Ağdaş rayonunun Kükəl kəndində qudaların qoşulub qaçması xəbəri ötən həftənin ən gündəm xəbəri olub.
Yazılanlara görə rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1978-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıb.
KONKRET.AZ xəbər verir ki, Rizvar Əliyev ATV-də yayımlanan “Bizimləsən” verilişinə gəlib və baş verənlərə aydınlıq gətirib.
O, bildirib ki, bilərəkdən Yaqut Ömərovaya sevgi mesajı yazıb.
“Məlumatlar yayıldı ki, biz bir-birimizə qoşulub qaçmışıq. Yanında 18 yaşlı oğlu olan qadını necə qaçırtmaq olar? Bu ağ yalandır.
Bu yalanlar 45 ildə qazandığım hər şeyi əlimdən aldı. İllərlə qardaş, dost, bacı dediyim şəxslər yanımda olmadı.
Hamı məndən üz döndərdi. Onlar özlərində haqlı idilər. Lakin mən əzəldən istəyirdim ki, bu pozulsun. Səbəbi bu idi ki, onların ailəsində ər-arvad deyib gülmürdülər. Həmişə küsülü olublar.
Sentyabrın 2-də Yaqut haqqında müxtəlif söz-söhbətlər yayıldı. Nə qədər doğru, nə qədər yalan olduğunu bilmirəm. Qızıma dedik ki, bu ailə məsləhət deyil.
Qızımın ürəyinə gücüm çatmırdı. Ona görə bu adımı atdım. Qadına sevgi məktubu yazdım və mənə müsbət cavab yazdı”, – deyə Rizvan Əliyev bildirib.
R.Əliyevin arvadı Aida xanım verilişə telefon vasitəsilə qoşulub və ərini bağışlamayacağını bildirib.
“Mən Rizvanı heç vaxt bağışlamayacağam. Çünki o mənim qurduğum gözəl ailəmi dağıtdı. Ölsəm də, torpağım onu bağışlamayacaq”, – deyə Aida bildirib.
Rizvan Əliyev bildirib ki, ortalıqda heç nə olmayıb.
Baku.ws