Qarabağ klanının “kitabı” bağlandı – Paşinyanı iqtidarda Bakı saxlayır?backend

Qarabağ klanının “kitabı” bağlandı - Paşinyanı iqtidarda Bakı saxlayır?

Sərkisyanın daldan atdığı “daşlar”; erməni mediası Xocalı hərbi canisini “yaş yuyub quru sərdi”; ərazilərimizdən işğalçıların meyitləri yığılarkən Ermənistandakı siyasi meyitlər dirilməyə çalışır…

Kapitulyasiya acısını yaşayan Ermənistanda müxalifətin hakimiyyəti zorla ələ keçirmək cəhdləri davam edir. Fevralin 20-nə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti, iddialara görə, 10 noyabrdan sonra ən güclü etiraz aksiyası təyin olunub. Lakin müşahidəçilərə görə, bu cəhd də uğursuzluğa məhkumdur. Ona görə ki, yoxsul erməni xalqını hazırda hakimiyyətdə kimin olmasından qat-qat çox çörək, dolanışıq, qazanc yeri maraqlandırır.

Mövcud durumda Qarabağ klanı da təzədən “xortlamaq” istəyir. Söhbət bu klanın odioz simaları, siyasi revanş hissi ilə alışıb-yanan sabiq prezidentlər – Xocali hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyandan gedir. Az öncə Köçəryan böyük siyasətə qayıtdığını elan eləmiş, seçkilər olacağı təqdirdə partiyasının (hansı ki, hələ mövcud deyil) qalib gələcəyi barədə iddialı bəyanat səsləndirmişdi.

Bugünlərdə Serj Sərkisyan da analoji fikirlər söyləyib. Verdiyi son geniş müsahibədə “mən heç vaxt böyük siyasətdən getməmişəm, son 30 ildə böyük siyasətdə olmuşam” deyən Serjik özünü təmizə çıxarmağa, erməni xalqının gözündə reabilitasiya olunmağa çalışıb. Təbii ki, “bacarıqsız” Paşinyan hökumətini öz aləmində “yıxıb-sürüməyin” fonunda. Baş naziri gözdən salmaq üçün Sərkisyan onu hətta guya Azərbaycan Prezidenti ilə erməni maraqları əleyhinə hansısa gizli sövdələşmədə suçlayıb.

Hələ harasıdır, Xocalı canisi 1 mart 2008-ci ildə öz xalqını qanına qəltan eləməklə (10 nümayişçi öldürülmüşdü) hakimiyyəti zəbt edən S.Sərkisyan deyib ki, 44 günlük müharibədə kapitulyasiya edən nə erməni ordusu olub, nə də erməni xalqı, uduzan Paşinyan və komandası olub. “Prezident İlham Əliyev erməni ordusuna, erməni xalqına qalib gəlməyib” – Serj Sərkisyan sərsəmləyib. Yəqin Azərbaycan Ordusunun cəmi ay yarımda məhv elədiyi 8 min işğalçı əsgər və zabit, ordudan fərarilik edən 10 min hərbçi yadplanetlilər imiş!..

*****

Xatırladaq ki, Azərbaycanın Ali Baş Komandanı dəfələrlə bildirib ki, biz məhz Köçəryan-Sərkisyan işğalçı ordusuna qalib gəlmişik, çünki həmin ordu məhz onların dövründə yaradılıb, Paşinyan 1-2 ilə ordu qura bilməzdi. Bu gerçəyi həzm edə bilməyən Sərkisyan isə utanıb-qızarmadan, həyasızcasına onu da iddia edib ki, guya “10 il ərzindəki danışıqlarda, həmçinin 2016-cı ilin aprel müharibəsi zamanı Azərbaycan qalib gəldiyi üçün İlham Əliyevdə müəyyən kompleks yaranıb”.

Amma onun ağ yalanını elə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxarıb: “Sərkisyan aprel müharibəsinin dayandırılmasının səbəbi barədə yalan danışır. Əslində müharibə məhz onun xahişi ilə dayandırılıb. O, Rusiya vasitəsilə Azərbaycan Prezidentinə vəd verib ki, işğal altındakı rayonların boşaldılmasına dair qrafiki təsdiq edəcək. Aprel müharibəsi erməni tərəfinin vədlərindən sonra dayandırıldı. Vədlərin 2016-cı ilin yayında yerinə yetirilməsinə dair müəyyən qrafik də nəzərdə tutulurdu. Lakin həmin ilin yayında ”Sasna tsrer” qiyamı baş verdi və Serj Sərkisyan bundan istifadə edərək vədlərin icrasını 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətin tranzitinə (ölkənin baş nazir idarəçiliyinə keçid – red.) qədər uzatdı. Bu adam çoxsaylı vədlər verərək Ermənistanın üzərinə belə yük qoydu”.

*****

“Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsus ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, 5 rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim”.

