Üzərindən 32 il ötən Xocalı soyqırımı bu il ilk dəfə olaraq faciənin törədildiyi qədim şəhərimizdə də yad edilir.
XX əsrin 92-ci ilində erməni faşistlərinin rus hərbi cinayətkarları ilə birlikdə xüsusi amansızlıqla, qəddarlıqla, vəhşiliklə dinc və günahsız azərbaycanlılara qarşı törətdikləri soyqırım Ermənistanın cinayətkar dövlət olduğunu bütün çılpaqlığı ilə dünyaya göstərdi.
Fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı elə cinayət törədilib ki, indiyədək xocalılarının tüküpərdici fəryadını, naləsini, ağrı-acısını bütün ruhumuzla hiss edirik. Güllələrin altında hara qaçacaqlarını bilməyən, erməni-rus faşistlərindən özlərini, övladlarını, əzizlərini qoruya bilməyən adamların çarəsizliyi kino lenti kimi təkrar-təkrar gözlərimizin önündə canlanır. Ata övladlarının gözləri qarşısında diri-diri yandırılır, hamilə gəlinin qarnı yarılır, körpəsi öldürülür, qaçmağa çalışan insanlar əlləri arxadan bağlı halda kütləvi şəkildə güllələnir, meyitlər təhqir olunur, evlərə od vurulur, qadınlar, uşaqlar, kişilər, qocalar əsir götürülür…
Bu, ermənipərəst Mel Gibsonun Mayya hindularından çəkdiyi “Apokalipsis” filmindən epizod deyil.
Bu, XX əsrin sonlarında bütün dünyanın gözü qarşısında yalnız Azərbaycan türkü olduqları üçün qədim Azərbaycan şəhəri olan Xocalının yerli sakinlərinə qarşı törədilmiş bəşəri cinayətin qandondurucu fraqmentləridir.
Hər il dönə-dönə təkrar edirik: Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu cinayət Qərbin demokrat adlandırdığı Boris Yeltsinin rəhbərlik etdiyi Rusiyanın 366-cı motoatıcı alayının ermənilərə köməkliyi nəticəsində baş verdi. Amma dünya birliyi “demokrat” dostuna “gözün üstə qaşın var” demədi. 20 Yanvar hadisələrindən sonra xalqımızın qəddar düşməni Mixail Qorbaçova davrandıqları tərzdə, yəni heç nə baş verməmiş kimi, hərəkət etdilər.
Xocalı soyqırımının törədilməsində yaxından iştirak edən Robert Koçaryan, Serj Sarsyan və başqa “yan”ların Ermənistanda hakimiyyətə gətirilməsinə göz yumdular, onların qanlı əllərini sıxmaqdan utanmadılar. Nəticədə öncə Ermənistan parlamenti, sonra isə irəvanlı aksiyaçılar gülləbaran edildilər. İndi İrəvan sakinləri özləri Koçaryanı, Sarqsyanı qatil adlandırırlar.
Dünya birliyi heç onu da düşünmədi ki, Xocalı soyqırımı ermənilərin “24 aprel” saxta soyqırımının üzərindən yoğun xətt çəkən bəşəri cinayətdir. Çünki özü soyqırıma məruz qalan millət digər millətə qarşı belə qanlı cinayət törətməzdi. Bu cinayətin qara ləkəsi hər zaman Ermənistanın üzərində “Domoklov qılıncı” kimi asılı qalacaq.
Tezliklə xocalıların oz dogma yurdlarına qayıdacağına şahid olacağıq. Yəqin ki, Xocalı şəhərində iri memorial kompleksinin yaradılacağını da görəcəyik. Biz Xocalı soyqırımının unudulmasına və unutdurulmasına heç bir zaman yol verməyəcəyik!
Xatirə SADİQ,
KONKRET.az