Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ: Sizi işdən azad etmək istəsələr…backend

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ: Sizi işdən azad etmək istəsələr...

Azərbaycanda pensiya yaşına az qalan şəxslərin işdən azad edilməsinin qadağan olunması ilə bağlı məsələ gündəmə gələ bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, beynəlxalq təcrübədə bu istiqamətdə müxtəlif yanaşmalar mövcuddur və məsələ bir neçə aspektdən qiymətləndirilməlidir.

Rəşad Həsənov

“Əvvəlcə “pensiya yaşına az qalan şəxs” anlayışı dəqiq müəyyən edilməlidir. Həmçinin həmin şəxslərin hansı hallarda işdən çıxarılmasının məhdudlaşdırılacağı da aydın şəkildə müəyyən olunmalıdır”, – deyə ekspert vurğulayıb.

Rəşad Həsənovun sözlərinə görə, belə bir qadağanın birmənalı şəkildə tətbiqi düzgün olmazdı:

“Təcrübə göstərir ki, biznes hüququnun daha liberal olduğu, iqtisadi inkişafın azad bazar prinsiplərinə əsaslandığı ölkələrdə sərt tənzimləyici qaydalar tətbiq edilmir. Orada daha yumşaq mexanizmlər mövcuddur. Bu, həm işəgötürənin seçim azadlığını dəstəkləyir, həm də işçinin məsuliyyətini artırır. Nəticədə işəgötürənlər işçi cəlb etməkdən çəkinmirlər və əmək bazarında aktivlik yüksəlir”.

Ekspert əlavə edib ki, digər tərəfdən, sosial müdafiə baxımından müəyyən addımların atılması da vacibdir:

“Bu istiqamətdə müəyyən sosial qrupların müdafiəsi baxımından məhdudiyyətlərin tətbiqi mümkündür, lakin bu, məhdud çərçivədə və əsasən dövlət sektoruna aid olmalıdır. Çünki dövlət həm də sosial məsuliyyət daşıyır. Özəl sektorda isə daha yumşaq mexanizmlər tətbiq edilməlidir.”

İqtisadçı hesab edir ki, gələcəkdə bu sahədə müəyyən addımların atılması mümkündür və bu, sosial ədalətin təmin olunması baxımından əhəmiyyətli hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*