Rusiya Prezidenti Vladimir Putin Qara Dəniz boyunca uzanan “Türk Axını” və “Mavi Axın” boru kəmərlərinə qarşı mümkün təxribat planları ilə bağlı açıqlama verib.
Bildirib ki, bəzi qüvvələr diplomatik həll və sülh prosesini pozmağa çalışırlar:
“Onlar nəyisə təhrik etmək və danışıqlarda əldə olunan nəticələri pozmaq üçün əllərindən gələni edirlər”.
KONKRET.az bildirir ki, məsələ ilə bağlı nocomment.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Rusiya Prezidenti bu sözləri həm Ukrayna, həm də Avropaya mesaj olaraq ünvanlayır:
“Rəsmi Moskva danışıqların sülh ilə nəticələnməməsində Ukraynanı ittiham edir. Avropanı isə Kiyevə dəstək vermək və müharibəni uzatmaqda günahlandırır. Bayden administrasiyası dövründə ABŞ də bu məsələdə ittiham olunurdu, lakin indiki vəziyyət fərqlidir. Lakin Amerika lideri Donald Trampın Moskva ilə daha konstruktiv münasibəti Kremlin mövqeyinin dəyişməsində mühüm rol oynayıb.
Rusiya həmçinin Türkiyəyə mesaj verir. Yəni Moskva hesab edir ki, Türkiyə Ukrayna ilə əlaqələrinə və silah satışlarına diqqət yetirməli, potensial riskləri nəzərdən keçirməlidir. Açıq şəkildə Türkiyəyə nə isə deyilmir, lakin hazırda Ankara tərəfindən Ukraynaya silah tədarükü Moskvanı narahat edir və Rusiya bu yolla balans yaratmağa çalışır.
Avropa İttifaqı daxilində də fikir ayrılıqları görünür. Məsələn, Macarıstan açıq şəkildə Ukraynaya dair məsələlərdə veto tətbiq edir və müharibənin tezliklə bitməsini istəyir. Beləcə, Rusiya öz təsir imkanlarından istifadə edərək, istədiyi sülh variantına razı salmağa çalışır.
“Ukrayna Prezidenti Volodimir Zelenski isə təminat tələb edir.
Əslində, Kiyev əvvəlki mövqeyindən geri çəkilib; əvvəllər ərazi güzəştlərinə qarşı çıxırdısa, indi situasiya dəyişib”, – deyə politoloq əlavə edib.
