Putin dünyaya MESAJ VERDİ: “Güclü liderəm, ona görə də mənimlə…”backend

Putin dünyaya MESAJ VERDİ: "Güclü liderəm, ona görə də mənimlə..."

Rusiya Prezidenti Vladimir Putinin doğum günü təkcə şəxsi hadisə kimi deyil, həm də onun siyasi kursunun və beynəlxalq arenadakı məqsədlərinin bir növ göstəricisi kimi dəyərləndirilir. Hər il bu tarixdə səsləndirilən mesajlar və verilən siyasi siqnallar Kreml rəhbərinin gələcək planları, xüsusilə də regionda atacağı addımlar barədə müəyyən ipucları verir. Bəs bu dəfə Putinin doğum günü hansı siyasi mesajları özündə ehtiva edir və onun strateji məqsədləri hansı istiqamətdə formalaşır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Putin tamamilə siyasi düşüncəli liderdir və onun uzunmüddətli planları dəyişməz olaraq qalır:

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… |  KONKRET

“Putin elə bir liderdir ki, neçə doğum günü, neçə yubiley keçirməsindən asılı olmayaraq, onun strateji hədəfləri sabitdir. O, keçmiş Rusiya imperiyasının ərazilərini bərpa etmək niyyətini heç vaxt gizlətməyib. Əsas məqsədlərindən biri keçmiş Sovetlər İttifaqını yenidən formalaşdırmaqdır, baxmayaraq ki, buna nail olması faktiki mümkün deyil.”

Abbaslının sözlərinə görə, Putinin regiondakı siyasəti də məhz bu istiqamətə yönəlib:

“Regionda onun əsas hədəfi sovet imperiyasının sərhədlərini bərpa etməkdir. Qlobal miqyasda isə əsas məqsədi Rusiyanı dünyanın hakim dövlətlərindən birinə çevirməkdir. Putin hesab edir ki, onun ölkəsi supergücdür və dünya bu reallıqla barışmalıdır.”

Siyasi şərhçi əlavə edib ki, Putin hakimiyyətdə olduğu illər ərzində bu məqsədlərinə çatmaq üçün ardıcıl və sərt addımlar atıb:

“Gürcüstan ərazilərinin bir hissəsini ilhaq etməsi, 2014-cü ildə Krımın və Ukraynanın bəzi bölgələrinin ələ keçirilməsi, eləcə də hazırda Ukraynada apardığı müharibə onun hədəflərindən geri çəkilmədiyini göstərir. Putini güclü saxlayan da məhz bu hədəflərinə doğru apardığı qətiyyətli mübarizədir.”

Cavanşir Abbaslının fikrincə, Putin beynəlxalq səviyyədə ABŞ və Çin kimi güclərlə rəqabət aparmağa çalışsa da, iqtisadi baxımdan bu yarışda üstünlük qazanmaq çətindir. Bununla belə, o, Rusiyanın təsir dairəsini genişləndirmək üçün bütün siyasi və hərbi vasitələrdən istifadə edir.

“Putin dünyaya mesaj verir ki, Rusiya yenidən güclü imperiya dövlətidir və onunla hesablaşmaq lazımdır,” – deyə siyasi şərhçi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*