Ermənistan Avropa İttifaqına üzv olmaya bilər, lakin bütün sahələrdə Avropa standartlarının tətbiqi İrəvan üçün prioritet olaraq qalır.
KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.
“Cəmiyyətdə Aİ üzvlüyünün Ermənistan üçün nə dərəcədə real və ya qeyri-real olması ilə bağlı çoxlu müzakirələr gedir. Hökumət və siyasi çoxluq deyir ki, bizim məqsədimiz bütün sahələrdə Aİ standartlarına nail olmaqdır. Bu, ən vacibdir, çünki çoxları bunda geosiyasi mülahizələri görür”, – Paşinyan Ermənistan Demokratiya Forumunda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, demokratik islahatların növbəti mərhələsi İrəvanın Avropa dəyərlərinə qeyd-şərtsiz və qəti sadiqliyinin rəsmi təsdiqi olacaq.
2025-ci il martın 26-da Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. Aprelin 4-də prezident bunu imzalayıb. Paşinyan vurğulayıb ki, Ermənistan Aİİ və Rusiya ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil, iqtisadiyyatı şaxələndirməyə və Avropa İttifaqı ilə ticarəti genişləndirməyə çalışır.
Müşviq Tofiqoğlu
KONKRET.az