Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdibackend

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik edib. Təbrik çıxışında dövlət başçısı bildirib:

– Əziz həmvətənlər.

2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.

2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır.

Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır.

Bu il Bakıda Dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir, 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət vermişlər. Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə təqdim etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım – bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır.

2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə – 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır.

Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.

Şəffaflıq baxımından bu il çox uğurlu il olmuşdur. Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, – əminəm, bu meyil gələn il də müşahidə olunacaq, – biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək.

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikilmişdir. Bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır.

Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi. Dördüncü layihə – TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü – həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik.

Bu il turizm sahəsində rekord il olmuşdur. Bizim apardığımız siyasət, ölkəmizin inkişafı, ölkəmizdə hökm sürən təhlükəsizlik, əmin-amanlıq, Azərbaycanda keçirdiyimiz böyük mötəbər tədbirlərin nəticəsində bu il tarixdə ilk dəfə olaraq 3 milyondan artıq turist Azərbaycana səfər etmişdir.

Bu il 10 milyonuncu vətəndaş dünyaya gəldi. Bu da böyük tarixi hadisədir. Müstəqillik dövründə bizim əhalimiz 3 milyondan çox artmışdır. Bu, bizim həm gücümüzü, həm də məsuliyyətimizi artırır. Çünki artan əhali böyük üstünlükdür, eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır. Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir, yeni iş yerləri yaradılmalıdır. Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il dünyaya gələn gözəl Mehriban balamız bizim hamımızı sevindirdi. Allah onu xoşbəxt eləsin, Allah bütün uşaqlarımızı xoşbəxt eləsin, Allah bütün balalarımızı qorusun.

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən fürsətdən istifadə edərək, dünyada yaşayan bütün azərbaycanlılara öz səmimi salamlarımı çatdırıram. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb.

Əziz həmvətənlər, mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*