Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. 28 May – Azərbaycanın Müstəqillik Günü tarixində Xocalıya qayıdış,dövlət başçısının da qeyd etdiyi kimi, təsadüfi deyil.
“Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində – mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur”, – deyə Prezident İlham Əliyev sakinlərlə söhbət əsnasında bildirib.
KONKRET.az xəbər verir ki, Türkiyə mediasında Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevanın mayın 28-də Xocalı şəhərinə birgə səfəri və köçən sakinlərlə görüşünə geniş yer verilib.
Türkiyənin nüfuzlu Milliyet.com.tr xəbər saytı dövlət başçısının Xocalı səfərinə “Əliyev Xocalıya səfər etdi! “Azərbaycan bir daha belə acı yaşamayacaq”” sərlövhəli məqalə həsr edib.
Məqalədə “Azərbaycanın erməni işğalından azad etdiyi Xocalı şəhərinə səfər edən Azərbaycan prezidenti İlham Əliyev “Ermənistan Xocalıda törətdiyi vəhşiliyi qəbul edib, bizdən üzr istəməlidir” deyib”, – fikirlərinə xüsusi yer verilib.
Qardaş ölkənin digər xəbər portalı Star.com.tr də Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevanın Xocalı səfərinə həssaslıqla yanaşıb.
Saytın dərc etdiyi məqalə “Əliyevdən XƏBƏRDARLIQ! Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var”, – sərlövhəsi ilə bu səfərin əhəmiyyətini və mahiyyətini əks etdirməyə çalışıb.
“Ermənilərin qətliam törətdiyi Xocalıya azərbaycanlı ailələr köçürülməyə başlayıb”, – başlıqlı yazı ilə Prezident İlham Əliyevin Xocalı səfərinə diqqət ayıran nüfuzlu Anadolu Ajansı Azərbaycanın 30 illik işğalından sonra azad etdiyi, 1-ci Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin kütləvi soyqırımı törətdiyi Xocalıda 20 ailənin məskunlaşmasına dair məlumatlarla zəngin yazı dərc edib.
Məqalə “Prezident İlham Əliyevin “böyük qayıdış” adlandırdığı Ermənistanın işğalından azad edilmiş rayonlarda ailələrin məskunlaşdırılmasıprosesi davam edir”, – fikirləri ilə başlayıb.
Yeni Şafak da dövlət başçısının Xocalı səfərinə həssaslıq nümayiş etdirib. Nüfuzlu xəbər portalının bu tarixi hadisəyə həsr etdiyi məqalə “Ermənilərin soyqırımı törətdiyi Xocalıya qayıdış: Azərbaycan ailələri köçürülməyə başlandı” , – sərlövhəsi ilə diqqət çəkir.
Məqalədə “Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Xocalıda dövlət tərəfindən tikilən ilk yaşayış kompleksinin açılışında iştirak edib, şəhərə ilk köçən sakinlərlə görüşüblər”, – fikirləri xüsusilə qeyd edilib.
Sözcü saytı da ötən gün – 28 Mayda Xocalıda gerçəkləşən tarixi anlara xüsusi diqqət ayırıb.
“Azərbaycanlı ailələr Xocalıda məskunlaşmağa başladı”, – başlıqlı məqalədə ana xətt kimi yenə də “Azərbaycanın 30 illik işğaldan sonra azad etdiyi, 1-ci Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin kütləvi qırğın (soyqırım) törətdiyi Xocalıda 20 ailə məskunlaşıb”, – fikirləri əsas götürülüb.
Türkiyənin TRHABER portalı da Prezident İlham Əliyevin Xocalı səfərini geniş işıqlandırıb.
Dərc edilən məqalə “İşğaldan azad edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri qayıdır”, – başlığı ilə diqqətləri üzərinə çəkib.
Yazıda “Azərbaycanda ən dəhşətli soyqırımlardan birinin baş verdiyi Xocalıda 30 illik erməni işğalından sonra geri dönüş başlayıb. Azərbaycan prezidenti İlham Əliyev “böyük qayıdış” adı altında erməni işğalından azad edilmiş rayonlarda ailələrin köçürülməsi layihəsinin təşəbbüskarı olub. Bu layihə çərçivəsində 20 ailə Xocalıya qayıdıb”, – fikirləri məqalənin ana xəttini təşkil edib.
Yirmidort.tv də “Əliyevdən XƏBƏRDARLIQ! Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var” sərlövhəli başlıqla Ermənistan tərəfindən revanşist qüvvələrin eskalasiya riskini artıracaq addımlarına dövlət başçımızın Xocalıdan barmaq silkələməsinə xüsusi diqqət ayırıb.
Yazıda qeyd edilir ki, “Xocalı sakinlərini öz ata-baba yurdlarına qayıtmaları münasibətilə təbrik edən Əliyev bildirdi ki, qayıdışın Azərbaycanın müstəqilliyinin 106-cı ildönümündə baş verməsinin də rəmzi mənası var”.
Nüfuzlu Haberler.com dövlət başçısının Xocalıya tarixi səfəri ilə bağlı dərc etdiyi geniş məqalə “Azərbaycan prezidenti Xocalıda Ermənistana xəbərdarlıq edib”, – başlığı ilə oxuculara təqdim edilib.
Məşhur xəbər portalı Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə çıxışı zamanı “Azərbaycan prezidenti İlham Əliyev Xocalıya səfər edərək bildirib ki, Ermənistan törətdiyi zülmü etiraf etməli və üzr istəməlidir”, – fikirlərinə xüsusi yer ayırıb.