Qonşusunu bıçaqlayan yeniyetməyə hökm oxundubackend

Qonşusunu bıçaqlayan yeniyetməyə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nadim Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravda.az-a istinadla bildirir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.

İstintaq materiallarına əsasən, hadisə ötən il Qusar rayonunun Yasab kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan yetkinlik yaşına çatmayan Nadim Səfərov həmkəndlisi, 1997-ci il təvəllüdlü, zərərçəkmiş Davud Həşimovla sonuncunun avtomobilində olarkən aralarında şəxsi münasibətlər zəminində sözlü mübahisə yaranıb. Mübahisəyə səbəb kimi zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsi göstərilir.

İttihama görə, yaranmış münaqişə zamanı təqsirləndirilən şəxs əvvəlcədən evdən götürdüyü cib bıçağı ilə Davudun sinə nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə döş sümüyünü kəsərək döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara xəsarəti yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

Nadim Səfərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə baxışı zamanı yetkinlik yaşına çatmayan Nadim Səfərov qanuni nümayəndəsinin iştirakı ilə sərbəst ifadə verərək elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, Davudla qonşu olduqlarını, aralarında əvvəllər ciddi düşmənçilik olmadığını, lakin müəyyən xoşagəlməz mübahisələrin baş verdiyini qeyd edib. Bildirib ki, hadisə günü kənd sakinlərindən zərərçəkmiş şəxsin onun və ailəsinin ünvanına nalayiq sözlər işlətdiyini eşidib və məsələni aydınlaşdırmaq üçün onunla görüşmək qərarına gəlib.

Nadimin sözlərinə görə, Davudla avtomobildə söhbət zamanı aralarında mübahisə yaranıb. Mübahisə gərginləşdikdən sonra üzərində olan bıçaqdan istifadə edib və bir dəfə zərbə vurub. Təqsirləndirilən şəxs söyləyib ki, hadisədən sonra özü DİN-in 102 xidmətinə zəng edərək yerini polis əməkdaşlarına bildirib. O, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı aradan qaldırdığını da məhkəmənin diqqətinə çatdırıb.

Təqsirləndirilən şəxs həmçinin məhkəmədən törətdiyi əmələ görə peşmançılıq hissi keçirdiyini, Davudla barışığını və vurulmuş ziyanın ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*