Azərbaycanda tibb ixtisaslı mütəxəssislərin sayının azalması ilə bağlı narahatlıqlar artsa da, terapevt Rasif Bağırov bunun real vəziyyəti əks etdirmədiyini bildirib.
KONKRET.az-a açıqlamasında o qeyd edib ki, ölkədə həkimlərin sayı kifayət qədərdir və hətta bəzi göstəricilərə görə Azərbaycan dünyada ilk sıralarda qərarlaşıb:
“Əhalinin sayına görə Azərbaycanda həkimlərin sayı bütün dünya ölkələrindən çoxdur. Hətta xaricdən də həkimlər ölkəmizə gətirilir. Demək olar ki, dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycanda həmin ölkənin klinikası fəaliyyət göstərməsin. Yəni həkim qıtlığı anlayışı mövcud deyil.”
Rasif Bağırovun sözlərinə görə, əsas problem həkim sayında deyil, ştat yerlərinin kifayət qədər açılmamasındadır:
“Əhalinin artmasına baxmayaraq, dövlət xəstəxanalarında ştatlar artırılmır. Bakı şəhərində nəzərdə tutulan 2 milyon əhali üçün olan tibbi ştatlar, hazırda faktiki 4 milyon əhali yaşayan paytaxta da eynidir. Nəticədə bir çox həkimlər işsiz qalır, məcburən özəl klinikalarda çalışır.”
Mütəxəssis əlavə edib ki, özəl klinikalar da yeni məzunları işə götürməkdə ehtiyatlı davranır, onlardan yüksək peşəkar bilik tələb olunur. Dövlət sektorunda isə həkimlər çoxlu sənəd işi ilə yükləndiyi üçün xəstəyə kifayət qədər vaxt ayıra bilmir.
Xaricə işləməyə gedən gənc həkimlərin səbəblərinə toxunan Bağırov bildirib ki, əsas motivasiya işsizlik və peşəkar imkanların məhdud olmasıdır:
“Azərbaycanda iş tapa bilməyən həkimlər alman dilini öyrənir, Gürcüstanda imtahan verib, daha sonra Almaniyaya gedirlər. Xaricdə işləmək də asan deyil, orada da imtahan verib prosesdən keçmək lazımdır.”
Onun fikrincə, tibbi sahədə real islahatlar yalnız işin təşkilindəki problemlər aradan qaldırıldıqdan sonra nəticə verə bilər.
Aynurə İsmayıl
KONKRET.az