“O qapı sənin-bu qapı mənim…” – Tanınmış həkim hökumətə ÇAĞIRIŞ ETDİbackend

“O qapı sənin-bu qapı mənim...” – Tanınmış həkim hökumətə ÇAĞIRIŞ ETDİ

Son zamanlar səhiyyəmizlə bağlı ən çox müzakirə edilən, cəmiyyəti narahat edən məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Cəmiyyətin narazılığına səbəb olan limit məsələsi, eləcə də bir çox həkimlərimizin, yüksək nəticələrlə Tibb Universitetini bitirən tələbələrin xaricə meyl etməsi Azərbaycan səhiyyəsinin gələcəyi haqqında həyəcan təbili çalır. 

Tibb Universitetinin müəllimi, farmakoloq-alim Aydın Əliyev bu və digər məsələlərə KONKRET.az-a verdiyi müsahibədə aydınlıq gətirib.

– Aydın həkim, istərdik ki, öncə yay fəslinin mövsümi xəstəlikləri və onlardan qorunmağın yolları barədə məlumat verəsiniz…

– Yay fəslində ən çox qida zəhərlənmələri, həkim dilində desək, qida toksikozuna rast gəlinir. Ayrı-ayrı qida məhsullarından, sənaye istehsalı və təbii məhsullardan düzgün istifadə etməmək, onların saxlanma qaydalarını, istehsal müddətini nəzərə almamaq – bunların hamısı qida toksikozlarının yaranmasına səbəb olur.

Yay aylarında yayılan xəstəliklərin digər bir qismi çimərliklərlə bağlıdır. Çimərliklərdəki gigiyena qaydaları qorunmadıqda, natəmiz şəraitdə dənizə girildikdə insanlar müxtəlif xəstəliklərə yoluxurlar. Yaddan çıxarmaq lazım deyil ki, natəmiz şəraitdə göbələk, bakteriya xəstəlikləri çoxalır. Biz nəinki göbələk, dəri xəstəliklərindən qorunmağa çalışmalıyıq, həm də psixoloji olaraq müsbət emosiyalar yaratmağı bacarmalıyıq. Ailədə, cəmiyyətdə, işdə müsbət emosiyalar insanı sağlam və gümrah saxlayır.

Havaların bu qədər isti keçməsi insan orqanizmində hansı xəstəlikləri yarada bilər?

– Yay aylarında ən çox rast gəldiyimiz problemlərdən biri də insanların həddindən artıq tərləməsi və soyuması halıdır. Yəni isti tər və soyuq hava təzad yaradır, bunlar bir-birini tamamlasa da, nəticədə bəzi xəstəliklər ortaya çıxır. İsti və soyuğun təzadı ən çox kondisionerli evlərdə, maşınlarda müşahidə olunur. Kondisionerlərdən düzgün istifadə etməmək də müəyyən xəstəliklərə səbəb olur. Xüsusilə immun sistemi zəif olanlar, xroniki xəstəlikləri olan insanlar yuxarıda sadaladığımız hallara diqqət etmədikdə istənilən xəstəliklər ortaya çıxa bilər.

Yay fəslində ən çox müşahidə edilən xəstəliklərdən biri də dəri xəstəlikləridir. Bəzi hallarda günəşdən dəri yanıqları əmələ gəlir. Hətta bunlar ağırlaşdıqda piqmentləşmə gedir. Yayda insanların həm özünün, həm də istifadə etdiyi əşyaların, qidaların, paltarların, ictimai yerlərin təmiz, gigiyenik olması lazımdır. Hətta mən deyərdim ki, dezinfeksiya halları qış aylarına nisbətən yayda daha vacibdir.

Tibb Universitetini yüksək nəticələrlə bitirən tələbələrin çoxu xarici ölkələrə, xüsusilə Almaniyaya üz tutur, buna səbəb nədir? 

