Dağıstanın Serqokalinsk vilayətinin keçmiş rəhbəri Maqomed Ömərovun oğulları Mahaçqalada terror aktından əvvəl qardaşları Osmanın qarşısını almağa çalışıblar.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda ailənin gəlini Zarina açıqlama verib.
Onun sözlərinə görə, Osmanı çox nadir hallarda görürdülər – yalnız ailəsi ilə gəldiyi valideynlərinin evində. Faciə baş verən gün isə əri və qayınları uşaqları ilə birlikdə istirahət mərkəzində olublar. İyunun 23-də əri Zarinaya zəng edərək qardaşının messencerində qəribə status gördüyünü deyib. Bundan dərhal sonra digər qardaşlar Osmanı axtarmaq məqsədilə şəhərə gediblər.
Qardaşlardan biri hətta küçə döyüşünə hazırlaşan Osmanın lap yaxınlığına qədər getdiyini deyib: “Mən ona yalvarırdım. Dedim ki, Osman, dayan, sənə yalvarıram!” Lakin o heç kimi eşitmədi. Daha sonra isə onunla telefonla əlaqəsi belə saxlaya bilmədik”
Qadın Mahaçqalada terror aktında iştirak edən Osman Ömərovun tikinti ilə məşğul olduğunu, onun radikal fikirlərindən ailədə heç kimin xəbəri olmadığını deyib. O, əmin edib ki, əgər qardaşlar ağıllarına gətirə bilsəydilər ki, bir adam terrorçu ola bilər, buna heç vaxt icazə verməzdilər.
Mahaçqala bələdiyyəsinin sosial məsələlər və təhlükəsizlik üzrə sədr müavini Bərkəkadi Məcidov isə deyib ki, Osman Ömərov heç kimin gözləmədiyi halda qatı dindara çevrilmişdi.
“İki il əvvəl saqqal saxlamağa başaldı, daha sonra evləndi və arvadına hicab geyindirdi”.
Xatırladaq ki, iyunun 23-də axşam saatlarında silahlı yaraqlılar Dərbənddə iki pravoslav kilsəsinə və sinaqoqa hücum edib, eyni zamanda terrorçular Mahaçqalada yol polisi postunu atəşə tutublar . Təhlükəsizlik qüvvələri bu terror aktlarında iştirak edən beş silahlını məhv edib.
Hadisədən bir gün sonra isə dağıstanlı terrorçular Osman və Adil Ömərovların atası Maqomed Ömərov Serqokalinski rayonunun rəhbəri vəzifəsindən azad edilib və istintaqa cəlb olunub. Dindirilmə zamanı o, etiraf edib ki, oğullarının radikal ideyalara sadiqliyindən xəbəri olub.
“Səkkiz övladımdan bir neçəsi vəhhabi idi. Qardaşım oğlu da radikalizmə meylli idi. Amma mən və ailə üzvlərimiz onları dəstəkləməmişik. Həmin oğullarım ilə ünsiyyətim olmayıb, özümün isə vəhhabiliklə heç bir əlaqəm yoxdur”
Orxan HƏSƏNLİ,
KONKRET.az