“Paşinyan nə Moskvada, nə Davosda, nə də başqa yerdə problemin həlli üçün fürsət axtarmır” – Matevosyanbackend

"Paşinyan nə Moskvada, nə Davosda, nə də başqa yerdə problemin həlli üçün fürsət axtarmır” - Matevosyan

“Davosda keçiriləcək forum iqtisadi gündəmlə yanaşı, regionun üç ölkəsinin liderlərinin görüşü üçün platformaya çevrilə və Cənubi Qafqazda gərginliyin azaldılmasına töhfə verə bilərdi”.

KONKRET.az xəbər verir ki, bu barədə beynəlxalq müşahidəçilər fikir səsləndirirlər. Belə ki, Ermənistanın baş nazirinin Davosda keçiriləcək Dünya İqtisadi Forumuna getməmək qərarı Azərbaycanla hipotetik söhbət və ölkənin iqtisadi imkanlarının dünyaya təqdim olunması kontekstində müşahidəçilərin diqqətini çəkib.

Beynəlxalq ekspertlərə görə, Azərbaycan Prezidentinin Davosa getdiyini nəzərə alsaq, Ermənistan Baş nazirinin bundan imtina etməsi, Qarabağ ətrafında gərginliyin dərəcəsini azaltmaq fürsətini əldən verməsi deməkdir. Nəticədə, İsveçrədə keçirilən forum çərçivəsində İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə regionun sülh yolu ilə inkişafı mövzusunu müzakirə edib.

Ermənistanın yerli ekspertləri isə öz nağıl dünyalarında gəzərək məsələni fərqli kontekstdə şərh etməyə çalışırlar. Belə ki, politoloq Benyamin Matevosyan Ermənistan hakimiyyətinin Qarabağ məsələsində Vaşinqtonun planını qəbul etdiyini, bu səbəbdən də Azərbaycanla başqa məkanlarda danışıqlar aparmaqda maraqlı olmadığını əsas gətirir. Matevosyanın sözlərinə görə, Paşinyan və komandası ölkənin maraqlarını nəzərə almağı dayandırıb və gərginliyi azaltmaq üçün Azərbaycanla danışıqlar aparmaq fürsəti onlar üçün cəlbedici deyil. Eynilə, xarici işlər naziri Ararat Mirzoyan dekabrın sonunda rusiyalı və azərbaycanlı həmkarları ilə üçtərəfli görüş üçün Moskvaya gedə bilərdi. Lakin Mirzoyan görüşdən imtina etdi və bu səbəbdən vəziyyəti yaxşılaşdıra biləcək hansısa kompromis əldə etmək şansını itirdi:

“Fakt budur ki, Paşinyan nə Moskvada, nə Davosda, nə də başqa paytaxtlarda problemin həlli üçün fürsət axtarmır. O və tərəfdaşları həll yolunu başqa yerdə – Vaşinqtonda görürlər. Paşinyan hətta Praqa bəyanatı əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Amma bu bəyanat da öz növbəsində Vaşinqtonun planına əsaslanır.Bu o deməkdir ki, hakimiyyət amerikalıların himayəsi altında danışıqlar aparmaq istəyir və onları başqa bir şey maraqlandırmır”, – Matevosyan bildirib.

“Amerika planı Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını, “Artsax”ın tamamilə ləğv edilməsini nəzərdə tutur. Ermənistan tərəfinin Amerikanın himayəsindən “asılılığı” o qədər göz qabağındadır ki, bu barədə açıq danışmağa gərək qalmır. Bu planın hipotetik şəkildə həyata keçirilməsi istər-istəməz Ermənistan hakimiyyəti üçün şəxsi təhlükəsizlik təminatları məsələsini aktuallaşdıracaq. Və onlar bu zəmanətləri yalnız amerikalılardan ala bilərlər. Vaşinqtonun planının son məqsədi Rusiya sülhməramlılarının çıxarılmasına nail olmaqdır. Sonradan Ermənistanda Rusiya hərbi bazasının olmaması məsələsi də ortaya çıxacaq. İrəvan artıq qlobal anti-Rusiya kursunu müəyyənləşdirib”, – Matevosyan vurğulayıb.

İqtisadçı Armen Ktoyan isə İrəvanın müxtəlif istiqamətlərdə fəaliyyətini və beynəlxalq formatlarda iştirakını vacib sayır. Erməni ekspertin fikrincə, iqtisadi baxımdan beynəlxalq forumların faydası yalnız uzunmüddətli perspektivdə mümkündür. Lakin bu, forumlarda iştirak etməmək anlamına gəlməməlidir, əksinə, fəallıq nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Xatırladaq ki, Ermənistanın baş naziri Davos Forumunda yalnız 2019-cu ildə iştirak edib. Bu il isə Ermənistan forumda president səviyyəsində təmsil olunub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*