Məşhur sərinləşdirici alkaqollu içki olan pivənin tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək kimyəvi maddələr aşkar edilib.
KONKRET.az xəbər verir ki, ekspertlər tərəfindən aparılan analizlərdə 23 müxtəlif pivə növü yoxlanılıb və onların 95%-ində PFAS (Per- və polifloroalkil maddələr) adlı “əbədi kimyəvi maddə”nin kritik dozaları aşkar edilib.
PFAS maddələri orqanizmdə yığılır və heç vaxt tam olaraq bədəndən çıxmır. Bu maddələr xərçəng xəstəliklərinin, sonsuzluğun inkişafına, böyrək funksiyalarının pozulmasına, həmçinin qalxanvari vəzinin (tiroid) işində ciddi problemlərə səbəb olur. Mütəxəssislər bu maddələrin uzun müddətli təsirinin insan sağlamlığı üçün olduqca təhlükəli olduğunu bildirirlər.
Tədqiqatın nəticələrinə görə, PFAS maddəsi pivəyə istehsal prosesi zamanı daxil olur. Bu, bir çox pivə zavodlarının xərclərə qənaət məqsədilə bu təhlükəli kimyəvi maddələri sudan və digər xammallardan təmizləyən xüsusi filtrləri quraşdırmaması ilə bağlıdır. Nəticədə, istehlakçılar sağlamlıqlarını ciddi riskə ataraq təhlükəli maddələrlə zəngin pivə istehlak edirlər.
Qeyd edək ki, PFAS maddələri “əbədi kimyəvi maddə” adlandırılır, çünki təbiətdə çox uzun müddət qalıb, ətraf mühitə və canlılara zərər verir. Bu maddələr su mənbələrinə, torpağa və qida zəncirlərinə daxil olaraq insan sağlamlığı üçün gizli və ciddi təhlükə mənbəyidir.
Müşviq Tofiqoğlu
KONKRET.az