ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ətrafında səs-küy səngimək bilmir. Onun Azərbaycana qarşı ikili standartlardan çıxış edən mövqeyi isə birmənalı qarşılanmır. Pelosinin Azərbaycanı Ermənistan ərazisinə hücumda ittiham etməsini isə hadisələrin pik nöqtəsi saya bilərik. Hazırda ABŞ Nümayəndələr Palatasının spikeri Konqresin Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlamaqla məşğul olduğunu deyib. Maraqlıdır, görəsən hazırlanan qətnamənin Azərbaycana qarşı nə kimi təsiri ola bilər? Azərbaycan Pelosinin ikili mövqeyi ilə bağlı ABŞ-a etiraz edə bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ Konqresində Azərbaycan və Türkiyə əleyhinə qətnamələri yalnız bir neçə şəxs tərtib edə bilir: “Çünki bu şəxslər ya ABŞ Konqresinin xarici siyasəti ilə məşğul olurlar, ya Ermənistan-Azərbaycan dostluq qruplarının, ya da insan haqqları ilə bağlı hər hansısa bir komitənin üzvləridirlər. Nensi Pelosi isə sadalanan bu kateqoriyaların heç birinə aid şəxs deyil. Bu o deməkdir ki, qətnamənin həmmüəllifi kimi Nensi Pelosi özünün müstəqil deyil, birbaşa erməni pozisiyasında olduğunu qanuni səviyyədə təsdiqləyəcək. Pelosi bundan qorxmasa da, istənilən halda biz onun fikirlərini müzakirəyə çıxara biləcəyik. Çünki onun səlahiyyət və öhdəlik məsuliyyətləri lobbiçilik fəaliyyətinə icazə versə də, təbliğatına qadağa qoyur. Pelosinin Ermənistana səfəri etnik bir qrupun aid olduğu dövlətlə ABŞ-ın münasibətlərinin yaxşılaşdırılmasına hesablanaan tədbir çərçivəsində reallaşıb. Yəni bu, rəsmi yox, QHT dəvəti ilə reallaşan səfərdir. Digər maraqlı məqam isə bu səfərin maliyyələşməsi ilə bağlıdır. ABŞ dövləti Pelosinin Tayvana səfərini maliyyələşdirsə də, Ermənistana gəlişi ilə bağlı adekvat addımı atmayıb. Ermənilər bu səfərin Amerika dövləti adından gerçəkləşdiyini göstərməyə çalışsalar da, bu, baş tutmadı. Yəni ABŞ dövləti bundan imtina etdi. Daha sonra ermənilər Pelosinin İrəvana səfərini guya Ermənistan dövlətinin maliyyələşdirdiyi haqda görüntü yaratmağa çalışdılar. Lakin onların bu planı da fiaskoya uğradı. Pelosinin Ermənistana səfəri iki istiqamətdən maaliyyələşib. Çəkilən 120 milyon ümümi xərcin 50 milyonu Amerikanın “Demokrat” partiyasına birbaşa ianədir. 25 milyon məhz Pelosinin 72 saatlıq uçuş və təhlükəsizlik xərclərinin təmin edilməsi üçün xərclənib. 15 milyon isə Erməni Milli Assambleyasının üzvü olan bir QHT tərəfindən verilib. Yerdə qalan 30 milyon isə erməni lobbisinin adının açıqlanması uyğun olmayan iki QHT-si və bir fərdi şəxsi tərəfindən ödənilib. Yəni ümumi olaraq Pelosinin səfərinin xərclərinin ABŞ hökumətinə heç bir dəxli yoxdur. Hamısı erməni lobbisi tərəfindən ödənilib”.
Politoloqun sözlərinə görə, Pelosinin Ermənistana səfəri haqda ABŞ-da elan gedən zaman onun İrəvana gəlişinin məqsədi haqda səsləndirilən fikirlər, Nümayəndələr Palatasının spikerinin öz açıqlaması və İrəvandakı çıxışı ilə tam ziddiyyət təşkil edir: “Pelosi bilirdi ki, İrəvanda etdiyi çıxışa görə, Konqres tərəfindən hədəfə götürülə bilər. Çünki bir nəfərin Konqres yaxud Nümayəndələr Platası adından danışmağa ixtiyarı yoxdur. Pelosi yalnız təmsil etdiyi Kaliforniya ştatının adından fikir səsləndirə bilər. Onun Ermənistana səfəri bir siyasətçinin seçki ərəfəsi özünün və partiyasının maraqlarını təmin etməsi üçün lobbi qrupun sifarişi əsasında baş tutub. ABŞ-ın Dövlət katibi Entoni Blinken də çıxışında Nümayəndələr Palatasının müstəqil qanunverici orqan olduğunu açıqladı və onun üzvlərinin fərdi səfərlər etmək hüququna malik olduğunu bildirdi. Pelosinin hazırlayacağı qətnaməyə gəldikdə isə bunun Azərbaycana fəsadları ola bilər. Çünki o ABŞ qanunvericiliyinə görə, 3-cü vacib orqanın nümayəndəsidir. Ancaq bu qiyabi fəsadlardır”.
Yeganə Hacıyeva əlavə edib ki, Rusiya son 30 ildə hər zaman Ermənistanın yanında olub və onun müdafiəçisi qismində çıxış edib. İran isə Ermənistanın dostu və ən böyük ticarət partnyorudur: “Amma Pelosinin səfəri Ermənistanın həm Rusiya, həm də İranla münasibətlərini korladı. O, mətbuat konfransı zamanı arxasındakı tabloya diqqət çəkərək “burada qədim Ermənistan var onlar farslarla döyüşürlər” fikirlərini səsləndirdi. Yəni Pelosi birbaşa İranı nəzərdə tutdu. Bu fikirlər Ermənistan İran münasibətlərinə zərbə vuracaq. Onsuzda Pelosinin səfəri heç nəyi dəyişməyəcək və Paşinyan sülh müqaviləsini imzalayacaq. Çünki üçtərəfli Bəyanatı özünün yox, Ermənistan dövlətinin adından imzalayıb. Yəni Paşinyanın başına hansı hadisənin gəlməyindən asılı olmayaraq dövlətin rəhbərliyinə keçən şəxs həmin öhdəliyi yerinə yetirəcək. Amma düşünürəm ki, bu şəxs elə paşinyanın özü olacaq. O, sülhə imza ataraq kommunikasıyaların açılmasına razılaşacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az