Özbəkistan ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Bürosunda təmsil olunacaq – ƏTRAFLIbackend

Özbəkistan ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Bürosunda təmsil olunacaq - ƏTRAFLI

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Bürosunda təmsil olunacaq.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, Asiya-Sakit Okean Regional Qrupuna üzv dövlətlər 2022-ci il üçün BMT İnsan Hüquqları Şurasının sədr müavini vəzifəsinə, Özbəkistanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Uluqbek Lapasovun namizədliyini yekdilliklə dəstəkləyiblər. Beləliklə Özbəkistan ilk dəfə olaraq BMT-nin İnsan Hüquqları Şurasının Bürosunda təmsil olunacaq.

Qeyd edək ki, Uluqbek Lapasovun 39 yaşı var və Səmərqənd şəhərində anadan olub. Lapasov Özbəkistan Xarici İşlər Nazirliyinin Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin və Jan Mulen-3 Universitetinin (Lion, Fransa) məzunudur. Özbəkistanın Belçika və Fransadakı səfirliklərində, respublika Xarici İşlər Nazirliyinin Avropa və NATO ölkələri ilə əməkdaşlıq şöbəsində işləyib. Lapasov 2014-cü ildən Özbəkistanın İsveçrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində çalışır. O, 2018-ci ildə daimi nümayəndə təyin edilib. BMT İnsan Hüquqları Şurasının Bürosu müxtəlif coğrafi qrupları təmsil edən bir sədr və dörd vitse-prezidentdən ibarətdir. Lapasov 56 ölkənin Asiya-Sakit Okean Regional Qrupuna daxil olan dövlətləri təmsil edəcək.

“Özbəkistan nümayəndəsinin təyin olunması respublikada insan hüquqları sahəsində aparılan genişmiqyaslı islahatların dünya ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilməsinə nümunədir. 2020-ci ildə Özbəkistan 2021-2023-cü illər üçün İnsan Hüquqları Komitəsinin tamhüquqlu üzvü seçilib və təşkilat çərçivəsində fəal iş aparır. Bu ilin oktyabrında pandemiya dövründə gənclərin hüquqlarına dair Şuranın ilk Qətnaməsi qəbul edilib və bu Qətnamə İHK-nın bütün üzvləri tərəfindən dəstəklənib. Sənədin həmmüəllifi isə 60-a yaxın dövlət olub” – deyə Özbəkistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

BMT-nin İnsan Hüquqları Şurası dünyada bütün insan hüquqlarının təşviqi və müdafiəsinə cavabdeh olan 47 dövlətdən ibarətdir. Şura insan hüquqları sahəsində diqqətini cəlb edən bütün tematik məsələləri il ərzində müzakirə etmək səlahiyyətinə malikdir. BMT-nin Cenevrədəki ofisində İnsan Hüquqları Şurasının iclasları keçirilir.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*