“Paketləri ödənişli etməyin yalnız bir məqsədi var, o da əhalidən pul qopartmaqdır” – MÖVQEbackend

"Paketləri ödənişli etməyin yalnız bir məqsədi var, o da əhalidən pul qopartmaqdır" - MÖVQE

Bu gündən etibarən Azərbaycanda marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Yeni qaydaya uyğun olaraq, polietilen torbalar ölçüsündən asılı olaraq alıcılara 1,3,5 qəpiyə satılır.

Bəs polietilen torbalara alternativ variantlar niyə təklif olunmur?

Mövzu ilə bağlı KONKRET.az Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlının fikirlərini öyrənib:


“Ümumiyyətlə, plastik qabların, polietilen torbaların ekologiyaya, təbiətə ağır və əbədi zərbə vurduğunu hər birimiz bilirik. Ancaq bunun tətbiqini məhdudlaşdırmaq üçün optimal yollar var. Biz bu barədə uzun illər danışıb, çıxış yollarını göstərmişik. Bu gün həmin paketləri ödənişli etməyin yalnız bir məqsədi var, o da əhalidən pul qopartmaqdır. Yəni burada ekologiya məsələsi öndə durmur. Əgər belə olsaydı, əvvəldən alternativ qablaşdırmaların istehsalı təşkil olunardı. Bu üsul keçən ildən tətbiq olunmalı idi. Ancaq heç bir iş görülmədi. Alternativ qablaşdırma kimi, kağız, parça paketlər, setka və şüşə qablaşdırmalar tətbiq olunmalıdır. Məsələn, şüşə qablaşdırmada aldığımız meyvə şirələrinin butulkalarını ən azı 10 qəpiyə yığan məntəqələr olmalıdr. Bu proses keçmişdə həyata keçirilib.

Dövlət bu kimi istehsal obyektləri üçün tenderlər elan etməli və müəssisələr açmalıdır. Eyni zamanda onlar ən azı 5 il müddətinə vergidən azad olunmalı, marketlərə, bazarlara ucuz qiymətə satışı təklif olunmalı idi. Alternativlər olandan sonra polietilen torbaları ödənişli etmək olardı”.

Onun sözlərinə görə, mövcud qaydalar sadəcə əhalinin xərclərinin artmasına səbəb olacaq:

“Hazırda isə insanların seçim hüququ yoxdur. Sadəcə insan mağazaya girib məhsul almaq üçün 7-8 paket götürəcəksə, 30-40 qəpik əlavə xərci çıxacaq. Bu ekologiyanın qorunmasına zərrə qədər də təsir göstərməyəcək. İnsanlar sadəcə əlavə pul ödəməklə yenə o paketlərdən istifadə edəcəklər. Burada dəyişiklik sadəcə vətəndaşın artıq xərcinin çıxmasıdır. İndiki dövrdə heç kəs yanında böyük parça çantalar gəzdirmir. Məsələn, bəzi marketlərdə 1 manat 20 qəpiyə parça paketlər satılır. Bu o deməkdir ki, 50-60 qəpik dəyərində məhsul alan insan bunun iki qatı pul ödəyərək həmin paketi almalıdır.

Ucuz qiymətə alternativ variantlar yaradılmalı və müxtəlif ölçülü parça, kağız paketlər təklif olunmalıdır. Bunun üçün də qeyd etdiyim qablaşdırma məntəqələri olmalıdır. Bəzi ölkələrdə xüsusi aparatlar qoyulur ki, insanlar istifadə etdikləri butulkaları ora yığır və onlar təkrar istehsala göndərilir. Bu gün marketlərdə nazik karton tipli paketlər var ki, qiymətləri 1-3 manat dəyərində olur. İnsalar çox vaxt bu paketləri hədiyyə üçün almalı olurlar.
Nəzərə alaq ki, onların maya dəyəri ucuzdur, tullantılardan hazırlanır. Əgər hökumətin həqiqətən də insanları, ekologiyanı qorumaq məqsədi varsa, bu məsələlər həll olunmalıdır. Əks halda polietilen torbaların pul ilə satılması heç nəyi dəyişməyəcək”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*