Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi – YENİLƏNİBbackend

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

KONKRET.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi rəsmi səfər çərçivəsində qəbul etmək imkanından olduqca məmnunam. Biz dəfələrlə, həm Bakıda, həm Tiranada görüşmüşük. İndi isə yenidən Bakıda rəsmi səfər zamanı görüşürük.

Biz Albaniya Prezidentinin rəsmi səfərinə çox böyük önəm veririk. Əminəm ki, səfər ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri gücləndirəcək. Mən, həmçinin bu fürsətdən istifadə edərək, ötən il Albaniyaya səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin qeyd etmək istəyirəm ki, ötən il Albaniyanın Baş nazirini iki dəfə qəbul etdik və bu ilin martında Prezident Azərbaycana işçi səfərə gəlmişdi. Təkcə bu səfərlər əlaqələrimizin nə qədər sıx, dialoqumuzun nə dərəcədə fəal olduğunu nümayiş etdirir.

Biz dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrimizdə çox xüsusi dinamika yaratmışıq. Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi.

Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq.

Bu gün biz, əlbəttə, ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik. Mən bir daha vurğuladım ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və həmçinin münasibətlərimizdə yeni səhifə açılacaq. Bu vaxta qədər əməkdaşlığımızın əsas meyarı enerji sektoruna aid olub. Həmin əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir.

Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımzda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq. Həmçinin biz infrastrukturumuzu Albaniyadan qonşu ölkələrə necə genişləndirəcəyimizi də müzakirə etdik.

Bizim indi Tiranada səfirliyimizin olması məni çox sevindirir. Bu, həmçinin mənim Albaniyaya səfərim zamanı qəbul edilmiş qərar idi və Bakıya qayıdan kimi növbəti gün qərar qəbul edilmişdir. Tiranadakı səfirliyimiz artıq öz fəaliyyətinə başlayıb. Bu, ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün çox güclü qarşılıqlı siyası iradənin mövcud olduğunu göstərir və tərəfimizdən qəbul edilən qərarların hamısı icra olunur.

Əminəm ki, cənab Prezidentin bugünkü səfərinə də eyni məsələni şamil etmək olar. Biz müntəzəm görüşlərin keçirilməsi barədə razılığa gəldik. Hər bir görüşdə biz hansı işlərin görüldüyünə nəzər salacağıq və gələcək addımlarımızı planşadıracağıq.

Bir daha, cənab Prezident, xoş gəlmisiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm.

X X X

Sonra Albaniya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Bayram Beqayın

bəyanatı

-Təşəkkür edirəm, hörmətli Prezident.

Möhtərəm Prezident Əliyev, səmimi qarşılamaya və qonaqpərvəliynizə görə təşəkkür edirəm. Azərbaycanda olmaq və bir daha dostum Prezident Əliyevlə görüşmək məndə böyük məmnunluq hissi doğurur. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunur. Hesab edirəm ki, bu əlaqələrdən fərəhlənmək üçün bizim bir çox səbəbimiz var. Bu əlaqələr bu gün həmişəkindən daha yaxşı səviyyədədir. Buna görə bu əlaqələri daha da gücləndirmək üçün zəruri töhfə verdiyi üçün Prezident Əliyevə minnətdarlığımı bildirirəm. Ötən il Prezident Əliyev Tirananı ziyarət etdi və bu, Azərbaycan Prezidentinin Albaniyaya ilk səfəri idi.

Mən məmnunam ki, səfərin təsiri dərhal öz əksini tapdı. Çox çəkmədi və Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı analoji qərar qəbul etdi. Hər iki qərar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, artıq mükəmməl olan əlaqələri, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri daha da təşviq edəcək.

Bizim dostluğumuzun 30 illiyini qeyd etmək üçün bir çox səbəblərimiz var. Mən iki ölkənin yaxınlaşması istiqamətində atılmış bəzi başqa uğurlu addımları Prezidentin diqqətinə çatdırdım. Mayda Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati əhəmiyyət kəsb edən digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Bu səbəbdən, bu işçi qrupunun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür. Bundan əlavə, bu ilin ilk ayında mənim təcrübələrin, ölkələrimizin və planetin gələcəyinə dair qabaqcıl baxışların mübadiləsi baxımından digər mühüm təşəbbüs olan Qlobal Bakı Forumunda iştirak etmək imkanım oldu. Prezident Heydər Əliyevin 100 illiyində Azərbaycanın inkişafı və gücləndirilməsinə dair müstəsna baxışı ölkənizə səfər edən hər kəs tərəfindən hiss olunur. Onun Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq və ölkənizin gələcək inkişafına xidmət edəcək.

Möhtərəm Prezident Əliyev, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qaz paylayıcı kimi roluna daha çox töhfə verəcək. Mən Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq şəraitində ölkənin qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezidentin Əliyevin bir daha diqqətinə çatdırdım.

Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır və bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini gücləndirəcəkdir.

Bir az əvvəl biz, həmçinin xarici siyasətimizə dair vacib məsələlərə toxunduq. Mən Prezidentə bildirdim ki, ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşləri diqqətlə izləyirdim. Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəkləyib və dəstəkləyəcəkdir. Prezident Əliyevə dedim ki, Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır. Münaqişə əvəzinə firavanlıq – bu, ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır. Bu nə qədər tez baş versə, bizim xalqlarımız ondan bəhrələnəcək.

Biz Prezident Əliyevlə birlikdə Ukraynadakı müharibəni müzakirə etdik. Ukraynanın bərpasına həsr edilmiş konfransda ölkələrimizin iştirakı Ukraynanı dinc və inkişaf etmiş görməyimizlə bağlı iradəmizin göstəricisidir. Bu məqamda biz bir daha Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik. Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir. 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya olan dəstəyi də həmin qəbildəndir. Mən Prezident Əliyevə həmin çətin günlərdə yanımızda olduğuna görə bir daha təşəkkürümü bildirdim. Əsl dost dar gündə tanınar.

Albaniya və Azərbaycan arasında əməkdaşlıq həm də beynəlxalq təşkilatlar çərçivəsində özünü əks etdirir. Mən Prezident Əliyevə əminliyimi ifadə etdim ki, əməkdaşlığın hazırkı çox yaxşı tempi gələcəkdə də saxlanılacaq. Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyət həftəsi bayram ab-havasında keçəcəkdir. Bu isə mədəniyyətin xalqları və ölkələri nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaqdır.

Turizmə gəldikdə, ölkələrimiz bu sahəni prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab edir. Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir. Təşəkkür edirəm, cənab Prezident.

Hörmətli əziz Prezident, Sizin Tiranaya səfərinizdən sonra ölkələrimiz qarşılıqlı xoş niyyət və əməkdaşlıq ruhunda vədlər və sadiqlik ifadələrini konkret fəaliyyətə çevirməyə müvəffəq olub. Sizin səfəriniz, mənim bugünkü səfərim və son dövrdə yüksək səviyyəli dövlət rəsmilərimizin həyata keçirdikləri digər səfərlər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə müsbət təkan verir.

Cənab Prezident, yekunda icazə verin yüksək qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirim. Bakıda olmaq həqiqətən də məmnunedicidir. Sağ olun.

***

12:57

İyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Albaniya Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

KOKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*