Nura Suri ermənini qucaqlayan Samirə Əfəndinin müdafiəsinə qalxdı – Özü tənqid olundubackend

Nura Suri ermənini qucaqlayan Samirə Əfəndinin müdafiəsinə qalxdı - Özü tənqid olundu

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndinin Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal, 12 bal verməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, müğənni Nura Suri Samirə Əfəndinin müdafiəsinə qalxaraq sosial media hesabında geniş açıqlama yayıb.

O, hazırkı siyasi kontekstdə ittihamların əsassız olduğunu bildirib:

“Hazırda ölkə başçısının siyasi kursu bölgədə sülhün təmin edilməsinə yönəlib. Bunun ən bariz nümunəsi 21–22 noyabrda erməni nümayəndə heyətinin Bakıya səfəridir. Belə həssas bir zamanda Samirə Əfəndinin beynəlxalq müsabiqədə erməni iştirakçısına verdiyi 12 bala görə məsələni şişirtmək və onu demək olar ki, “xalq düşməni” kimi təqdim etmək tamamilə yersizdir”.

Nura Suri həmçinin qeyd edib ki, Samirə Əfəndi hərbçi, müharibə iştirakçısı və qazi övladıdır, bu səbəbdən onu düşmənçilikdə suçlamaq həm ədalətsiz, həm də məntiqsizdir:

“Bu qədər şəhid və qazisi olan bir xalqın sülhə yönəlmiş addımları qeyri-adi qarşılanmamalı, humanist jestlər isə düşmənçilik kimi yozulmamalıdır. Musiqinin milliyyəti yoxdur və sənət yarışları siyasi meydan deyil”.

Onun sözlərinə görə, bu gün region üçün əsas prioritet dayanıqlı sülh, sabitlik və əməkdaşlıq mühiti formalaşdırmaqdır.

Bununla belə, sosial mediada bir çox istifadəçi məsələyə görə Nura Surini də tənqid atəşinə tutub, onun mövqeyini doğru hesab etmədiklərini bildiriblər./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*