Son günlər sosial şəbəkələrdə “9990” və “7770” kimi qısa nömrələrdən gələn zənglərin təhlükəli olması, zəngi açan kimi telefonun ələ keçirilməsi və bank kartlarındakı vəsaitlərin oğurlanması ilə bağlı müxtəlif iddialar yayılıb.
Maraqlıdır, “9990” və “7770” kimi qısa nömrələrdən gələn zəngin təhlükəli olması barədə yayılan məlumatlar düzgündürmü?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev açıqlama verib.

Rəşad Zeyvəliyev
Ekspert bildirib ki, yayılan məlumatlar tamamilə əsassızdır. Onun sözlərinə görə, adi telefon zəngi ilə heç bir cihazı ələ keçirmək mümkün deyil:
“Zəngi qəbul etmək mobil telefonun təhlükəsizlik sisteminə müdaxilə etmək imkanı vermir. Bu, texniki cəhətdən mümkün deyil”.
Zeyvəliyev əlavə edib ki, bank kartı məlumatlarının oğurlanması yalnız istifadəçinin özü məlumat paylaşdığı halda baş verə bilər:
“Məlumatı demədikcə, yazmadıqca heç kim kartınıza müdaxilə edə bilməz”.
Mütəxəssisin sözlərinə görə, real təhlükə yalnız sosial mühəndislik yolu ilə mümkündür. Yəni vətəndaş aldadılaraq kod, parol, PIN, CVV və digər həssas məlumatları qarşı tərəfə təqdim etdiyi halda risk yaranır.
Ekspert vətəndaşlara bir daha heç vaxt heç kimə bank məlumatı paylaşmamağı tövsiyə edib.
Nəticə olaraq, sadəcə zəngi açmaqla nə telefonun ələ keçirilməsi, nə də kart məlumatlarının oğurlanması mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
