Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİbackend

Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİ

Fevral ayının 7-də baş tutacaq növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Artıq prezidentliyə namizədlər təbliğat kampaniyasına start veriblər.

Prezident İlham Əliyevin bu seçkilərdə qalib gələcəyi həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən ehtimal edilir. Bu baxımdan, 7 ferval seçkilərində sürpriz nəticənin ortaya çıxmayacağı bəllidir. Bununla belə, indi seçkilərlə bağlı əksəriyyəti maraqlandıran əsas sual İlham Əliyevdən sonra ən çox səs toplayacaq namizədin kimliyidir.

KONKRET.az siyasətçilərə və partiya sədrlərinə “Prezident seçkilərində ikinciliyi hansı namizəd qazana bilər” sualını ünvanlayıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin deputatı Siyavuş Novruzov suala cavab olaraq bildirib ki, bu, seçicilərin seçimindən asılıdır və öncədən hansısa proqnozu vermək asan deyil:

“Heç kəs 2-ci və ya 3-cü yerləri kimlərin tutacağını müəyyənləşdirə bilməz. Ona görə də öncədən hansısa proqnozu vermək çətindir. Namizədlərin hər biri ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəal iştirak edən şəxslərdir. Onlar arasında fərq qoymaq doğru olmazdı. Bir daha deyirəm ki, mən İlham Əliyevə səs verəcəyəm. Eyni zamanda, cənab Prezidentin nümayəndəsi, seçki qərargahının üzvüyəm. Biz komanda olaraq öz işimizlə məşğuluq. Hansı namizədin 2-ci və ya 3-cü yeri tutacağını isə seçicilər müəyyənləşdirəcəklər”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə sualı belə cavablandırıb:

“Aydın məsələdir ki, hər kəs səs verəcəyi namizədi birinci görmək istəyir. Ümumiyyətlə isə bu seçkilərdə ikinci, ya da yeddinci olmağın elə bir əhəmiyyəti yoxdur. Odur ki, icazənizlə mən bu məsələyə şərh verməyim”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun da fikirlərini öyrəndik:

“Mənə elə gəlir ki, ikinci yeri tutmağa Zahid Orucun daha çox şansı var. Yerdə qalanların elə bir əhəmiyyətli reytinqi və elektoratı yoxdur. Zahid Oruc həm parlamentdə fəaldır, həm də Sosioloji Tədqiqatlar Mərkəzində kifayət qədər iş görüb. Eyni zamanda, gündəmdə qalmağı bacaran, eləcə də müəyyən ideya generatoru funksiyasını yerinə yetirən siyasətçidir. Bununla belə düşünürəm ki, 1-ci yerlə 2-ci  arasında səs fərqi kifayət qədər böyük olacaq”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev namizədlərin hər birinə xüsusi hörmətinin olduğunu deyib:

“Amma digər namizədlər məndən inciməsin. Onların heç biri cənab Prezidentin reytinqinin qarşısında duruş gətirə bilməyəcəklər. Mən İlham Əliyevi tərifləyəndə müəyyən adamlar narahat olurlar. Onlara deyirəm ki, narahat olmasınlar, qardaşım İlham Əliyev yenidən seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq ölkə prezidenti seçiləcək. O ki qaldı sizin sualınıza, böyük ehtimalla ikinci yeri Zahid Oruc tutacaq”.

Xatırladaq ki, qarşıdan gələn prezident seçkilərində aşağıdakı 7 namizəd mübarizə aparacaq:

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*