Paşinyanı xalqının üzünə tüpürməyə nə vadar edir? – ŞƏRHbackend

Paşinyanı xalqının üzünə tüpürməyə nə vadar edir? - ŞƏRH

Son bir ayda baş verənlər böyük materiyadan, böyük erməni dəyərlərindən danışan və özünü ermənilərin xilaskarı sayan Nikol Paşinyanın maskasını düşürdü. Və bəlli oldu ki, sadə ermənilərin nəinki düşüncələri, qayğıları, heç həyatları da Nikolun vecinə də deyil.

Onun əsas hədəfi ağalarına (ABŞ, Rusiya, Avropa dövlətlərinə) sonsuz sədaqətini sübut etmək və qamarladığı siyasi hakimiyyəti onların hesabına ən azı 10 il müddətinə sürdürməkdir. Bunun üçün Paşinyan hələ çox rəzilliklərə imza atacaq. Baxmayaraq ki, bu günədək etdikləri də onun ən ağır cəza almasına bəs edir. Görün, bu varlıq insani hisslərini nə qədər itirib ki, əsir düşən, ölən soydaşlarını taleyin ümidinə buraxıb. Ancaq ağalarının qarşısında quyruq bulayır.

Xatırinizdədirsə, bir neçə gün əvvəl  Hadrutda əsir düşən 84 yaşlı Mişa Melkumyan Ermənistana geri dönmək istədiyini bildirdi. Lakin Paşinyanın sadist siyasi hakimiyyəti bu ahıl insanın son arzusunu gözündə qoydu. Ermənistanın hüquq-müdafiəçisi Arman Tatoyan bildirib ki, o, Azərbaycan tərəfinin açıqlamasından sonra ölkəsinin müvafiq orqanlarına sorğu göndərib. A.Taroyanın sözlərinə görə, qarşı tərəf M.Melkumyanın xəstə olması ilə əlaqədar onu qəbul etməkdən imtina edib (bəyəm xəstə insan vətəndaş deyil?).

Hüquq müdafiəçisinin insanlığa sığmayan bu sözləri əslində Ermənistanın vətəndaşlarına göstərdiyi qeyri-insani münasibətin bariz nümunəsidir. Bu acı xəbəri eşidən Melkumyanın ürəyi dözmədi. Bakıda əbədi olaraq bu fani dünyaya gözlərini yumdu. Hələ bu harasıdır?! Paşinyanın sərsəm ideyaları və siyasi hakimiyyəti uğrunda ölənlərin nəşinə də Ermənistanın hərbi-siyasi hakimiyyəti sahib çıxmaq istəmir. Bununla da Nikol diri ermənilərin üzünə, ölülərin isə ruhuna tüpürmüş oldu. Bəs, görəsən, ermənilər nəyə görə Paşinyanın qeyri-insani hərəkətlərinə göz yumur? Bunu anlamaq bir qədər çətindir. Amma bəzi mətləblər aydındır.

Birincisi, Ermənistanın hərbi-siyasi hakimiyyəti ölmüş hərbiçilərin meyitlərini geri almaqdan qorxur. Çünki meyitlərin sayı bir deyi, beş deyil, yüzlərlədir. Bu qədər meyitin birdən birə Ermənistana gətirilməsi ölkədə ciddi ajiotaj və panika yarada bilər. Bu isə Paşinyanın sonunu sürətləndirmiş olar.

İkincisi, Paşinyan hakimiyyəti ölmüş hərbiçilərin nəşindən də siyasi dividend əldə etmək istəyir. Min bir bəhanə ilə meyitləri almaqdan qaçan Nikol dünya ictimaiyyətinə bildirmək istəyir ki, Azərbaycan qeyri-humanist mövqe tutub. Meyitləri geri vermək istəmir.

Baxmayaraq ki, bir-neçə gün əvvəl Respublika Prezidenti İlham Əliyev çox böyük humanistlik göstərərək meyitlərin birtərəfli qaydada Ermənistana təhvil verilməsinə Azərbaycanın hazır olduğunu söylədi. Qəribə burasıdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də, digər dövlətlər də, hətta Beynəlxalq Qırmızı Xaç Təşkilatı da Azərbaycan Prezidentinin bu humanizmi qarşısında səssiz qaldı. Bu səssizliksə başa düşüləndir. Çünki yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz xristian dövlətlərinin, eləcə də onların sözdə humanitar təşkilatı olan Qırmızı Xaçın da məqsədi Qafqazda sülhün, əmin-əmanlığın təntənəsi deyil, əksinə, bu bölgədə xaos, qarşıdurma yaratmaqdır.

