Pezeşkianın Əliyevə zəngi: SEPAH Bakıya qarşı hərəkətləri dayandıracaq?backend

Pezeşkianın Əliyevə zəngi: SEPAH Bakıya qarşı hərəkətləri dayandıracaq?

İran lideri Məsud Pezeşkianın ötən gün Prezident İlham Əliyevə zəngi bir çox baxımdan diqqət çəkdi. Pezeşkian Azərbaycan Prezidentinin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə bağlı Tehranın Bakıdakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını qeyd edərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev isə İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxsin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb. Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini də qeyd edib.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Pezeşkianın İlham Əliyevə zəngi gecikmiş olsa da, müsbət hadisədir:

“Əslində, Azərbaycanın istədiyi də məhz bu idi. Yəni hadisədən dərhal sonra bu zəng baş tutsa idi, gərginlik böyüməz və Bakı narazı qalmazdı. Azərbaycan İranın üzrxahlığını eşitmək və məsələyə dair mövqeyini bilmək istəyirdi. Zəngin gecikməsi isə təbii olaraq gərginliyi artırdı.

Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı heç bir halda regional gərginliyin bir parçası olmaq niyyətində deyil. Xüsusilə qonşu ölkələrlə gərginlik Bakının maraqlarına uyğun gəlmir. Azərbaycan dəfələrlə İran tərəfinə bildirib ki, gərginlik istəmir və ölkəmizin ərazisində heç bir başqa ölkəyə məxsus hərbi baza yoxdur. Bakı Tehrana qarşı hər hansı koalisiyanın tərkibində olmayıb və bu, milli təhlükəsizlik maraqlarına tam uyğundur. Təəssüf ki, İrandakı bəzi qüvvələr bunun tam tərsini iddia edir, ölkəmizi açıq şəkildə ittiham və təhdid edirlər. Bu gün belə SEPAH-a bağlı konkret şəxslər Azərbaycanı təhdid etməkdən çəkinmirlər.

Aydındır ki, Pezeşkianın ciddi səlahiyyətləri yoxdur. Lakin telefon zəngi gözlədiyimiz bir addım idi. Ən azından bu, Bakıda müəyyən qədər mövqeyin sabitliyini təmin edəcək. Təbii ki, İranın bundan sonra atacağı addımlar da diqqətlə izləniləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*