PKK terror təşkilatı özünü buraxdığını elan edib. Qeyd edək ki, PKK Öcalanın çağırışına əsasən mayın 5-7-də qurultay iclasını keçirdiyini açıqlamışdı. Onların bu addımı birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Bəs görəsən, PKK-nın bu qərarına inanmaq olarmı? Onlar silahı yerə qoyaraq Türkiyə dövləti ilə kompramisə gedəcəklər, yoxsa bu, PKK-nın növbəti hiyləsi kimi tarixdə qalacaq?
Mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:
“Çoxları düşünürdü ki, Öcalanın dedikləri ciddi qəbul olunmayacaq. Çünki o, uzun müddətdir həbsdədir və artıq liderliyini itirib. Amma buna baxmayaraq PKK qurultay keçirdi və özünü buraxdığını elan etdi. Buna ciddi yanaşmaq düzgün deyil. Çünki müəyyən şübhələr var. Tarix boyu PKK silahlı mübarizədən çəkindiyini bəyan etsə də, sonradan bir neçə terror aktları törədib. Buna görə də, Türkiyənin özündə belə onlarfın silahı yerə qoyacaqları ilə bağlı əsaslı şübhələr mövcuddur.”
Ekspret bildirib ki, PKK-nin bu addımı atmasına gəlincə, onların diqqəti yayındırması və qüvvə toplayıb sonradan hücuma keçmək üçün belə bəyanat verməsi mümkündür: “Yaxud da Öcalanın hazırki vəziyyətini yaxşılaşdırmaq və Türkiyə ilə danışıqlar aparmaq, eləcə də kompramis əldə etmək istəyi ola bilər. Nəzərə almaq lazımdır ki, PKK bir çox Avropa və dünya ölkələrində terror təşkilatı kimi tanınır. Bu səbəbdən də onların maliyyə kanalları kəsilib. Bu da səbəblərdən biri ola bilər. Ancaq PKK-dan başqa terror qrupları var ki, Suriya və İraqda fəaliyyət göstərir. Onların bu çağırışa qoşularaq Türkiyəyə qarşı fəaliyyətlərini dayandıracaqlarına inanmıram. Bu səbəbdən də mövcud bəyanatı PKK-nın manevri kimi dəyərləndirirəm. Əgər addımlarında ciddidirlərsə, o zaman bunu əməli şəkildə sübuta yetirməlidirlər”.
Müşviq Tofiqoğlu
KONKRET.az