Prezidentin yeni sərəncamına əsasən hərbçilərin maaşları necə hesablanacaq? – Polkovniklə MÜSAHİBƏbackend

Prezidentin yeni sərəncamına əsasən hərbçilərin maaşları necə hesablanacaq? - Polkovniklə MÜSAHİBƏ

Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.

Məsələ ilə bağlı KONKRET.az hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovla söhbətləşib.

-Prezidentin bugünkü məlum sərəncamı ilə bağlı nə deyə bilərsiniz?

–  Bildiyimiz kimi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması daim Ali Baş Komandanın diqqət mərkəzindədir. Bu sərəncam da möhtərəm prezidentin hərbi qulluqçulara göstərdiyi qayğının bir nümunəsidir və inanırıq ki, sonuncu olmayacaq. Bu cür tədbirlər hərbçilərin ruh yüksəkliyini artırmaqla yanaşı, ailələlərinin yaşam şəraitini yaxşılaşdırır. Sosial mediada işğal altında olan torpaqlarda ağır şəraitidə xidmət edən hərbi qulluqçularin maaşları və digər təminatları ilə bağlı söz-söhbət ara-sıra gündəmə gətirilirdi. Müharibə bitdikdən sonra dəyişən durumla əlaqədar yeni əmsallar və yanaşmalar ortaya çıxdı. Bu yanaşmalar hərbi qulluqçuların maaşlarının yeni qaydalarla hesablanması zərurətini ortaya çıxardı. Təbii ki, islahatların aparılması vaxt tələb edirdi. Yeni hesablama qaydaları hazır olana qədər aradan keçən müddət haqsız dedi-qodulara səbəb olmuşdu. Cənab Prezident bu sərəncamı imzalamaqla bir daha sübut etdi ki, dövlətin qayğısı, diqqəti məhz həmin işğaldan azad olunmuş ərazilərdə və hələlik çətin şəraitdə xidmət edən hərbi qulluqçuların üzərindədir.

-Bu sərəncam əvvəllər xidmət göstərmiş və hal-hazırda təqaüddə olan hərbi qulluqçulara da şamil edilirmi?

-Xeyr, şamil edilmir, çünki sərəncam hal-hazırda və yalnız işğaldan azad olunmuş ərazilərdə yerləşdirilən hərbi hissələrdə xidmət edən zabit və gizir heyətini əhatə edir.

-Cənab polkovnik, yanvar ayında döyüş bölgəsində xidmət göstərən hərbi qulluqçuların maaşlarının azaldılması ilə bağlı narazılıqlar yaranmışdı. Bu sərəncam yanvar ayındakı azaldılmanın əvəzidirmi?

-Bilirsiniz, normativ aktlar var və maaş da hesablananda onlara əsasən hesablanır. Yəni əvvəl cəbhə bölgəsi, təmas xətti var idi, orada xidmət edənlərin maaşları da məhz həmin normativ aktlara uyğun hesablanırdı. İndi isə döyüş bölgəsi, təmas xətti yoxdur, dövlət sərhədlərimizi bərpa edirik. Artıq başqa normativlər, əmsallar ortaya çıxdı, yanaşmalar dəyişdi. O zaman çalışdılar ki, maaşları eyni formada saxlasınlar. Məsələnin sosial müzakirəyə çıxarılması hesablama ilə bağlı oldu, yəni müharibənin neçə gün və ya neçə ay davam edəcəyini heç kim bilmirdi. Zəfər qazandıqdan sonra yeni normativ aktlar ,yeni yanaşmalar zərurəti yaratdı və ötən dövr ərzində islahatların aparılması labüd oldu. Məlum sərəncam yeni şəraitə uyğun islahatların nəticəsidir.

-Sərəncama əsasən maaşların artırılma dərəcəsi rütbəyə görə fərqli olacaq?

-Xeyr, bu, maaşa aid olan artımdır, sırf xidmət yeri ilə əlaqədardır.

– Yaxın gələcəkdə yeni sərəncamların olması gözlənilirmi?

-Bu proses daimi prosesdir, daim yenilənir, digər təkliflər də var, onların da həyata keçirilməsi gözlənilir. İnanırıq ki, Ali Baş komandan yenə hərbçiləri sevindirməkdə davam edəcəkdir.

Söhbətləşdi: Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*