Rusiya Vaşinqton bəyannaməsinə görə Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edib. Məsələ regionda yeni geosiyasi gərginliklər fonunda diqqət mərkəzinə çevrilib.
Maraqlıdır, Rusiya tərəfinin Paşinyana xəbərdarlığı regiondakı güc balansına necə təsir göstərə bilər?
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, Moskvanın fəallaşması paralel şəkildə İran prezidenti Məsud Pezeşkianın İrəvana səfəri ilə üst-üstə düşür:
Əziz Əlibəyli
“Burada açıq şəkildə prosesin istiqaməti görünür. Mümkün Ukrayna razılaşması Rusiyanın Qafqazda da sürətli addımlar atmasına şərait yarada bilər. Bunun üçün ilk növbədə Rusiya Ukrayna cəbhəsindən salamat çıxmalıdır. Moskva ona görə tələsir ki, əks halda Ermənistanı itirə bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycan prezidenti və Türkiyə rəhbərliyinin son səfərləri, eləcə də Türküstan istiqamətində atılan addımlar yeni bir geosiyasi proyeksiyadan xəbər verir:
“Əgər Rusiya bu mərhələdə geciksə, Xəzər və Aralıq dənizini birləşdirəcək möhtəşəm dəhlizi itirmək riski ilə üzləşəcək. Ona görə də Moskva indi Ermənistanı zəiflikdə günahlandıraraq onun öz sərhədlərini qoruya bilməməsi üzərindən hüquqi baza formalaşdırır. Bu isə Rusiyanın atacağı mümkün addımlar üçün zəmin hazırlayır”.
Müşviq Tofiqoğlu
KONKRET.az