“Qurtarın bu oyunbazlığı… bu komediyanı yığışdırın…” – Əgər Heydər Əliyev qayıtmasaydı…backend

"Qurtarın bu oyunbazlığı... bu komediyanı yığışdırın..." - Əgər Heydər Əliyev qayıtmasaydı...

Bu gün milli qurtuluş günüdür… 1993-cü ilin məhz bu günündə yenicə qazandığımız dövlət müstəqilliyimiz beşiyindəcə boğulmaq təhlükəsindən qurtuldu…15 iyunda Azərbaycan xalqı vətəndaş müharibəsindən qurtuldu… Bu gün  Azərbaycan bir dövlət kimi dünya siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu… Bu qurtuluşun ideya müəllifi Heydər Əliyev şəxsiyyəti, memarı isə Heydər Əliyev-Xalq birliyi idi. 27 illik zaman fasiləsindən sonra o illəri, o günləri xatırladıqca itirə biləcəyimiz daha çox şeylər gəlir göz önünə.

Çünki AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycan dövləti və Azərbaycan milləti deqredasiyaya uğradı, bir çox milli dəyərlərini itirdi. Və çox təəssüf ki, cəmi 12 ay ərzində itirdiklərimizin bir çoxunu ötən 27 ildə  geri qaytara, bərpa edə bilməmişik…

Belə bir aforizm var:  İnqilabı dahilər fikirləşir, fanatiklər həyata keçirir, fırıldaqçılar isə ondan bəhrələnir… Bu aspektdən yanaşanda da görünür ki, 1992-ci ilin 14 mayında da Azərbaycanda hakimiyyət məhz fırıldaqçıların əlinə keçmişdi…

Bu fikrimə yəqin ki, etiraz edənlər olacaq. Ona görə də həmin etirazçılara cavab və fikrimin məntiqi təsdiqi üçün tarixə müraciət etmək istəyirəm. Çünki proletariatın dahi rəhbəri Lenin deyirdi ki, “faktlar yaman tərs şeydir”.

O vaxt hakimiyyətdə təmsil olunan ən iri çaplı məmurlar belə mənim fikrimi söyləyirdilər. Məsələn, 1993-cü ilin may ayının 25-də prezident aparatında hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən müşavirədə prezident Əbülfəz Əliyev deyirdi:…”Respublikada rüşvətxorluq baş alıb gedir…Talan gedir… Gömrük dağılır, xarici iqtisadi əlaqələr dağılır…Respublika o günə gətirilib çıxarılıb ki, xalq cəbhəsinə “…” cəbhəsi deyirlər”….

Sabiq prezidentin çıxışından bir neçə gün sonra baş nazir Pənah Hüseynov etiraf etdi ki, ölkədə “bezpridel”dir. Elə həmin ərəfədə Ali Məhkəmənin o vaxtki sədri Tahir Kərimli Milli Məclisdəki o məşhur çıxışında bağıra-bağıra deyirdi: “Mən Əbülfəz bəy sizdən də, İsa bəy, sizdən də şübhələnirəm… Qurtarın bu oyunbazlığı… bu komediyanı yığışdırın… AXC-nin platformasından çıxdınız… Prezidentin platformasından çıxdınız… Ölkədə rüşfətxorluq, yerlibazlıq baş alıb gedir…”Əziz oxucu, bu çıxışlar məhz 15 iyun ərəfəsində edilirdi. Bu da onu göstərirdi ki, artıq Azərbaycanda çox ciddi hakimiyyət böhranı var. Ölkə iqtisadi və siyasi həyatı iflasa uğrayırdı. Bir tərəfdən Ermənistan addım-addım torpaqlarımızı işğal edir, digər tərəfdən ölkə beynəlxalq aləmdən təcrid edilir. Heç bir qonşu dövlətlə iqtisadi-siyasi əlaqələr qalmayıb.

