərmədikdə, qız süuraltı atanı istəyir. Bu zaman qız qarşı tərəfə qıcıqlanmağa başlayır. Yəni kimisə başqa birisinin üzərinə köçürmək, qarşındakını hər hansı mənəvi boşluqdan dolayı seçmək bu gün ailə və sevgi münasibətlərində də var və çoxunun sonlanmasına səbəb olur.

Bu hallar məktəb dövründə də üzə çıxır, evdə anadan münasibət görməyən uşaq müəllimədən diqqət istəyir, ya da çoxlu dost axtarışında olur. Bunun da kökündə yenə ailənin uşağı kifayət qədər dinləməməsi, yanında olmaması durur. Uşaq içindəki hisslərini başqalarıyla bölüşməyə məcbur buraxılır.

Adətən yeniyetmələr üçün istifadə olunan bir söz var: “beyni qan”lı olurlar. Yəni  3-cü böhran yaş dövrü ən ağır və kritik dövrdür. Nəzərə alsaq ki, bu yaşda hormonal proseslər baş verir, qızlarda aybaşı dövrü başlayır, oğlanlarda hormonal olaraq səs dəyişimi, bədənin formalaşması, görüntüdə dəyişikliklər olur deyə, bütün bunlar onların kompleks yaşadıqları dövr sayılır. İntihar halları da ən çox bu dövrdə olur. Onsuz da onlar çox həssasdırlar, necə deyərlər, yanmağa hazır barıt kimidirlər. Həssas dövrdə deyilən hər hansı mənfi söz və iradlar onlara pis təsir edir. Bunu bir az valideynlər, bir az da cəmiyyət olaraq alovlandırsaq, yeniyetmələrin üzərlərinə düşsək, proses daha da ağırlaşır, onlar üçün mənfi həyat tərzinə gətirib çıxarır. Məsələn; atasının dərmanını içərək intihara cəhd edən uşaq, niyə məhz atasının dərmanını seçib? Niyə məhz görünən yerdə? Bir şeyi qeyd edim: intihar edən şəxs əgər şüurlu şəkildə həqiqətən ölmək istəyirsə, bunu o qədər gizlin, səssiz, səmirsiz, kimsə olmayan yerdə edər ki, heç kim onu görməsin, qurtarmasın, əksinə o canını qutarsın. İntiharda məntiqli cəhd edən kəslər yalnız böyüklər ola bilər. Amma özünü körpüdən atan, qatarın altına ataraq intihra edən kəslər, diqqət edin cəmiyyətə vurğu edirlər. Bu nədir? Cəmiyyəti cəzalandırmaqdır: “bax siz məni dinləmədiniz, başa düşmədiniz, mən sizi cəzalandırıram ha. Məni görün”.  Bu o deməkdir. Həqiqətən də intiharı düşünən şəxs heç vaxt cəmiyyət içində, görünən yerdə intihar etməz. Lakin cəmiyyət qarşısında intihar edənin bir tərəfi “mən intihar edəcəm” deyir, amma 90 faizi “ordan düşən kimi qaçıb məni xilas edəcəklər, mənə yazıqları  gələcək” deyə ümid edir. Bax bütün bunların kökündə ödənilməyən mənəvi tələbatlar, qarşısı alınmış duyğular və dinlənilməyən uşaqlar, çoxlu-çoxlu iradlar durur. Bu gün uşaqları intihara sürükləyən ən böyük səbəblər bunlardır.

İNTİHAR DÜŞÜNCƏSİNDƏ OLAN UŞAQLARA NECƏ KÖMƏK ETMƏK OLAR?

