İran Prezidenti Məsud Pezeşkianın ABŞ lideri Donald Trampı “dünyanı talayan şəxs” adlandırması Tehran-Vaşinqton xəttində gərginliyin yenidən alovlandığını göstərir. Maraqlıdır, İran prezidenti Məsud Pezeşkianın Trampı “dünyanı talayan şəxs” adlandırması İran-ABŞ münasibətlərində hansı gərginliklərin göstəricisidir və bu ritorika iki ölkə arasında diplomatik əlaqələrə necə təsir göstərə bilər?
Mövzunu KONKRET.az-a Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli şərh edib:
Əziz Əlibəyli
“Hazırda İran–Amerika münasibətlərində ciddi bir irəliləyiş müşahidə olunmur. Hər iki tərəf əlaqələri inkişaf etdirmək üçün yeni bir format axtarır. Lakin bu formatın hansı nəticələr verəcəyi hələlik bəlli deyil. Tehran və Vaşinqtondan səslənən mesajlar əsasən qarşılıqlı ittihamlar üzərində qurulub. Bu da gərginliyin səviyyəsini göstərir.
Belə bir şəraitdə Trampın Ərəb ölkələrinə üç günlük səfəri zamanı bir trilyon dollarlıq müqavilə imzalanıb. Ümumilikdə Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla, region ölkələrindən təxminən iki trilyon yarım dollar həcmində investisiya əldə olunub. Bu “dilənçilik” və “resursların talanması” kimi qiymətləndirilir.
Digər tərəfdən, bəzi ərəb ölkələri İranı islam dünyasının sərhədlərini müdafiə edən qüvvə kimi təqdim edirlər. Bu kontekstdə İslam cəmiyyətinə xəyanət edən tərəfin isə məhz bəzi ərəb ölkələri olduğu iddia edilir. İran bu məqamı xüsusi olaraq vurğulayır”.
Müşviq Tofiqoğlu
KONKRET.az