Ölkədə separatizm meyilləri güclənir, siyasi müxalifət azmış kimi bir-neçə hərbi müxalifət respublikada at oynadır. Gəncədə isə vətəndaş müharibəsi başlayıb… Bəli, 15 iyun ərəfəsində Azərbaycanın siyasi, iqtisadi və sosial mənzərəsi məhz bu qədər qorxunc və arzuolunmaz idi. Azərbaycan xalqı isə ümidini və gözlərini Naxçıvana dikmişdi. Çünki normal təfəkkürə malik hər bir azərbaycanlı bilirdi ki, dövləti və milləti bu faciəli vəziyyətdən yalnız Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası qurtara bilər. Amma AXC-Müsavat iqtidarı zamanında nəinki, Heydər Əliyevin zəngin dövlətçilik və idarəçilik təcrübəsindən bəhrələnmək istəyirdi, əksinə xalqın bu dahi oğlunun fiziki məhvinə çalışırdı. Sabiq daxili işlər naziri İskəndər Həmidovun və digər hakimiyyət təmsilçilərinin o vaxtlar Heydər Əliyev şəxsiyyətinə qarşı sərgilədiyi davranış çoxlarının yadındadır… Lakin “Sən saydığını say, gör fələk nə sayır…”, – deyib müdriklərimiz. Sonda bu dil qəhrəmanları ən azı özlərinin fiziki möcudluqları üçün Naxçıvana elçi dalınca elçi göndərdilər. Xalqın təkidli tələbi, AXC-Müsavat hakimiyyətinin yalvarışları və ən nəhayət,  Heydər Əliyevin dövlətə və millətə sarsılmaz sevgisi sayəsində dahi öndər iyunun 9-da Bakıya döndü. Və heç bir terrordan, təzyiqdən qorxmayaraq sonralar aforizmə çevriləcək belə bir fikir söylədi: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”.

Heydər Əliyev dühasının böyük siyasətə qayıdışını Azərbaycan xalqı nə qədər sevinclə qarşılasa da, AXC-Müsavat cütlüyü buna o qədər də sevinmədi. Əksinə hər vasitə ilə Heydər Əliyev şəxsiyyətinin dövlətçiliyimizin xilası yolunda atdığı qətiyyətli addımlara əngəl olmağa çalışdılar. İyunun 15-də Heydər Əliyev yekdilliklə Milli Məclisin sədri seçildi. Məhz həmin gün tarıma çəkilmiş əsəblərə sərin su səpildi. Müstəqilliyimizin məhv olmaq təhlükəsindən qurtulduğuna bütün xalq əmin oldu. Bəs AXC-Müsavat cütlüyü neylədi? Təbii ki, öz çirkin xislətlərini bir daha xalqa göstərdi. İyunun 17-də prezident Əbülfəz Əliyev heç kimə heç nə demədən Kələkiyə getdi. Və ordan verdiyi bəyanatları ilə düşmən dəyirmanına bir az da su tökdü. 1998-ci ildə Əbülfəz Əliyev Bakıya dönəndən sonra Azadlıq qəzetinin redaksiyasında ilk dəfə mətbuat konfransı keçirirdi. O vaxt bu tədbirdə mənim Əbülfəz bəyə ünvanladığım “Siz Azərbaycan gəmisini batan zaman kapitan kimi onu xilas etmək əvəzinə fərarilik edib qaçdınız. Bu günsə heç nə olmamış kimi geri döndünüz. Qorxmursunuz ki, xalq sizə gülə? – sualıma  bəyin verdiyi “orijinal” “Təbii şeydir, gülən də olacaq, ağlayan da. Burda nə var ki?!” cavabı uzun illər acı təbəssümlə xatırlandı. Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisin o vaxt  keçirilən iclaslarında AXC-Müsavat nümayəndələri hər vasitə ilə ara qarışdırmağa, səngiməkdə olan gərginliyi yenidən qızışdırmağa çalışırdılar. Və həmin iclasların birində Heydər Əliyevin dediyi “Sən nə istəyirsən Tofiq Qasımov?” fikri bu günümüzədək el arasında aforizm kimi işlənir.