– Bəli, Azərbaycan Tibb Universitetinin tələbələrinin əksəriyyəti xarici ölkələrə getmək istəyir. Bu da təbii haldır. Çünki xarici ölkələrdəki iş şəraiti, yüksək maaş tələbələri onları cəlb edir. Tələbələrin orada daha çox inkişaf etmək və iş imkanına sahib olmaq kimi prestijləri var. Tələbələrin xarici ölkələrə getməsinin bir ictimai-siyasi səbəbi də var. Onlar çalışdıqları ölkələrdə həm də dövlətimizi təmsil edirlər. Xətrini çox istədiyim həkimimiz Nuran Abdullayev hazırda Almaniyada böyük bir klinikanın rəhbəridir. O cümlədən, Almaniyada xarici ölkədən olan həkimlərin nisbətinə görə ən çox oraya gedən və işləyənlər bizim ATU-nun tələbələridir. Bu mənada oraya gedənləri yüksək dəyərləndirib, fəxr etmək olar.

Potensiallı həkimlərimizin ölkəmizi tərk etməsi gələcəkdə səhiyyədə peşəkar kadr çatışmazlığına gətirib çıxara bilərmi?

– Elə olacağını güman etmirəm, çünki bizim Tibb Universitetində yüksək tədris proqramları hazırlanır, yeniliklərə yol açılır. Yəni yetişdirilən hər bir tələbənin öz sahəsi üzrə peşəkar olmasına çalışılır. Lakin burada əsas məsələ tələbənin məqsədinə uyğun düşüncəsinin formalaşması və o istiqamətdə peşəkarlaşmasıdır. Həkim olmaq istəyirsənsə, bu istiqamətdə düşüncələrin olmalıdır. Yəni azad düşüncə, inkişaf, məqsəd və insan azadlığı həkim olmaq üçün ilkin şərtdir. Fikrimcə, təbiət və insan münasibətlərini qorumağı bacaran həkim həmişə uğur əldə edir. Mən 40 ildən çoxdur Tibb Universitetində işləyirəm. 1985-ci ildə SSRİ Səhiyyə Nazirliyinin “Farmkomitet”inin qərarı ilə ilk antioksidant preparatı olan “Meksidol”un həmmüəllifiyəm. Bu, mənim sahəm üzrə yeganə haldır. Mən sonradan bildim ki, o zamanlar Ulu Öndər Heydər Əliyevin Nazirlər Soveti sədrinin birinci müavini olması bu işdə rol oynayıb. Həmin illərdə səhiyyə ilə bağlı bütün işlərə Heydər Əliyevin özü nəzarət edirdi. Maraqlıdır ki, 2003-cü ildə mən həmmüəllifi olduğum həmin dərmana görə Rusiya hökuməti öz alimlərini qiymətləndirdi. Mən də öz hökumətimdən həmin qiymətləndirməni gözləyirəm.

Son zamanlar ən çox danışılan məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Buna münasibətiniz necədir, bu nə dərəcədə doğru addımdır?

– Təbii ki, bu cür limitlərin olması doğru deyil. Və birdən-birə bu sistemə keçmək hələ real görünmür. Mən bu suala geniş perspektivdən və şəxsi kontekstimdən yanaşmaq istəyirəm. Məncə, bizdə bir problemi 3-4, hətta 5-6 nazirlik və komitə həll etməyə çalışır. Bu isə məsələni hərənin bir tərəfə çəkməsinə, qarışıqlığa səbəb olur. Fikir versək, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta, Qida Təhlükəsizliyi Agentliyi, – bilmirəm, yenə də var, yoxsa yox (gülür), – sadaladığımız bu 4 qurum fəaliyyətlərini bir insan üzərində qururlar. Məncə, bu məsələlərin ümumiləşmiş şəkildə bir nazirlikdən, ya da qurumdan idarə olunması insanların problemlərinin qısa zamanda həll edilməsinə, o cümlədən, büdcəmizin qorunmasına səbəb ola bilər. Bu da hökumətin işidir. Mən bir vətəndaş, bu sahədə çalışan mütəxəssis kimi insanların hansısa problemin həlli üçün “o qapı sənin –  bu qapı mənim” gəzmələrinin əleyhinəyəm və çıxış yolunu bunda görürəm. İnsanların bir məsələ üçün ayrı-ayrı qapıları döyməsi həm ümumi ictimai işlərimizə zərərdir, həm də vətəndaşların sağlamlığına ciddi təsir göstərir. Hazırda maaş məsələlərində də narazılıqlar var. Bütün bunlar insan psixologiyasına mənfi təsir edir. Limit məsələsinə də nazirliklərin, xəstəxanaların yanaşma tərzi fərqlidir. Yəqin ki, bu məsələ dövlətin nəzarətindədir və tezliklə həllini tapacaq.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*