Məhz bu halda bu dövlətlər öz siyasi məqsədlərinə çata bilər. Belə olmasa idi, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və Beynəlxalq Qırmızı Xaç Təşkilatı hər iki tərəfin insanlarının heysiyyatı ilə oynamazdı. 30 ildə “atəşkəs” adıyla iki qonşu dövləti biri-birinə qırdırmazdı. Ən pisi də odur ki, bu çirkin oyunda böyük dövlətlərin tək maşası Ermənistan dövləti və onun ideya rəhbərləridir. Yoxsa Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemi 30 il dondurulmuş vəziyyətdə qala bilməsdi. Belə olmasa idi, bu gün Qarabağda silahlar danışmazdı. Belə olmasa idi, son bir ayda Minsk qrupunun həmsədr ölkələri nəhayət hərəkətə keçər, problemin həlli üçün konkret təkliflərlə çıxış edərdi. Amma nə yazıq ki,  “atəşkəs” oyunu yenə də çirkincəsinə davam etdirilir. Son 20 gündə böyük dövlətlərin iştirakı ilə tərəflər arasında 4 görüş keçirilib. Amma ortada  konkret heç bir nəticə yoxdur. Əminəm ki, olmayacaq da. Nicatımız yalnız Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandandır.

Amma biz həqiqətləri dönə-dönə, bağıra-bağıra deməliyik. Bəlkə dünyanın kar qulağı, kor gözü açıla və nəhayətdə Azərbaycan həqiqətlərini bütün sivilizasiya bilə və insanlığa dəstək verə. Bu gün ABŞ da, Avropa da, Rusiya da, hətta Beynəlxalq Qırmızı Xaç Təşkilatı da Qarabağda siyasi manipulyasiya ilə məşğuldur. Bu manipulyasiya bütün sahələrdə gedir.

Birincisi, Azərbaycanın ədalət mübarizəsinə bu dövlətlər və bu təşkilatlar hər vasitə ilə əngəl olur. Hər vəhclə müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünü durdurmağa çalışır.

İkincisi, bu dövlətlər və bu qurumlar Ermənistana, yəni işğalçı dövlətə “dur” demək əvəzinə hər vasitə ilə ona yardımçı olurlar. Hansısa dövlət İrəvana pulsuz silah göndərir, hansısa dövlət vəsait göndərir, hansısa dövlət muzdlu döyüşçü göndərir.

Üçüncüsü və ən dəhşətlisi ABŞ, Avropa, Rusiya  və Qırmızı Xaç Təşkilatı (hələ BMT-ni demirəm) erməni və azərbaycanlıların heysiyyatı ilə oynayır. Döyüş bölgəsində həyatlarını itirən insanların dəyişdirilməsinə müxtəlif bəhanələrlə əngəl törədilir. Azərbaycan tərəfi təklif edir ki, gəlin müharibə zonasından kənarda, Tovuz–Qazax bölgəsində meyitlərin dəyişdirilməsini həyata keçirək. Amma böyük dövlətlər və beynəlxalq təşkilatlar bu təklifi bir mənalı şəkildə rədd edirlər. Deyirlər ki, meyitlərin və əsirlərin dəyişdirilməsi döyüş bölgəsində aparılmalıdır. Sonda da bunu Ermənistan tərəfinin rəsmi mövqeyi kimi təqdim edirlər.

Əslində, məqsəd bəllidir. Mübadilə adıyla bir müddət süni atəşkəs yaratmaq istəyən dövlətlərin əsas hədəfi Ermənistana özünəgəlmək və yenidən silahlanmaq fürsəti verməkdir. Onları bölgədəki nə ölülər, nə də dirilər maraqlandırır. Onları öz eqolarından başqa heç nə düşündürmür. Öz eqolarını sürdürmək üçünsə Ermənistan kimi dövlətlərdən maşa kimi istifadə edilir. Bundan isə ən çox ziyan görən Azərbaycan olur. Amma Ermənistanın da bir şey qazandığını görmürük…

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*