Qarabağa hansı ölkənin sülhməramlıları gəlir?backend

Qarabağa hansı ölkənin sülhməramlıları gəlir?

Bu gün bir çox ölkələrin, xüsusilə də Rusiya ictimai fikrini ən çox məşğul edən məhz bu sualdır. Necə deyərlər, “Keçi can hayında, qəssab piy axtarır”. Bizim haqqlarımız, hüquqlarımız türklər demiş heç kimin umrunda deyil. Özlərini demokratiyanın beşiyi, ədalətin tərəzisi sayan istər Qərb, istərsə də digər dövlətlər nəinki bizim, heç ermənilərin də düşdüyü durumu nəzərə almır, öz maraqları üçün min türlü oyundan çıxırlar. Əslində Qarabağ probleminin həllinin 30 il uzanmasının başlıca səbəbi də məhz bu tip məsələlərdir. Yəni problem həll olunacağı təqdirdə uzaq-yaxın xarici dövlətlər Azərbaycanın ərazi bütövlüyünü deyil, bu prosesdən nə qədər mənfəət əldə edəcəklərini düşünürlər. Məsələn, sualın ən böyüyü budur: Hansı ölkənin sülhməramlıları Qarabağda yer alacaq. Çünki sülhməramlı adı ilə Qarabağa gələn istənilən ölkənin ordusu artıq regionda güc deməkdir, təsir mexanizmi deməkdir. Və yaxud işğaldan azad olunan ərazilərinin bərpasında hansı dövlətlərin “Exzimbank”ları və şirkətləri iştirak edəcək? Digər bir məqam. İşğaldan azad olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri ölkəmiz tərəfindən hansı dövlətlərin şirkətləri ilə birgə istismar edəcək? Və ilaxır və sair…

El arasında belə bir söz var: “Gözəllik çox vaxt qadına xoşbəxtlik yox, bədbəxtçilik gətirir”. Azərbaycanın karbohidrogen və digər təbii sərvətləri zaman-zaman böyüklü-kiçikli çox dövlətlərə göz dağı olub. Bu sərvətlərdən daha çox və daha rahat pay almaq üçün ABŞ, Rusiya və Qərb dövlətləri hər zaman Azərbaycana siyasi təzyiqlər ediblər. Həmin təzyiqlərin ən böyüyü isə 30 illik Qarabağ düyünüdür. Bir daha deyirəm: Qarabağ probleminin bu qədər uzun sürməsinin tək səbəbi Azərbaycanın təbii sərvətləri və əlverişli coğrafi mövqeyidir. Vəssəlam!!!

Amma türklər demiş nə mutlu bizə ki, kiçik dövlətimizin hər zaman müdrik siyasəti olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Azərbaycanın  xarici siyasətinin qayəsi ABŞ, Qərb və Rusiyanın ölkəmiz üzərində toqquşan maraqlarını əvvəlcə neytrallaşdırmaq, daha sonra isə bu dövlətləri öz tərəfimizə çəkmək olub. Çox çətin və ağrılı olan bu proses nə az, nə çox düz 25 il vaxt apardı. Bu gün müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünün əsas dayaqları da məhz böyük dövlətlərin bizim haqq mübarizəmizə loyal (ədalətli yox, haaa) münasibətidir. Milli maraqlarımıza xidmət edən bu yanaşmanın memarı isə məhz  İlham Əliyev müdrikliyi, İlham Əliyev zəkasıdır.

Qayıdaq yenə yazımızın əvvəlinə. Bu gün ABŞ, Rusiya və Qərb dövlətlərinin gündəmini zəbt edən mövzulardan biri də Qarabağ probleminin mərhələli həllində hansı ölkənin və yaxud ölkələrin sülhməramlılarının prosesə qoşulmasıdır. Məsələn, Rusiya siyasətçilərinin bu günlər  ən çox müzakirə etdiyi iki məsələdən biri sülhməramlı məsələsidir. Baxmayaraq ki, Respublika Prezidenti bu günlərdə TASS İnformasiya Agentliyinə verdiyi müsahibədə bu suala aydın və konkret şəkildə cavab verdi. Ölkə başçısı bildirdi ki, “ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi münaqişənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən belədir. Ona görə ki, haraya baxsaq, hər yerdə sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər…” Vəssəlam!!

Baxmayarq ki, hər bir rusun başa düşəcəyi dildə (çünki, müsahibə rus dilində idi) deyilən bu fikirlər çoxlarına çatmır və yaxud qane etmir. Çünki hər bir dövlət, xüsusilə də Rusiya Azərbaycanın siyasi hakimiyyətindən onun adını çəkməsini istəyir. Azərbaycan siyasi hakimiyyəti isə hər zamankı kimi balanslı və müdrik siyasət yeridir. Hər şeyi zamanın axarına buraxır. Yəni hansı dövlət Azərbaycanın haqq işinə daha çox can yandırır və onu müdafiə edirsə, sülhməramlılıq missiyası da o dövlətin payına düşəcək. Məncə Azərbaycan gündəmini az-çox izləyən istənilən siyasətçi bu tapmacanın cavabını çox gözəl bilir. Elə deyilmi?!….

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*