Uşaqlara kömək etmək üçün ilk olaraq biz hər zaman ailələri önəmli bilirik. Ən birinci ailənin onları dinləməsidir, inanın o qədər sadə bir şeydir. Gec belə olsa, neçə yaşı olursa olsun uşaq dinlənilməlidir. Uşağı valideyn dinləməsə, uşaq danışmaq istədiyini, duyğusunu cəmiyyətə deyə bilmir deyə, davranışsal olaraq göstərir. Çünki insanın hissləri düşüncəyə, düşüncə davranışa çevrilir. Kimin vaxtı varsa hisslərdən başlasın. Məsələn; bu gün siz  mənə nəsə aqressiv hərəkət edə və ya dəftəri stolun üstünə ata bilərsiniz. Mən sizə “dəftəri niyə belə atdın? Dəftərin belə atılması düzgün deyil” deyəcəm. Amma mən soruşmayacam “siz o an nə hiss edirdiniz, nə düşündünüz ki, düşüncəniz bunu hərəkətə çevirdi?”. Hərəkət ən axırıncı mərhələdir. Göstərdiyimiz hərəkət, davranış pozuntusu, qarşıgəlmə, qışqırmaq ən axırıncı mərhələdir. Bunun kökündə isə bizim əvvəldən basdırılmış hisslərimiz durur. Yəni bu gün ailələr uşaqların duyğularını “ağlama, qışqırma, sus, danışma” deyərək basdırmağa çalışır. Əksinə uşaqlara “ağla və sonra fərqinə var ki, ağladığın şey əslində ağlamağa layiq deyildi, amma sən ağlamaq istəyirdinsə ağlaya  bilərsən” deməliyik.

Çox vaxt deyirlər ki, uşağa etinasız yanaş, kənarda qal. Xeyr, onda uşaq eqoist olur. O, ağladığı, qışqırdığı zaman kənarda qalmır, sadəcə həmin an onun hisslərini yaşamasını gözləyirik, sakitləşəndən sonra qətiyyən izahsız qoymamalıyıq. Uşağı qucaqlayıb öpməzdən əvvəl birinci izah olunur, “mən səni anlayıram” deyirik və heç vaxt uşağa yuxarıdan aşağı yox, onun səviyyəsinə enib göz kontaktı qurmaq lazımdır. Yuxarıdan aşağı danışmaq hər zaman uşağa əmredici mövqedir. Şüuraltı yuxarıdan aşağını,  “ma” və “mə” inkar şəkilçisini qəbul eləmir. Şüuraltı hər zaman inkarı eşitmir. Məsələn, eləmə deyirsənsə, elə başa düşür. Ümumiyyətlə, beyin uşaqlarda elə kodlanıb. O da bizim aqressiyamızı cəzalandırmaq üçün təbii ki, davranış pozuntusu fonunda da çıxış edir.

İntiharın qarşısının alınması üçün ən birincisi uşağı dinləmək, onunla söhbət etməkdir. Valideyn münasibəti tənzimləyə bilmir, 11-12 yaşına qədər heç bir psixoloji iş görməyibsə, artıq psixoloq dəstəyi almağa məcburdur. Əmin olun ki, ona dəstək olacaq, kökünü tapacaq, hər şey həm uşağa, həm də valideynə bəlli olacaq. Çünki uşaq düşünür ki, bu dünyada ancaq təcrid olunmuş, sevilməyən, arzuolunmaz şəxs odur. Dünya bir tərəfə durub, hamı ona qarşıdır. O yalnız bunları düşünür. Amma istək və duyğular, müəyyən yaşanmış hisslər vaxtında qarşılıqlı müzakirə olunarsa, gələcəkdə intihar halları kimi mənfi formalara gətirib çıxarmaz. Əlbəttə, buna cəhd edən uşağın mütləqdir ki, hansısa doyumsuzluğu var.

İkincisi, müəllim-cəmiyyət münasibətlərində pozulmalardır. Bu gün bir uşaqda cəmiyyətdəki stressə davamsızlıq varsa, kökü ailədən gəlir. Biz nə ediriksə edək cəmiyyəti, məktəbdəki 30 uşağı, neçə illik əməkdar müəllimin xarakterini düzəldə bilmərik. Biz ancaq uşağın stressə davamlılığını artırmalıyıq: “sən sabah əsgərliyə gedəcəksən, orda komandir sənə qışqıranda ağlamalı deyilsən?! Sən artıq buna dayanıqlı olmalısan”. Necə ki bədən xəstəliyə davamlı olsun deyə immuniteti artırırıq, eləcə münasibətlərdə də immuniteti artırmaq vacibdir. Əlbəttə, bütün günü əzizlənən uşaq sabah əsgərlikdən də, Vətəni qorumaqdan, kiminləsə dost olmaqdan, kiməsə söz deməkdən də qorxacaq. Çünki bu insan özü sərbəst qərar verə bilmir, onun yerinə ancaq ailə qərar verir.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*