“Türkiyənin Ukrayna ilə Rusiya arasında etdiyi kimi, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına da vasitəçi olaraq daxil olması mümkündür”.
Bu sözləri Azərbaycan və Cənubi Qafqaz üzrə türkiyəli siyasi ekspert Mehmet Gökhan KONKRET.az-a müsahibəsində deyib.

Ekspertlə geniş müsahibəni təqdim edirik:
– Mehmet bəy, ermənilər son günlərdə Xankəndidə yalandan “humanitar böhran” olduğunu iddia edir və həddini aşaraq Fransadan yardım istəyirlər. Lakin Azərbaycanın göndərdiyi 40 ton un yardımını qəbul etmirlər. Bunun özü belə onların özlərini ifşa etdiyini göstərir. Ümumiyyətlə, siz bu baş verənləri necə dəyərləndirirsiniz?
– Ermənilər “humanitar böhran” yalanını uzun müddətdir bəhanə edirlər. Həmçinin, Ermənistan Azərbaycan tərəfindən guya Laçın dəhlizinin bağlandığını iddia edərək, Xankəndidəki ermənilərin “qida böhranı” yaşadığını deyərək rəsmi Bakını ittiham edir. Xankəndidə “humanitar böhran”ın yaşandığı iddialarından sonra Azərbaycan tərəfindən bölgəyə 40 ton un yardımı göndərildi. Azərbaycan humanitar yardımın Ağdam-Xankəndi yolu üzərindən göndərmək istəsə də, Ermənistan tərəfi yardımı qəbul etmədi. Rəsmi İrəvan guya Laçın dəhlizinin bağlandığını, Xankəndidə “qida böhranı”nın yaşandığını və oradakı ermənilərin “aclığa məhkum” olduğunu iddia edərək siyasi təbliğat aparmağa davam edir. Hətta bir qrup separatçı tərəfindən Ağdam-Xankəndi yolu bağlanaraq, “Türkün çörəyini yemirik” şüarları belə səsləndirilib. Maraqlıdır ki, türkün çörəyini yemədiklərini deyirlər, amma illərdir türkün torpaqlarında haqq iddia edirlər. Bütün bunlar Ermənistanın apardığı qara təbliğatdır və bölgədə gərginliyi artıraraq Azərbaycanın ərazi bütövlüyünə hücum etmək məqsədi güdür.
– Bəs Fransanın proseslərə və regiona daxilolma səylərindəki əsl məqsədi nədir?
– Fransa uzun illərdir Azərbaycana qarşı təxribatlarına davam edir. Rəsmi Paris illərdir işğalçı Ermənistana qarşı simpatiya duyur və Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasətini də artıq gizlətmir. Bir neçə gün əvvəl Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycanın Qarabağ siyasətini haqsız yerə tənqid etmişdi. Fransa hökuməti indi də Qarabağda “humanitar böhran” yaşandığını iddia edərək bölgədə siyasi kriz çıxarmağa çalışır. Onların ermənilərə yardım adı altında bölgəyə göndərdiyi TIR-ların üzərində “Artsax xalqı” yazılması da Azərbaycanın ərazi bütövlüyünə qarşı hücumdur.
Əslində Fransa Ermənistandan istifadə edir. Düşünürəm ki, rəsmi Paris Afrikadakı siyasi varlığına müdaxilə edən Rusiyaya qarşı Cənubi Qafqazda kriz yaratmağa çalışır. Yəni Fransa Rusiyanın Afrika ölkələrindəki həmlələrinə qarşı yeni həmlələr edərək bölgədə gərginliyi artırmağa davam edir.
– Maraqlıdır, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına Türkiyənin də daxilolma ehtimalı var?
