Rusiya prezidentinin köməkçisi, Dəniz Kollegiyasının sədri Nikolay Patruşev Avropa ölkələrini Rusiyaya qarşı mümkün dəniz blokadası planlarında ittiham edib və belə addımların cavabsız qalmayacağını bildirib.
Onun sözlərinə görə, NATO Rusiyaya məxsus ticarət gəmilərinin ələ keçirilməsi, Kalininqrad vilayətinin blokadaya alınması və sualtı kommunikasiya xətlərinə qarşı diversiya ehtimallarını nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, Patruşev bildirib ki, belə ssenari baş verərsə, Rusiya Hərbi Dəniz Qüvvələri blokadanı aradan qaldırmağa hazırdır./
“Avropa bayraqları altında üzən çoxlu sayda gəmi var. Onların nə daşıdığı və hara getdiyi bizə də maraqlı ola bilər”, – deyə o, müsahibəsində vurğulayıb. Patruşev dəniz blokadasının beynəlxalq hüquqa zidd olduğunu iddia edib.
O, əlavə edib ki, Moskva ilk növbədə vəziyyəti Avropa İttifaqı ilə diplomatik yollarla həll etməyə çalışacaq. Lakin sülh yolu nəticə verməzsə, Rusiya donanmasının blokadanı “yaracağı və aradan qaldıracağı” qeyd olunub.
Patruşevun fikrincə, Baltik regionunda vəziyyət gərginləşir və alyans ölkələri hücum xarakterli çoxmillətli hərbi qruplaşma formalaşdırır. O, xüsusilə Finlandiya tərəfindən zərbə silahları ilə təchiz olunan yeni korvetlərin alınmasını misal göstərib.
Eyni zamanda, Bloomberg agentliyinin yaydığı məlumata görə, Münhen Təhlükəsizlik Konfransı zamanı Böyük Britaniya Silahlı Qüvvələrinin rəhbəri Riçard Nayton Rusiyanın “kölgə donanmasına” qarşı tədbirlər, o cümlədən tanker əməliyyatları variantlarını təqdim edib. Müzakirələrdə Şimali Atlantika və Baltik regionu üzrə öhdəlikləri olan 10 ölkənin nümayəndələri iştirak edib.
Bildirilib ki, ilin əvvəlində Böyük Britaniya və ABŞ Şotlandiya sahilləri yaxınlığında Rusiya bayrağı altında üzən tankerə qarşı əməliyyatda iştirak edib. Gəminin ABŞ sanksiyalarını pozduğu iddia olunub. Daha sonra Fransa da Murmanskdan yola çıxdığı bildirilən başqa bir tankeri saxlayıb.
Rəsmi Moskva bu addımları Rusiyanın iqtisadi maraqlarına zərbə kimi qiymətləndirir və əsas dəniz istiqamətlərində güclü hərbi iştirakın zəruri olduğunu vurğulayır.
Müşviq Tofiqoğlu
KONKRET.az