Bir il Milli Məclisin sədri olan, özünü Çörçilə oxşadan və hakimiyyətdə əsas söz sahibi kimi təqdim edən İsa Qəmbərin bitib-tükənməyən iddialarından qurtuluş günü idi 15 iyun.

Bu o İsa Qəmbər idi ki, AXC hakimiyyətə gələndən cəmi bir ay sonra Müsavat partiyasının bərpa mərkəzini yaratdı. Və bununla da prezidentlik iddiasını  və “müəllimim” dediyi Əbülfəz Əliyevlə uzun yol gedə bilməyəcəyi fikrini ortaya qoydu. Bu o İsa Qəmbərdir ki, öz mənfur fikrini başqalarının vasitəsi ilə reallaşdırmağı xoşlayıb hər zaman. Onun Arif Hacıyevə, Pənah Hüseynova və digərlərinə təsir imkanarı bu gün də qalmaqdadır. 1993-cü ilin iyun hadisələrində Gəncəyə qoşun yeridilməsinin qatı tərəfdarlarından biri məhz İsa  bəy olmuşdu. O zaman da bu fikrini “nayivnıy” Pənah bəyin vasitəsi ilə etmişdi. Sonra da vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevin Bakıya dəvət edilməsinə qarşı olmuşdu. Daha sonra Heydər Əliyevlə hakimiyyətin bölüşməsi zərurəti yarananda öz rəqiblərini – Əli Kərimlini və Pənah Hüseynovu güdaza vermişdi…

15 iyun həm də Pənah Hüseynov kimi qeyri-adi baş nazirdən qurtuluş günü idi. O Pənah bəydən ki, bir il oturduğu kreslonun nə mahiyyətini başa düşdü, nə məsuliyyətini. Təyinatının ilk günü işlətdiyi “Ayə, tay denən işimiz var dənə…” ifadəsi düz 28 ildir ki, acı təbəssümlə yad edilir. 15 iyun Əli Kərimli kimi siyasi diletant və siyasi marionetkadan qurtuluş günü idi.

27 yaşında dövlət katibi kreslosuna sahib çıxan Əli bəyin birillik fəaliyyəti dövründə Azərbaycan cəmiyyətinə verdiyi “töhfə” yalnız vəzifəsinin dondurması ideyası oldu…

15 iyun həm də riyaziyyatçı müdafiə naziri Rəhim Qazıyevin yerə-göyə sığmayan iddialarından, daxili İşlər naziri İskəndər Həmidovun ərköyünlüklərindən xilas günü idi. Amma 15 iyunda ən çox qazanan sırasında nə yazıq ki, yenə bu adamların adı var. Çünki öz hərbi birləşmələri ilə Ələtə qədər gələn Surət Hüseynov Elçibəy komandasına istefaya getmək üçün 3 gün vaxt vermişdi. Əks təqdirdə Bakıya gələcəyini və Əbülfəz Əliyevi, İsa Qəmbəri, Pənah Hüseynovu, Əli Kərimlini və daha neçə-neçə məmuru Azadlıq meydanında quracağı dar ağacından asacağını söyləmişdi. Məhz Heydər Əliyev siyasəti bu adamların boğazını Surət bəyin quracağı dar ağacından qurtardı. 1993-cü ilin iyun ayının 21-də Milli Məclisin iclasında İsa Qəmbərin yalvarışla Heydər Əliyevə söylədiyi “Heydər bəy, biz sizin siyasi və dövlətçilik təcrübənizə çox inanırıq. Ümid edirik ki, tezliklə ölkəmizi bu vəziyyətdən qurtaracaqsınız..” fikirləri o vaxtlar əslində bir təşəkkür mesajı kimi qəbul edildi. Ona görə də bu adamlar ölənə qədər Heydər Əliyevin ruhu qarşısında borcludurlar.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*