Hiss etdim ki, işimi yaxşı qiymətləndirəcəklər.
KONKRET.az xəbər verir ki,bunu report-a açıqlamasında Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Olimpiya Oyunlarında ən reytinqli referi adına layiq görülən Azərbaycanın beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev deyib.
O, ən yaxşı hakim seçilməsi ilə bağlı təəssüratlarını bölüşüb:
“Döyüşlər çətin keçir, çünki olimpiadada müxtəlif qitələrdən seçilmiş idmançılar iştirak edir. Təbii ki, 4 illiyin mötəbər yarışı həm idmançılar, həm də hakimlər üçün çətin olur. Yarışlar yaxşı keçdi, həyəcan, sevinc, narahatlıq – hər şey vardı. Şükürlər olsun ki, yaxşı bitdi. Daha aydın olması üçün deyim ki, mən Olimpiya tsiklində ən yaxşı hakim seçilmişəm. Hansı ki, bu tsiklə bütün qitələrin lisenziya yarışlarında, həmçinin iki dünya təsnifat turnirində iştirak daxildir. Yəni bu yarışlarda çıxış edən bütün hakimlər arasında ən yüksək balı toplayan mən oldum. Sertifikatı də mənə Parisdə təqdim etdilər. Tsikldə 100-dən çox hakim iştirak edib. Onların arasından final mərhələsində iştirak üçün 40 nəfər seçilib”.
Təcrübəli referi ən yaxşı hakimlərin ulduzlar vasitəsilə qiymətləndirildiyini söyləyib:
“Boksda hakimlər ulduzla qiymətləndirilir. Ən yaxşı və təcrübəli hakimlər üç ulduza malik olur. Mən də böyük yarışlarda iştirak edib, təcrübə yığa-yığa ən yaxşı hakimlərdən birinə çevrilmək istəyirdim. Paris-2024-də özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Həm yan, həm də rinq hakimi kimi düzgün qərarlar verdim. Boksda hakimlik subyektiv olur. Hamını razı salmaq mümkün deyil. Fikirlər müxtəlifdir deyə, hamı eyni qərarı verə bilmir. Bəzən 5 hakimdən üçünün fikri fərqli olur. Bu da onu göstərir ki, boksda seçimlər çətindir. Elə döyüşlər var idi ki, qərar verməkdə tərəddüd edirdim. Məsələn, ingilis dilində “spilt” deyilən sistem var. “Split” deyilən anda hər kəs həyəcan keçirir ki, görəsən, kim səhv qərar verib? Bütün dünyanın gözü olimpiadada olduğu üçün heç kim səhv etmək istəmir. Həmçinin bunlar boksda normal sayılır. Çünki hər hakim hərəkətlərə fərqli rakursdan baxır. Ümumilikdə bütün döyüşlər çox maraqlı və gərgin alındı. Uduzan tərəf həmişə narazı olur. Buna baxmayaraq, qərarlarımın 99 faizi düzgün idi”.
Beynəlxalq dərəcəli referi digər hakimlərdən 6 bal çox topladığını vurğulayıb:
“Yarışlardan əvvəl seminar oldu. Hər kəsə öz topladığı bal təqdim edildi. Yan hakim kimi 100 faiz, rinq hakimi olaraq 82-83 faiz düzgün qərarlar verdiyim müəyyənləşdi. Ümumilikdə 92 faiz olaraq qiymətləndirildi ki, bu da digər hakimlərdən 6 bal üstün olmağım demək idi. Sertifikatda da yüksək bacarıq göstərdiyim üçün birinci yeri tutduğum qeyd olunub”.
Qeyd edək ki, E.Qurbanəliyev Paris olimpiadasında müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub və 4 illiyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif olunub.