– Azərbaycan Qarabağda uzun illər davam edən işğalı şanlı bir zəfərlə sonlandıraraq, BMT qətnamələrini özü icra etdi. Türkiyə isə bir millət, iki dövlət şüarına uyğun olaraq hər zaman Azərbaycanın yanında yer alaraq, onu dəstəkləyir. Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, humanitar yardımlar, minaların təmizlənməsi, dəmiryolu xətləri və quru yollarının yenidən bərpası mövzularında müzakirələr aparılsa da, ortaq bir məxrəcə gəlmək mümkün olmayıb. Həmçinin, tərəflər arasında sülh müqaviləsinin imzalanması ilə bağlı dialoqlar Türkiyə tərəfindən də dəstəklənib və dəstəklənməyə davam edəcəyi açıqlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədəki vəziyyətin normallaşması üçün ancaq dialoq və yaxşı niyyət lazım olduğunu ifadə edib. Ərdoğan həmçinin, Azərbaycanın haqlı narahatlıqlarının diqqətə alınmasının vacibliyini və qardaş ölkənin suveren haqlarına hörmət edilməsinin lazım olduğunu dəfələrlə vurğulayıb. Həmçinin, 2022-ci ildə Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə toplantısında Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşərək, bölgədə mehriban qonşuluq münasibətləri nəticəsində tərəflər arasındakı münasibətlərin tamamilə normallaşmasının mümkün olacağını qeyd edib. Düşünürəm ki, bütün bunların fonunda Türkiyənin Ukrayna ilə Rusiya arasında etdiyi kimi, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına da vasitəçi olaraq daxil olması mümkündür.
– Bildiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Rusiya Prezidenti Vladimir Putin barəsində həbs qərarı verilib. Mövcud vəziyyətdə Putinin Roma Statutuna daxil olan 123 ölkəyə gedəcəyi təqdirdə həbsolunma ehtimalı nə qədər realdır?
– Məncə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bu ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin haqqında verilən həbs qərarı icra oluna bilməz. Onsuz da Kreml tərəfindən bunun həmən ardından “Bu qərar bizim üçün yox hökmündədir və Rusiya həmin məhkəməyə bağlı deyil” açıqlaması verildi. Ümumiyyətlə, bu qərar Qərb və ABŞ tərəfindən qəbul edilən siyasi qərardır. Yəni bu, müstəqil məhkəmələrin verdiyi bir qərar deyil.
Qərb bloku və ABŞ Fransanın Ermənistandan istifadə etdiyi kimi, Ukraynadan da istifadə edir. Onlar bölgədə sülh istəmirlər və müharibənin davam etməsi üçün Rusiyanı sıxışdıraraq, regionda qeyri-sabitlik yaradırlar. Həmçinin, bu qərar sadəcə kağız üzərindədir və sadəcə Vladimir Putinə təzyiq göstərmək üçün verilib. Əslində bir tərəfdən belə qərar verilərkən, digər tərəfdən də Avropa ölkələrinin liderləri Putinlə “Taxıl sazişi” probleminin həll olunması üçün müzakirə masasına oturmağa çalışırlar. Bir daha deyirəm ki, bu, siyasi bir qərardır və icra oluna bilməz.
– Putin uzun müddətdir Türkiyəyə gəlmir. Avqustda gözlənilən ziyarət də baş tutmadı. Türkiyə Roma Statutuna daxil olan ölkələrdən biri olmasa da, NATO üzvüdür. Yəni Ankaraya sözügedən ziyarətin reallaşmama səbəbinin həbs qərarı ilə bir əlaqəsi var? Konkret olaraq, Putin nə üçün Türkiyəyə gəlmədi?
– Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Türkiyəyə gələcəyi açıqlansa da, daha sonra ləğv olundu. Bu səfərinin ləğv olunmasının səbəbi Putin haqqında verilən həbs qərarından daha çox, Rusiyada çevrilişə cəhd və sui-qəsd iddialarının olmasıdır. Həmçinin, son zamanlarda Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik də buna təsir etdi. “Azov” batalyonunun komandirlərinin Ukraynaya təhvil verilməsi, Türkiyənin Qarabağ məsələsi ilə bağlı Rusiya siyasəti və Qara dənizdə Türkiyənin taxıl gəmisinə edilən hücumlar da bu səfərin ləğv olmasına öz təsirini göstərdi.
Ümumiyyətlə, Rusiya prezidentinin Türkiyəyə səfər etməməsi, Ərdoğanla Putin arasındakı görüşlərin azalmasının ən önəmli səbəbi də məhz ukraynalı komandirlərin ölkələrinə təhvil verilməsidir. Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin və son zamanlarda yaranan ittifaqın pozulmaması üçün Vladimir Putin-Rəcəb Tayyib Ərdoğan görüşü olduqca önəmlidir, habelə bu görüşdə mühüm addımlar atılacaq.
Elmir Kamal,
KONKRET.az