“Paşinyan bunu sübuta yetirməsə, “əfəndi Nikol” cavab verməli olacaq” – Qabrelyanovbackend

“Paşinyan bunu sübuta yetirməsə, "əfəndi Nikol" cavab verməli olacaq” - Qabrelyanov

“Paşinyanın giriş qadağası ilə bağlı tələsik qərarı onun Putinin marionetləri qarşısında zəiflik nümayiş etdirdiyini deməyə əsas verir. Üstəlik, bu hərəkət Simonyan və Qabrelyanov üçün yaxşı reklam oldu. İndi onlar sevinclə əllərini ovuşdururlar. Nikolun özü isə “əfəndi” ləqəbi ilə gedəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb: “Hamımız eşitmişdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı təbliğatçıların, RT-nin baş redaktoru Marqarita Simonyanın və “Life tabloid”in yaradıcısı Aram Qabrelyanovun ölkəyə girişinə qadağa qoyub. Yəni, dövlətin söz azadlığı kimi  mühüm komponentindən uzaqlaşma faktı var. Üstəlik, Paşinyanın bunu etməyə qərar verməsi xüsusilə diqqət çəkir.  Axı onun özü də hər zaman söz azadlığının müdafiəsinə qalxıb, həmişə bəyan edib ki, jurnalistlərə qarşı repressiyalar olmamalıdır. Axı vaxtilə Nikol Artaşes Geqamyanın həyat yoldaşına qarşı böhtan xarakterli material dərc etməkdə ittiham olunub. O zaman Paşinyan təkcə cərimə ilə qurtula bilməyib, bir il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Nikol “Haykakan Jamanak”da məqalələr dərc etdikdən sonra bir neçə dəfə problemlərlə üzləşib. O, anlamalı idi ki, jurnalistlərə hər hansı qadağaların qoyulması qarşı tərəf üçün əməlli-başlı piara çevrilir.  İndi Simonyan və Qabrelyanov rus tamaşaçılarına xəbər verirlər ki, “Görürsünüz, Paşinyan həqiqətdən qorxduğu üçün bizə qadağa qoyur!”. Bəli, Paşinyan daha fərqli mövqe tuta bilərdi, “it hürər, karvan keçər” prinsipi ilə hərəkət edərdi. Amma o, özü haqqında yazılanları diqqətlə izləmədi. Bu, Ermənistanın baş naziri üçün çox yanlış davranış modelidir”, – deyə erməni analitik vurğulayıb.

“Siyasi xadimin və dövlətin tənqidi fərqli şeylərdir. Simonyan və Qabrelyanov Ermənistan dövlətini tənqid və təhqir etməyiblər. Onların Paşinyana dediklərinə gəlincə, bizim mətbuatda da Rusiya prezidenti haqqında yaxşı xəbərlər yazılmır. Amma Putin bütün mənfi münasibətə baxmayaraq, hətta onu ədəbsiz adlandıranlara də Rusiyaya girişi qadağan etmir. Yeri gəlmişkən, Qabrelyanov artıq hakimiyyəti məhkəməyə vermək qərarına gəlib və Ermənistanda tanınmış vəkil Aram Vardevanyana müraciət edib. Qabrelyanovun ikinci iddiası Paşinyana qarşı qaldırılıb – “əgər o mənim Ermənistanda Zəngəzur dəhlizinin yaradılmasını tələb etdiyimi sübuta yetirməsə, o zaman “əfəndi Nikol” cavab verməli olacaq”. Yəni Nikol indi hər yerə “Əfəndi” ləqəbi ilə gedəcək. Simonyan da onun adını belə qoyub. O, hələ ki, məhkəməyə müraciət etməyib, amma eyni yolu gedəcək. Paşinyan indi təkcə rusların deyil, həm də hakimiyyətlə münaqişələrdə daima mətbuatın tərəfini tutmağa adət etmiş avropalıların gözünə necə baxacaq?!” – Qriqoryan bildirib.

“Ən əsası isə ölkənin  iqtisadiyyat naziri Vaan Kerobyanın səsləndirdiyi fikirlərdir. O, bəyan edib ki, 2022-ci ildə Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi təxminən 320 milyon dollar təşkil edib. Amma burada söhbət əsasən idxaldan gedir. Çünki türklər öz məhsullarını bizə göndərirlər və hakimiyyət onlara qadağa qoymur. Türkiyə isə Ermənistan malları üçün sərhədi bağlı saxlayır. Hakimiyyətin belə bir uyğunlaşmaya razılığını necə adlandırmaq olar? Burada Paşinyanı və onun bütün komandasını “əfəndi” adlandırmaq lazımdır”, – deyə Qalust Qriqoryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*