 

Bu sözləri İlham Əliyev fevralın 14-də Laçının Güləbird kəndində etdiyi çıxışı zamanı deyib. Diqqətçəkicidir ki, Azərbaycan Prezidentinin bu sözlərini Ermənistanda anti-Paşinyan güruhu, ilk növbədə də 2018-ci ilin yazında devrilmiş xunta rejiminə bağlı olanlar dərhal öz bildikləri kimi, kontekstdən çıxararaq yozmağa başlayıb. Guya o vaxt Paşinyan Sərkisyan hakimiyyətini devirməsəydi, az sonra “dqr” nəinki müstəqillik qazanacaq, üstəlik, Laçın və Kəlbəcər də Ermənistana qalacaqmış.

Daha soruşan yoxdur ki, Azərbaycan, onun hakimiyyəti nə vaxt buna razılıq verdi ki, belə eyforik iddialara da əsas olsun? İkinci yandan, 20 il hakimiyyətdə olan Qarabağ klanı – cinayətkar Köçəryan-Sərkisyan rejimi nədən buna nail ola bilmədi? Ona görə ki, ortada Bakının prinsipiallığı və siyasi qətiyyəti var idi: konflikt ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Azərbaycan öz ərazilərinin alver predmeti olmasına getməyəcək!” Başqa sözlə, Bakı “sülh əvəzinə torpaq” prinsipinin üzərində durdu, İrəvanın “torpaq əvəzinə torpaq” avantürasına getmədi…

*****

Bu xüsusda Aremenianreport.com-da Tevos Arşakyanın müəllifi olduğu məqalə diqqət çəkir. Ermənistandakı real ictimai-siyasi ovqatı daha yaxşı dərk eləmək, Qarabağdan  işğalçıların meyitləri yığılarkən Ermənistandakı siyasi meyitlərin dirilməyə can atmasının gerçək səbəbini bilmək üçün “Yeni Müsavat” onu ixtisarla təqdim edir:

“Əgər 2018-ci ilin yazında Paşinyanın əvəzinə başqa birisi tərəfindən xalq Sərkisyanı devirməyə yönəldilsəydi, o da uğur qazanacaqdı. Çünki o zaman ölkədəki vəziyyət və xalqın özü inqilab üçün yetişmişdi.

Məcburi istefasından sonra uzun müddət inadkar bir susqunluq saxlayan Serj Azatoviç son zamanlar cəsarətə gəlib və siyasi reabilitasiya arzusunu nümayiş etdirir. İstefasından sonrakı 2 ildə o başa düşürdü ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansı yoxdur – xalq hələ onun hakimiyyət dövrünü unutmayıb, Paşinyanın isə o yan-bu yana vurnuxmasına və populizminə baxmayaraq, şəxsi reytinqi Ermənistan daxilində olduqca yüksək idi. Son parlament seçkilərində Sərkisyanın partiyası heç 5%-lik baryeri aşıb Milli Məclisə düşə bilmədi.

Ancaq sonra müharibə oldu, Ermənistanda çətin anlar başladı, Paşinyanın reytinqi kəskin endi. Və elə bu andan da bütün dəlmə-deşiklərdən siyasi meyitlər çıxmağa başladı. Ancaq Sərkisyanın siyasi reabilitasiya şansı dostu Robert Köçəryandan da azdır. Əgər hətta onların reytinqlərini toplasaq, Nikol Vovaeviçin indiki reytinqinə çatmaz. Bunun da bir izahı var: xalqımız hələ öz yaddaşını itirməyib. Hətta kapitulyasiyadan sonra da Paşinyanla Köçəryan-Sarkisyan klikası arasında seçim etməli olsa, əksəriyyət yenə birincini üstün tutacaq.

Sərkisyan müharibə haqda, Paşinyanın daha əlverişli şərtlərlə münaqişənin siyasi yolla həlli üçün əldən verdiyi fürsətlər haqqında çox şey söyləyib. Bağışlayın, ölkədə 10 il hakimiyyətdə olan siz deyildiniz ki? Niyə münaqişəni bizim üçün əlverişli şərtlərlə həll etmədiniz? Onun müsahibəsindəki bütün cəfəngiyyat da buna yönəlib – bulanıq suda balıq tutmaq. Və bizim xalq da bunu bilməlidir və unutmamalıdır ki, 2018-ci ilin yazında rüsvayçı şəkildə qovduğumuz adamlar hakimiyyətə can atırlar…”

*****

Göründüyü kimi, Qarabağ klanının “kitabı” həmişəlik bağlanıb. N.Paşinyanı da iqtidarda Bakı yox, ən əvvəl erməni xalqının özü saxlayır. Sözsüz, “kitabı” bağlayan həm də Azərbaycan Ordusudur. Yəni Nikol Paşinyan könüllü və ya zorla hakimiyyətdən getsə belə, nəticə Qarabağ klanı üçün dəyişməyəcək…/musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*